`Aşıq Şəmşir` Ocağı mənasız müzakirələrə etiraz etdi

`Aşıq Şəmşir` Ocağı mənasız müzakirələrə etiraz etdi
  28 Aprel 2016    Oxunub:3040
“Təəssüflər olsun ki, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin mədəniyyətimizin təbliğinə və milli-mənəvi dəyərlərimizin, folklor incilərimizin qorunub saxlamasına yönələn fəaliyyətinə ölkəmizdə qısqanclıqla yanaşan və İctimai Birliyin uğurlu fəaliyyətinə kölgə salmağa çalışan insanlar da var. Bu cür qısqanclığı, gözügötürməzliyi, qarayaxmanı şərtləndirən səbəblər çox ola bilər. Amma mənasız, yersiz atmacalar, mahiyyətindən xeyli uzaq mövzuda mzakirə açmaq, nəinki peşəkarlığa, heç bacarıqsızlığa da sığmır. Xalqımızın milli-mənəvi dəyərlərini hədəf alan bu insanların anti-Azərbaycan qüvvələrlə əlbir olaraq xaricdəki havadarlarının və maliyyə sponsorlarının diqtəsi ilə hərəkət etməsi üzücüdür və təşkilat təmsilçisi olaraq bu halı qəti şəkildə pisləyirəm”.

Bu fikirlər “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirova məxsusdur.

Həbib Misirov İctimai Birliyin “Uşaq və yeniyetmələrdə yaradıcı düşüncə tərzinin düzgün formalaşdırılması və inkişaf etdirilməsi məqsədilə tədbirlərin təşkili” layihəsinin Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının 2016-cı il 1-ci maliyyə yardımı müsabiqəsinin qalibləri arasında olmasından bir qrup insanın narahatlığını, mənasız müzakirəyə səbəb olan provakativ atmacaların əsl səbəbini gözəl anladığını deyib. Çünki bu insanlar Azərbaycan maraqlarını hər şeydən üstün tutmağı, Vətənimizin və Xalqımızın mənafeyinə uyğun fəaliyyət göstərməyin nə olduğunu bilmirlər: “Bu tip insanlar heç vaxt anlaya bilməzlər ki, təmsil etdiyim ictimai birlik hər zaman, istər daxildə, istərsə də beynəlxalq səviyyəli tədbirlərdə Azərbaycan maraqlarını daim qorumaq və Azərbaycan mədəniyyətinin təbliğinə xidmət etmək kimi ali məqsədlər üçün fəaliyyət göstərir. Bunu heç vaxt anlamazlar ki, həyatda belə ali prinsiplər üçün də yaşamaq mümkündür”.

H. Misirov Şura tərəfindən maliyyələşən, müzakirə mövzusu olan layihə çərçivəsində görülən işlərə aydınlıq gətirib.

“Uşaq və yeniyetmələrdə yaradıcı düşüncə tərzinin düzgün formalaşdırılması və inkişaf etdirilməsi məqsədilə tədbirlərin təşkili” layihəsi də İctimai Birliyin bu günə qədər həyata keçirdiyi layihələr kimi məqsədyönlü xarakter daşıyır. Uşaq və yeniyetmələrdə yaradıcı düşüncə tərzinin inkişaf etdirilməsi dövlətimizin gənclər siyasətinin əsas prioritetlərindən biridir. Təsadüfi deyil ki, gənclər siyasəti üzrə birinci qlobal forum 2014-cü ildə Bakıda təşkil edilmişdir. Uşaqlarda yaradıcı təfəkkürün inkişafına dünyanın inkişaf etmiş ölkələrində istər dövlət, istərsə də qeyri-hökumət təşkilatları tərəfindən böyük önəm verilir. Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının İctimai Birliyin “Uşaq və yeniyetmələrdə yaradıcı düşüncə tərzinin düzgün formalaşdırılması və inkişaf etdirilməsi məqsədilə tədbirlərin təşkili” layihəsinə maliyyə yardımı ayırmasını dövlətimizin gənclərə olan dəstəyinin bir nümunəsi kimi qiymətləndiririk”.

Sədr müavini “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşan layihələrdən danışıb.

