ANS-in `kitabı bağlandı` - Son qərar verildi

ANS-in `kitabı bağlandı` - Son qərar verildi
  21 Sentyabr 2016    Oxunub:4308
Bu gün ANS Müstəqil Yayım və Media Şirkətinin lisenziyasının ləğvi barədə Bakı Apellyasiya Məhkəməsinin qərarından verdiyi kassasiya şikayəti üzrə proses davam etdirilib.
AzVision.az-ın xəbərinə görə, Ali Məhkəmədə hakim Sevda Hüseynovanın sədrliyi ilə keçirilən prosesdə tərəflər çıxış ediblər. Bundan sonra məhkəmə heyəti müşavirəyə gedib.

Müşavirədən sonra qərar elan olunub. Qərara əsasən, Ali Məhkəmə ANS-in kassasiya şikayətini təmin etməyib.

Xatırladaq ki, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun 18 iyul 2016-cı il tarixli müraciətini, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 11, 23, 32-ci maddələrinin tələblərini rəhbər tutaraq “ANS Müstəqil Yayım və Media” Şirkətinin yayımının 18 iyul 2016-cı il tarixdən saat 18:30-dan etibarən 1 ay müddətinə dayandırılması, 25 oktyabr 2013-cü il tarixli TR 099 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə məhkəmədə iddia qaldırılması, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 23.2.8-ci maddəsinin tələbinə uyğun olaraq “ANS ÇM Yayım və Media” Şirkətinə 25 oktyabr 2013-cü il tarixdə verilmiş TR 100 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə qərar qəbul edib. Daha sonra MTRŞ “ANS Müstəqil Yayım və Media” Şirkətinə televiziya yayımı üçün verilmiş lisenziyanın ləğv edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Məhkəmənin qərarına əsasən, ANS TV-nin yayım lisenziyası ləğv edilib. ANS həmin qərardan kassasiya şikayəti verib.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti