Türkün qibləsinə səyahət – Reportaj+Fotolar
Türkoloqların, tarixçilərin kitablarında, sonra isə internet səhifələrində həsrətlə baxdığım Kutluq xaqanın, Kultegin xaqanın, Bilgə xaqanın, Tonyukun daşlara yazılmış fotoları... İzlədiyim sənədli filmlər... Heç vaxt ağlıma belə gəlməzdi ki, nə zamansa, mən o yerləri gedib görə bilərəm. Üfüqlər qədər uzaq, xəyallar qədər yaxın arzularımı Tanrı eşidibmiş.
Karvan yola düzəlir...
Atam sağlığında mənə bir dəfə dedi ki, qızım, sən də get Kəbəyə ziyarətə. Qayıdıb atama nə desəm yaxşıdır?! “Ata, mən ziyarətə 50 yaşımdan sonra gedəcəyəm. Hələ vaxtım çatmayıb. Gəl, səni göndərim”.
Ürəyi xəstə olduğundan bizim insanların və milyonların bu günə qədər ziyarət etdiyi həmin torpaqlara gedə bilmədi atam. Onlar üçün ən qutsal yer Məkkə, Mədinə idi. Mənim fotolarına heyran olduğum Kultegin, Bilgə xaqan, Tonyukuk məktublarından tam xəbərdar deyildi. Çünki bizim şanlı türk tariximizi, bütün kitablardan əvvəl yazılan o daş məktublardan ayırmaq istəmişdilər. Türk dünyaya yenidən hakim olmasın deyə...
O babalardan daşlara yazılıb qalan məktubları kim oxusaydı türk qeyrəti, türk qanı vuruşlara,yeni döyüşlərə,zəfərlərə səsləyəcəkdi. Göy səmalar altında Azadlıq döyüşünə. Bizim çox həqiqətlərdən xəbərimiz olmadı. Türk xaqanlarınin ruhları uca Tanrıya qovuşandan sonra.
...İki ay əvvəl Beynəlxalq Türk Akademiyasından Türklərin Kəbəsi Ötüken ərazilərinə ziyarətə dəvət alanda bilmədim ki, sevincimdən neyləyim. Dəvətdən iki gün əvvəl ailə daxilində bir sınağımız var idi. Gecəykən əllərimi Tanrıya açdım. İlteriş xaqanın, Bilgə xaqanın, Tonyukükun, atamın və babalarımın ruhlarını köməyə çağırdım. Və Tanrıdan o ruhları mənə sarı döndərməsini istədim. Və dualarımda Tanrıya vəd verduim ki, sınağımız, həyəcanımız keçsin, o babalarımı bir gün ziyarətə gələrəm. Səhərisi gün, işimiz avand oldu. İşimiz düzəldi. Bir gün sonra isə... Bir gün sonra Beynəlxalq Türk Akademiyasından aldığım dəvət məni çaşdırdı. 2 gün əvvəl Tanrıdan istədiyimi mənə göndərmişdi.
İntizarla gözlədiyim gün gəlib yetişdi. Bakıdan Astanaya uçub, Monqolustana viza alandan bir neçə gün sonra, avqust ayının 19-da karvanımız yola düzəldi: Beynəlxalq Türk Akademiyasının yeni əməkdaşı, arxeoloq Nurbolat Boqenbay, “Qorqud ata” Beynəlxalq İncəsənət Universitetinin Elmi araşdırmalar mərkəzinin müdür yardımçısı, Semey Dövlət Universitetinin professoru Amantay İSİN, “Egemen Kazakstan” dövlət qəzetinin əməkdaşı Nurlubek Dosıbay, “TÜRK-MEDIA” Portalının ölkələrarası koordinatoru,tanınmış türkoloq, media eksperti Askar Kumyran (Umarov), “Kazakstan” Dövlət Televiziyasının peportyorları Almat Abduraman və Muratbek Almasxan, İTV-nın Azərbaycandan olan Qazaxıstan və Mərkəzi Asiya Respublikaları üzrə müxbir postunun rəhbəri Füzuli Məcidli ilə Astana hava limanından Almatıya uçduq. Oradan isə yolumuz Qırğızıstanın Bişkek şəhərinə idi.
Monqolustana uçan təyyarəyə yetişmək üçün bir gecə Bişkekdə qalmalı idik. Axşam saat 7-də Bişkekdə təyyarədən endik. Şəhərə doğru yolumuz var idi. Manas aeroportundan Bişkekə gedən yolu bu dəfə az qala tanımadım. İnanılmayacaq dərəcədə abadlaşmış və beynəlxalq standartlara uyğun şüşə kimi bir yol salınmışdı. Yol mədəniyyətdir. Türk dünyasına gələn yollar dostlar üçün hər zaman belə açıq, gözəl olmalıdır. Hələ yol qırağındakı boy boy düzlənən yamyaşıl qocaman ağaclara, yaşıl ormanlara baxdıqca adamın ürəyi açılırdı.
Səhər açılar açılmaz yenə yol çantalarımızı götürüb, Manas aeroportuna yol tutduq. Yerli vaxtla 04:55-də Monqolustanın paytaxtı Ulanbatora uçan təyyarəni gözləyirdik ki, sıramıza daha iki nəfər alim qoşuldu. Rusiya Elmlər Akademiyasının Ufa Elmi Mərkəzinin Tarix, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri , doktor Ahat Salihov. Bu sarışın türk oğlu, Manas hava limanına Moskvadan uçmuşdu. Həmin dəqiqə hər birimizə öz vizit kartını verib, yüz ilin tanışı kimi görüşdü. Sıramıza qatılan digər dəyərli bir insan isə Tatarstan Elmlər Akademiyası, A.Halikov adına Arxeologiya İnstitutunun direktoru, professor, dr.Ayrat Sitdikov idi. Çox ciddi və sakit, məsum görkəmi ilə digər danışıb–gülən yol yoldaşlarımızdan həmin andaca seçildi.
Bişkek-Ulan Bator reysi 1 saat gecikdiyindən, yerli vaxtla 05:15-də təyyarə göyə qalxdı. Səhərin gözəl alatoranında bu təyyarə göy səma ilə bizi, göy türklərimizin xaqan olduğu torpaqlara aparırdı.
Havası sərt, ürəyi isti Ulan Bator
5 saatlıq uçuşdan sonra, yerli vaxtla saat 11:30-da Ulan Batorun Çingizxan hava limanında yerə endik. Bizi burada monqol dilini gözəl bilən, bu yerlərdə böyümüş tanınmış qazax əsilli arxeoloq alimlər Napil Bazılxan və Akadil Toyşanulı qarşıladılar. Hər iki alim həm də Beynəlxalq Türk Akademiyasının professorlarıdır. Akademiyanın rəhbəri, professor, dr.Darhan Kıdıralı onları dəyərləndirərək, beynəlxalq türk elm və birlik ocağına dəvət edib.
Çingiz xan hava limanından Ulan Bator şəhərinin mərkəzinə qədər olan yol boyu Napil Bazılxan bizə monqolların maraqlı məişət və milli adətlərindən. Torpağa, təbiətə bağlılıqlarından danışdı. Onu da bildim ki, burada 17-ci əsrə qədər daha çox Tanrıçılıq dini mövcud olub. Xan Boqda hakimiyyətə keçəndən sonra insanlar məcburi və ya könüllü şəkildə buddizmi qəbul ediblər.
Şəhərə gələn dar avtomagistral yolunda bəzən tıxaca da düşdük. Yol boyu təpəyəbənzər dağlar, yaşıl biçənəklər diqqətimizi cəlb etməyə bilməzdi. Doktor Napil dedi ki, buranın havası çox dəyişkən və sərt kontinentaldır. Yol boyu parakəndə salınan evlərin həyətlərinin hamısında böyük damlı evlərdən əlavə, həm də bir ağ çadır var idi. Monqol kim olursa-olsun, əski və qədim həyatını unutmamalıdır. Mütləq yurdunda, həyətində köçəriliyini xatırladan bir çadırı olmalıdır.
Gəlib şəhərə çatdıq, şəhərdə müasir evlərlə yanaşı Sovet illərdindən qalmış və tikilmiş binalar bir-birinə qarışmışdı. Lap Azərbaycandakl kimi kim harada boş yer tapmışdısa. Orada özünə ya hündür müasir bina , biznes mərkəzi, ticarət mərkəsi ucaltmiş , özünə yeni mərkəz açmışdır. Monqolustan Sovet hakimiyyətinin ilk illərindən demək olar ki, Rusiya ilə müttəfiq olub. Və bunun nəticəsidir ki, burada Sovet-Monqolustan birliyini əks etdirən yazılar, oraq və çəkic nişanələri hələ də qalmaqdadır. İnsanları indi də rus dilində danışır, rus mahnılarını həvəslə dinləyirlər. Lakin dövlət səviyyəsində işlədilən dil əsasən ingilis və monqol dilidir.
3 milyon əhalisi olan Monqolustan Parlament respublikasıdır. Ulan Batorun küçələrində bir dənə də olsun yol polisi, mühafizəçi polis gözə dəymir. İnsanlar çox rahat və problemsiz həyat sürürlər. Hətta onların əıksəriyyətinin korrupsiya deyilən anlayışdan xəbərləri belə yoxdur. Şəhərdəki bu xaotik tikililəri də 10 il bundan əvvəl Yaponiyaya və başqa inkişaf etmiş ölkələrə getmiş 500 min monqol başa gətirib. Həmin 500 min monqol həm özləri, həm də xarici vətəndaşları bu ölkəyə investisiya qoymağa sövq ediblər.