“Bu layihələrdən yalnız ikisini qeyd edəcəm. Bunlardan birincisi, “Azərbaycan – Türkiyə mənəvi birliyinin simvolu – aşıq-ozan sənəti” layihəsidir ki, bu layihə çərçivəsində Azərbaycan-Türkiyə mənəvi birliyindən bəhs edən elmi konfrans keçirilmişdir. İkincisi isə “Saz və balabanı Azərbaycan xalqının milli musiqi alətləri kimi erməni mənimsəməsindən qoruyaq” layihəsidir ki, bu layihə çərçivəsində isə saxtakar erməni vandalları Azərbaycanın bir çox milli mədəniyyət nümunələri kimi balabanı da hədəfə almaqları ifşa olunub.

Bildiyimiz kimi, iyrənc erməni təbliğatının nəticəsidir ki, dünyada balaban bəzən "erməni düdüyü" kimi təqdim edilir. Layihənin icra olunduğu müddətdə bir neçə dildə ermənilərin bu musiqi alətləri barədəki iddialarını ifşa edən materiallar hazırlanaraq müxtəlif internet resurslarında yerləşdirilmişdir. Saz və balabanın Azərbaycan xalqına məxsusluğunu əks etdirən elmi qaynaqlar və bukletlər diaspora təşkilatlarına və beynəlxalq qurumlara göndərilmişdir. Həyata keçirdiyimiz layihələr geniş ictimaiyyətə təqdim edilmişdir”- deyən H. Misirov belə layihələri reallaşdıran QHT haqqında hədyanlar yazmağı, qara PR aparılmasını, sosial şəbəkələrdə mahiyyətindən xeyli kənar müzakirəyə rəvac verməyi yalnız bir səbəblə əlaqələndirdiyini deyib: “O da erməni dəyirmanına su tökməkdən başqa ad tapa bilmirəm. İctimai Birliyin əsas vəzifələrindən biri erməni qəsbkarlarının vətənimizə, millətimizə vurduğu ziyanları, ermənilərin törətdikləri cinayətləri dünya ictimaiyyətinə çatdırmaqdan ibarətdir. Biz belə mübarizə apardığımız bir məqamda daxildə yersiz, mənasız atmacaların, provakativ müzakirələrin şahidi oluruq. Bunu başqa necə qiymətləndirmək olar?”

Təşkilat təmsilçisi əlavə edib ki, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi ölkəmizdə həyata keçirilən kütləvi-mədəni və sosialyönümlü tədbirlərdə yaxından iştirak edir, sosial qayğıya ehtiyacı olan insanlara maddi və mənəvi yardımçı olur. Qaçqın və məcburi köçükünlərin, şəhid, əlil, aztəminatlı ailələrin sosial problemlərinin həllinə, yaşayış şəraitlərinin yaxşılaşdırılmasına maddi və mənəvi köməklik edir. İctimai Birlik həmçinin öz daxili imkanları hesabına müxtəlif səpgili xeyriyyə tədbirləri, seminarlar, debatlar, bilik olimpiadaları və konfranslar təşkil edir, gənc və istedadlı yazarların kitablarının nəşr edilməsinə yardımçı olur.

Yekunda Həbib Misirov xüsusi qeyd edib ki, İctimai Birlik milli mədəniyyətimizin və mədəni incilərimizin, folklor nümunələrimizin, aşıq sənətinin UNESCO səviyyəsində təbliğ edilməsində və milli mədəniyyətimizin dünyada tanıdılmasında görülən işlərə, mədəniyyətlərarası dilaoqun inkişaf etdirilməsinə dəstək olur. İctimai Birliyin bu istiqamətdə fəaliyyəti yüksək qiymətləndirilərək, 2015-ci ildə UNESCO-da akkreditasiyadan keçməsinə dair qərar qəbul edilib və İctimai Birlik UNESCO-da məsləhətçi status əldə edib. “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin UNESCO-da akkreditasiyadan keçməsi İctimai Birliyə işğal altında olan ərazilərimizdə dağıdılmış mədəni irs və abidələrimiz haqqında məlumatları dünya ictimaiyyətinə çatdırmağa, ölkəmizin haqlı mövqeyinin UNESCO tərəfindən təşkil edilən beynəlxalq forumlarda müdafiəsinə və Azərbaycan mədəniyyətini dünyada layiqincə təmsil etməyə imkan verəcək.



Teqlər:





Xəbər lenti