`Qayğıkeş ana`lar bizi necə bədbəxt edir?..

`Qayğıkeş ana`lar bizi necə bədbəxt edir?..
  03 Mart 2016    Oxunub:7779
Mələk Heydərova

Hər birimizinin həyatında "qayğıkeş ana" obrazında tanışımız, dostumuz, anamız və ya həyat yoldaşımız var. Çətin durumumuzda, qayğıya ehtiyacımız olduğunda ən tez onlar köməyimizə çatar. Ən kiçik və sadə problemdə biz istəməsək belə yanımızda olar, saysız-hesabsız məsləhətləri ilə durmadan danışarlar.


Zamanla biz bu qayğıya öyrəşərək zəifləyirik, ən xırda məsələlərin öhdəsindən gəlməyə çətinlik çəkirik. Başımıza nə gəlsə, döyəcəyimiz qapının, problemimizi həll edəcək insanın var olması düşüncəsi bizi həyatda həmişə bir addım geridə saxlayır. Qayğının və diqqətin bolluğundan kənar düşdüyümüz zaman isə dünyaya yadlaşırıq, həyatımızı toparlayıb öz əllərmizə almaq əvəzinə bizi uçuruma aparan pis vərdişlərdə təskinlik taparaq, vəziyyətimizi daha da gərginləşdiririk. Cəmiyyətə düşmən saydığım bu "qayğıkeş ana"lar kimlərdi və niyə təhlükəlidir?

Qonaqlıqda və ya toyda masa arxasında oturan 10 nəfərdən ən azı biri hər kəsdən artıq qayğı göstərəcək. Hər kəslə bir-bir maraqlanacaq. Yeməklərini təzələyəcək. Sənə soyuq olmasın deyə min dəfə sual verəcək, pencəyini sənin çiyninə atacaq (sən bunu istməsən belə) və yaxşı istirahətin üçün əlindən gələni edəcək. Əlbəttə, ayda-ildə bir dəfə belə qayğı və diqqət insana xoş gəlir. Ancaq vay o gündən ki, belə bir insanla daima bir evi paylaşasan. Bu sənin qocalmış şirin-şəkər nənən və ya saçları yenicə ağarmış anan ola bilər. Hə, bax burda insanın həyatı təhlükə altına düşür.

Əlbəttə ki, qayğı uşaq çağlarında faydalı və mütləqdir. Ancaq bu qayğı uşaq böyüdükdən sonra diqqətə keçməli və insanın azadlığını pozacaq dərəcədə artıq olmamalı. Heyf ki, analarımız körpələrimizi erkən yaşlarından aşırı qayğıya öyrəşdirir və bu da özündə uşağın gələcəyi üçün böyük fəsadlar törədir.

Valideyinin uşağı qorumaq üçün göstərdiyi qayğı zamanla onu gücsüzləşdirir. Böyüdüyü zaman bir çox hallarda onun lazımsız olduğu düşüncələrinə qapadır. Ən sadə misal isə qayğıya öyrəşmiş bir insanın iş həyatında müdriyyətlə və iş yoldaşları ilə dil tapa bilməməsidir. Çünki daim onu əzizləyən birilərin yanında olmasını istəyir. Evdə gördüyü qayğını kənarda axtardığı zaman da uduzmuş olur. Qayğının bolluğundan qaranlıq tuneldə ilişib qalmış bu insanlar yolun sonunda işiğı görsələr də, ancaq addımlamağa qorxurlar. Onlara heç vaxt səhv eləmək şansı verilmədiyindən daha öncə atmadığı addımı atmaqdan çəkinirlər. Məhz bu qorxu və təlaş onları həyatı boyu yerində saymağa məcbur edir. Arzuladıqları həyatı yalnız xəyallarında yaşayaraq, bir ömrü beləcə başa vururlar.

Bütün bunların günahı həyatın hər çətinliyində sinələrini qabağa verən "qayğıkeş ana"lardadır... Çünki onlar qayğının zamanında kəsməyib, hətta ərgənlik çağından çıxmış gənc övladına belə körpə kimi yanaşıblar. Qəddar dünyadan qorumaq çabası ilə övladı və cəmiyyət arasındakı uçurumu dərinləşdirib. Zəif və qorxaq insana çevrilmiş bu kəsləri cəmiyyətimiz "ana uşağı" adlandıraraq, birdəfəlik uğurlu həyatlarına son qoyub. Onlar nə güvən sahibi olurlar, nə də cəsarətli addım atacaq insan olmağı bacarırlar...

Qayğıdan doğan qorxu bir ömür onları müşahidə edir. Qayğının çoxluğundan yaranan problemlər hər kəsdə bir cürə özünü biruzə verir. Bu problemlər çox zaman ailə münasibətlərində yaranır. Yaradan tərəf isə əfsuslar olsun ki, biz qadınlar oluruq. Çünki qayğının toruna biz daha çox düşürük. Bəzən aşırı qayğını sevgi ilə səhv salaraq, özümüzdən ən sevdiyimiz insanı belə qaçırda bilərik. Çünki kişi qadınından duyduğu aşırı qayğı və diqqət nəticəsində onu anasına bənzətməyə başlayır. Məhz bu səbəbdən sevgi hissləri zəifləyir, kişinin qadına diqqəti isə sifira enir. Bu da bir kişinin qıraqda "əsl" qadın axtarmasının səbəblərindən biri olur. Və belə təhlükəli qayğı zəncirvari kimi övladdan anaya, anadan balaya keçir.

Bu zənciri qırmaq isə mənən güclü kəslərin boyunlarına düşür. Çox zaman uğurlu alınır, bəzən isə "vəfasız övlad", "vəfasız dost" və s. adları qazanaraq, uzun müddət mövcud olduğu mühitdən dışlanır. Ancaq uduzmur, güclənir və həyatın bütün anlarında daha çox özünə güvənəcəyi gerçəyini qəbul etdiyi üçün daha möhkəm insana çevrilir. Bəzən isə aşırı qayğı görən insan əks rekasiya verir. Yəni daha soyuqqanlı, insanlara daha acımasız olur. Belə baxanda, heç bu da yaxşı bir şey sayılmır. İnsanları bezdirməmək üçün tutduqları soyuqqanlı mövqe çox zaman ünsiyyət qurmaqda çətinlik yaradır. Aşırı qayğı istənilən halda insanın şəxsiyyət kimi formalaşmasında böyük problemlər yaradır.

Səbəbə gəldikdə isə "Qayğıkeş ana"nın başqasının üzərində bu qədər əsməsi, qayğı göstərməsi əslində öz kədərli dünyası ilə bağlıdır. Vaxtında duymadığı hissləri, başqaları üzərində tədbiq edərək içindəki natamamlığı doldurmaq istəyir. Bunu fərqində olmadan etdiyi üçün münasibətlərə mənfi təsir göstərdiyini də çox zaman anlamır.

Təsəvvür edin, insanlara sevgisini onları ancaq qayğıya boğmaqla göstərən bir insan köməyə ehtiyacı olduğu zaman həmin "insanlar" nədənsə telefonlarını açmır, qapını üzünə bağlayır. Məsələ onda deyil ki, insan hər edilən yaxşılıqda təmənna güdməlidir. Ancaq sən artıq dərəcədə bir insanı diqqətə boğanda, boğulan tərəf elə sən özün olursan. Etdiklərinin az da olsa, qarşılığını görməyi ümüd edirsən, görmədikdə isə səhvi özündə yox, insanların sənə qarşı amansız və soyuq hərəkətlərində görürsən. Bəs sən bir insanı qayğı ilə bəsləyəndə bu qayğının ona lazım olub-olmadığını soruşmuşdunmu? Köməyə qaçanda məhz sənin köməyinə ehtiyacı olduğunu sual etmişdinmi?

Həmişə köməyə qaçan nənə obrazı müasir yaşam tərzi ilə artıq uyğunlaşmır. İndi biz gənclər daha çox problemlərimizi özümüz həll etməyə çalışırıq. Kimsə qıraqdan (bu ailəmiz olsa belə) bizim işlərimizə müdaxilə edəndə azadlığımızın daraldığını və təhlükə altında olduğunu düşünürük. Qədərində hər kəs bir məsləhət, bir böyük sözü deyə bilər və ya dost qayğısı göstərə bilər. Ancaq bu normanı aşdığı zaman insanın şəxsi həyatı şəxsilikdən çıxıb, ümumi hal almasına gətirib çıxardır. Mövcüd problemin və ya hər hansı məsələni daha da çox dolaşığa salır. Nizamı demişkən, “...Artıq içəndə dərd verir su da!”


Teqlər:





Xəbər lenti