Bu gün ölkədəki inkişafı və insanların həyat tərzini görəndə, fikirləşmək olar ki, 10 ildən sonra Monqolustan yeni bir inkişaf modeli ilə dünyaya meydan oxuyacaq. Yəqin ki, hələ sovet passivliyindən çıxa bilmədikləri üçün mühüm layihələrdə iştirak etməyə həvəs göstərmirlər.
Bizim səfərimizi təşkil edən Beynəlxalq Türk Akademiyasının rəsmiləri ölkənin görkəmli qurumları ilə bir necə memorandum imzalayaraq, Monqolustanın tarixində ilkə imza atdı. Monqolustan Dövlət Arxivlər İdarəsi ilə imzalanan memarandumun şərtlərinə görə, Akademiya bundan sonra, Monqolustanda olan qədim türk tarixini əks etdirən bütün sənədlərdən istifadə edə biləcək.
Monqolustan Milli Elmlər Akademiyası ilə imzalanan sazişə görə isə, Türk ölkələrinin akademikləri ilə birgə elmi işlər həyata keçirmək və yeni elmi mərkəzlərin yaradılması da mümkün olacaq. Monqolustanın Milli Muzeyində imzalanan memorandumun şərtlərinə görə isə Beynəlxqalq Türk Akademiyasının tərkibində olan ölkələrin alimləri və arxeoloqları ilə birlikdə yeni layihələr işlənəcək. Bundan başqa isə, muzeyin qədim və yeni eksponatlarını Türk Akademiyası bir çox ölkələrdə nümayiş etdirə biləcək. Bütün bu məqamı gözəl imzalar Türk dünyası üçün də, sayı az, ürəyi geniş olan monqol xalqı üçün də gözəl fürsət oldu.
Oğuz oğlu Çingiz xaqan və 7605 ölçülü uzunboğaz çəkmə
Ulan Bator şəhəri ilə tanışlığımızın ikinci günü Napil Bazılxanın rəhbərliyi ilə Çüngiz xan və Tonyukuk abidələrini ziyarətə çıxdıq. Çingiz xanın muzeyi və heykəli həqiqətən də heyrət doğurur. Ginnesin rekordlar kitabına düşən bu heykəlin başa gəlməsi üçün 6 ölkənin memarı iştirak edib. Heykəlin hündürlüyü 40 metr, ağırlığı 250 tondur.
Günəşin zərrin şəfəqləri altında, göy buludların hərəkət istiqamətində bu heykələ ayrı-ayrı rakurslardan diqqərlə baxanda, Çingiz xanın da sifət gizgilərinin dəyişdiyini görürsən. Muzey kompleksin içərisindəki uzunboğaz çəkmə isə dünyada əın böyük çəkmə kimi Ginnesin rekordlar kitabına düşüb. Bu çəkmənin ağırlığı 3 tondur, hündürlüyü 9 metr, başa gəlməsində isə 225 ədəd inək dərisindən istifadə edilib, ölçüsü isə 7605–dir. Belə ölçüdə isə heç kimin çəkməsi olmayıb.
Monqolların ayaq geyimlərinə və bu çəkməyə baxanda diqqətimizi maraqlı bir detal cəlb etdi. Bütün çəkmələrin burnu yuxarıdır. Bunun səbəini isə belə izah etdilər. Burnu aşağı olan çəkmələr torpağa dəyəndə torpağı incidə bilərlər. Monqollar torpağı, təbiəti heç zaman incitmirlər. Onlar Göylərin qəzəbindən qorxurlar. Belə sivri uclu çəkmələrlə atın üzəngizini basmaq, onu minmək də asan olur. Bir də ki, keçmişdə bu çəkmələri əsasən ölkədən–ölkəyə göndərdikləri casuslara geynidirirmişlər ki, keçdikləri yollarda izləri itsin.
Torpağı incitməkdən qorxan monqollar hətta ölkədə geniş sənaye mərkəzləri kimi təşəkkül tapmış daş kömür yataqlarında da işləmirlər. Çünki onlar torpağın bu dərinlikdə qazılmağını günah hesab edirlər. İnanırlar ki, ulu ruhlar, Göylər və budda torpağı qazıb, dərinliyinə getdiklərinə görə onları cəzalandıra bilər. Bu səbəbdən də Monqolustanın daş-kömür yataqlarında ancaq köçəri qazaxlar işləyirlər. Qazaxlar buraya əsasən 20-ci əsrin əvvəlində ölkədə Stalinin başlatdığı aclıqdan sonra gəliblər. Ancaq tarixi araşdırsaq, qazaxların da bu torpaqlarda qədimdən yaşadığının izlərini tapmaq olar. Çünki hər iki xalqın ortaq məişətində və mədəniyyətində oxşar keyfiyyətlər, hətta danışıq dillərindəki sözlərdə belə uyğunluq var.
(Ardı var)