“Seçki yunanlara xoşbəxtlik gətirməyəcək” - ŞƏRH

“Seçki yunanlara xoşbəxtlik gətirməyəcək” - ŞƏRH
  06 İyul 2015    Oxunub:2607
“Avropa yunan xalqının seçiminə hörmətlə yanaşmağa məcburdur. Amma, bu seçim Yunanıstana xoşbəxt həyat bəxş etməyəcək”.
Bu fikirləri AzVision.az-a “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu ötən gün Yunanıstanda keçirilən referendumun nəticələrini şərh edərkən deyib.

E. Şahinoğlu bildirib ki, Yunanıstan borclarını qaytarmasa, yaxın gələcəkdə özünə hörmət edən heç bir beynəlxalq bank bu ölkəyə kredit verməyəcək: “Yunanıstana kredit verilməyəcəksə, ölkə iqtisadi problemlərini necə həll edəcək? Digər tərəfdən tələblər var ki, Yunanıstan Avrozonadan çıxmalıdır. Bu hal baş versə, yenidən öz milli pul vahidinə keçməlidir. Bu necə olacaq? Milli pul vahidi avro ilə rəqabətə tab gətirə biləcəkmi? Hətta, Yunanıstan referendumda fərqli cavab versəydi belə, bu da çıxış yolu olmayacaqdı. Çünki, Yunanıstanda vəziyyət o həddə çatıb ki, ölkə borclarının cüzi hissəsini belə qaytara bilmir”.

Politoloq qeyd edib ki, referendumun nəticələrinə görə Aİ-Yunanıstan münasibətləri daha da gərginləşəcək: “Çünki hazırki hökumət öz yolu ilə getmək istəyir. Amma, öz yolu ilə getmək də Yunanıstana fayda gətirməyəcək. Ona görə ki, resursları yoxdur. Turizm sektorundan əldə edilən gəlirlərlə Yunanıstan iqtisadiyyatını dirçəltmək çətin olacaq”.

Politoloq hesab edir ki, artıq Avropa Yunanıstanı bəsləməyəcək: “Bu gün Avropada sual edirlər ki, onların hesabına Yunanıstan niyə yaşamalıdır? Ona görə də heç kim Yunanıstana borc vermək istəmir. Avropa ittifaqı ilə münasibətlərin pozulması fonunda Yunanıstanın Avrozonadan çıxma məsələsi də gündəmə gələ bilər. Mümkündür ki, gələcəkdə Avropa ittifaqı ilə yollar ayrılsın”.

E. Şahinoğlu deyib ki, Yunanıstanda baş verənlərə görə günah bu ölkəni 30 il ərzində idarə edən hökumətlərdədir: “Bu illər ərzində hökumətlər müxtəlif adlar altında kreditlər götürüblər. Normal ölkələr kredit götürəndə tədricən onu qaytarır. Yunanıstan isə borclarını qaytarmadı. Nəticə isə göz qabağındadır. Avropanın günahı isə Yunanıstanın bu hərəkətinin qarşısını vaxtında almamasıdır”.

Politoloq hesab edir ki, Yunanıstanın düşdüyü durumdan çıxış yolu Avropa ilə yola davam etməsidir.

Qeyd edək ki, referendumun nəticələrinə görə, yunanlar kreditorların təkliflərini qəbul etməkdən imtina ediblər. Belə ki, seçkilərin yekun nəticələrə əsasən kreditorların təkliflərinin qəbul olunmasına 61,30 faiz seçici “xeyr”, 38,70 faiz seçici isə “bəli” cavabı verib.

Elvin Abdulqədirov


Teqlər:  





Xəbər lenti