İndiki və əvvəlki gənclik - 30 ilin FƏRQİ

İndiki və əvvəlki gənclik - 30 ilin FƏRQİ
  03 Fevral 2016    Oxunub:15931
Bu gün Azərbaycanda Gənclər Günüdür. Yaşı 14-dən 29-a qədər olan hər kəsin bayramıdır. Gənclərin ölkənin ictimai-siyasi həyatındakı aktivliyi, onların yüksək vəzifələrə cəlb olunması, Azərbaycanın dünya çapında tanınması üçün atılan addımlar bu təbəqənin cəmiyyətdə mühüm yerə malik olmasından xəbər verir.

Zaman keçdikcə, dövr dəyişdikcə gənclərin dünya görüşü, hadisələrə baxışı, geyim tərzi və digər keyfiyyətləri də dəyişir. Əlbəttə, indiki gənclik 20-30 il bundan öncəki dövrün gənc nəslindən xeyli fərqlənir. Həm savadına, həm geyiminə, həm də davranışlarına görə…



Tanınmış şair Aqşin Yeniseyin fikrincə, gəncliyi yaşadığı dövr xarakterizə edir: “Məsələn, qədim Misirdə elə gənclər olub ki, onların taleyinə qul olmaq, piramidalara daş daşımaq düşüb. Bizim ən yaxın tariximizdə gəncliyin “qızıl dövrü” ikinci dəfə müstəqilliyimizi əldə etdiyimiz illərə düşür. Azadlıq eşqi, müharibə romantikası, imperiyaya qarşı inqilabi həmrəylik və s. Bizim dövrün gəncliyi daha çox praqmatik dəyərlərlə yaşayan gənclikdir. 20-25 yaşlı gənclərimiz gəlin üçün alınacaq qır-qızıl qiymətini əlinin içi kimi bilir. Ən böyük ideyası məişət rahatlığı axtarmaq olan indiki gəncliyimizin yaradıcı fəaliyyəti də şəxsi və müvəqqəti ambisiyalara söykənir. Bu hal yəqin ki, köhnə ideyaların tükəndiyi, yeni ideyaların isə hələ yetişməkdə olduğu dövrlər üçün xarakterikdir. Amma nihilizm heç vaxt əbədi ola bilməz”.

Siyasətçi, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Azərbaycanın hazırki gəncliyini ABŞ-ın eks-prezidenti Tomas Cefersonunun məşhur kəlamı ilə xarakterizə edib: “Hər bir nəsil özünə məxsus inqilab yaşamağa məhkumdur. Siz bizim nəsli götürsəniz, biz sovet hökmətinin dağılmağını yaşadıq. Mənim atam İkinci Dünya Müharibəsini, babam Birinci Dünya Müharibəsini yaşayıb. Demək olar ki, bütün nəsillər müharibələri, inqilabları yaşayıb. Tarixdə sübut olunub ki, hər bir nəsil öz inqilabını yaşayır. Və bu inqilabların da xarakteri elə həmin nəslin xarakteri ilə bağlı olur. Yəni ayr-ayrı dövrün gəncliyi eynilik təşkil etmir.

Gələcək nəslin qarşısında duran vəzifə azad cəmiyyətdə azad insanın yaranmasına çalışmaqdır. Bu baxımdan nəsillər qarşısında duran vəzifələr müxtəlif olduğundan biz onları müqayisə edə bilmərik”.



S. Cəlaoğlunun fikrincə, bizə elə gəlir ki, gənclərimiz dünya ilə maraqlanmır, bivec böyüyürlər. Bu, sadəcə gəncliyin səthi qavranmasıdır: “Gənclərin hansı qəhrəmanlıqlar göstərəcəklərini zaman göstərəcək. Bizim aramızda öz dostlarımız var idi ki, biz onları çox qorxaq, qabiliyyətsiz, bacarıqsız, cəmiyyətlə, dövlətlə maraqlanmayan , gələcək haqqında düşünməyən laqeyid bir insan kimi tanıyırdıq. Amma sonra görürük ki, qorxaq hesab etdiyiklərimiz millətin taleyini düşünən, bacarıqlı adamlar imişlər. Bu günki gəncliyin də zahirinə baxıb nəsə deyə bilmərik.

Fərqlilik yalnız moda, stil fərqindədir. Bizim nəsil saçlarını uzun saxlamağa, güllü köynəklər geyinməyə, aksessuarlardan, enli kəmərlərdən istifadə etməyə meyilli idik. Bizim gənclik ayaqları enli şalvarlar, indiki gənclik isə “butulka” şalvarlar geyinir. Oğlanların çoxu sırqa taxır, qaşını alır. Amma bunlar o gəncləri xarakterizə etməyə imkan vermir. Çünki gənclik özü ruhi bir məsələdir, fiziki görünüşlə bağlı deyil”.



Xalq yazıçısı, sabiq deputat Sabir Rüstəmxanlının fikrincə, son 25-30 ildə yaşadığımız bütün faciələr, itkilər, ağırlıqların hamısı gənclərin həyatından keçib.

“Gənclərimizin böyük bir hissəsi öz torpaqlarından didərgin düşüblər. Müharibələrdə ata-analarını itirən gənclərimiz də bu yükü tək başına çəkib. Bu faciəli gəncliyin təskinliyi budur ki, onlar müstəqil Azərbaycanın vətəndaşlarıdır. İndiki gəncliyin həyatında iki duyğu başbaşadır. Bir o itkilərin, faciələrin ağrısı və müstəqilliyin gətirdiyi sevinc. Bir tərəfdə pərişan , maddi sıxıntı, işsizlik şəraitində yaşayan gənclik, digər tərəfdən qərarlı, Amerikada , İngilətərədə, dünyanın bir çox ali məktəblərində təhsil alan gənclik var. Bu müqayisələr nəzərə alınmalıdır. Bunların hamısı indiki gəncliyin xarakterini müəyyənləşdirir. Bəzən bunlar göstərir ki, gənclik bir az laqeyidləşir, biganələşir. 80-ci illərin romantik əhval ruhiyəsi, 60-cı illərdə başlayan intibah indi divara dayanıb. Amma unutmaq olmaz ki, gəncliyimiz min illər boyu davam etmiş qan yaddaşını bundan sonra da yaşadacaq qüvvələrdir”-deyə S.Rüstəmxanlı qeyd edib.



Müasir gənclik geyim tərzinə görə, Sovet dövrünün gəncliyindən xeyli fərqlənir.



Şahanə Rəhimli


Teqlər:  





Xəbər lenti