“Azərişıq” jurnalistlər üçün mediatur təşkil edib - Fotolar

“Azərişıq” jurnalistlər üçün mediatur təşkil edib - Fotolar
  16 Oktyabr 2017    Oxunub:4443
“Azərişıq” ASC 20 oktyabr “Energetiklər günü” münasibətilə Şimal-Qərb regionlarına mediatur təşkil edib. “Azərişıq” ASC-nin təşkilatçılığı ilə bir qrup jurnalist görülən işlərlə yaxından tanış olmaq üçün Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarına səfər ediblər.
AzVision.az-ın əməkdaşı da mediaturda iştirak edib.

Şamaxıdan başlayan mediatur iki gün davam edib. İlk olaraq jurnalistlər Şamaxı rayonu Sabir qəsəbəsinə yollanıblar. Burada media nümayəndələri qəsəbənin 10/04 kilovoltluq hava xətlərinə, 2 qəsəbə və 8 kəndə xidmət edəcək 35/10 kilovoltluq “Yeni Şamaxı” yarımstansiyasına çəkiləcək iki dövrəli 35 kilovoltluq hava xəttinə və 35/10 kilovoltluq “Meysəri” yarımstansiyasından çıxan iki dövrəli 10 kilovoltluq “Şirvan şərabları” hava xəttinə baxış keçiriblər.

Jurnalistlərə baxış keçirilən sahələr barədə, eləcə də rayonda qışa hazırlıqla bağlı görülən işlər haqında geniş məlumat verilib.
Şimal-Qərb regional enerji təchizatı və satışı üzrə şöbənin rəisinin istismar üzrə müavini Nüsrət Həmkişiyev bildirib ki, yeni tikilən yarımstansiyadan Qobustan rayonunun enerji təchizatı da təmin edilməlidir:

“Yəni bu xəttin yarımstansiyaya 110/35/10 kv-luq Şamaxı yarımstansiyasından ikidövrəli 35kv-luq yeni xətt çəkilib. Yarımstansiyanın tikilişi Asiya İnkişaf Bankının maliyyə dəstəyi ilə aparılır. İndiyə qədər bütün bu yarımstansiyadan qidalandırılan yaşayış məntəqələrinin 10 kv-luq və 0,4 kv-luq şəbəkəsi yenidən qurulub. Həmin kəndlərə 10 kv-luq yeni xətlər çəkilib. Şamaxı elektrik şəbəkəsində mərhələli olaraq yenidənqurma işləri aparılır. 10/0,4 kilovoltluq 392 ədəd transformator cari, 34-ü isə əsaslı təmir edilib. 110/35/10 kilovoltluq Şamaxı, habelə Pirqulu, Çarhan, Çuxuryurd, Meysəri yarımstansiyalarından çıxan hava xətlərində 252 ədəd yeni beton və dəmir-beton dayaqlar basdırılmaqla, 12,6 kilometrdə təmir və yenidənqurma işləri aparılıb. 16 qəsəbə və kənddə 12 min 744 kilometr məsafədə ötürməyə davamlı izolyasiyalı naqillər çəkilib.

Bu işlər dövlət başçısı İlham Əliyev cənablarının Azərbaycan Respubliksının bütün yaşayış məntəqələrinin enerji təchizatının yaxşılaşdırılması üçün şəbəkənin müasir üslubda qurulması istiqamətində verdiyi tapşırıq əsasında görülür. “Azərişıq” rəhbərliyi ilə tutulmuş proqram əsasında bütün yaşayış məntəqələrinin yenidənqurulması işləri aparılır. Tikinti açıq tender üzərində keçirilir və tenderin qalibi tikintini aparır”, deyə o, bildirib.

Sonra jurnalistlər İsmayıllı rayonuna gəliblər. Burada 35/10 kilovoltluq yeni Basqal yarımstansiyasına, bu xətdən çıxan 2 dövrəli 10 kilovoltluq yeni Basqal xəttinə baxıblar. Burada media nümayəndələrinə yenidənqurma işləri barədə ətraflı məlumat verilib. Eyni zamanda İsmayıllı elektrik şəbəkəsi üçün tikilən yeni bina ilə də tanışlıq olub.

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib ki, bu, onların regiona təşkil etdikləri ilk mediaturdur: “Lakin düşünürük ki, hər ay bu kimi turları təşkil edək. Məqsədimiz “Azərişıq” ASC-nin yarandığı gündən gördüyü işlər barəsində ictimaiyyəti məlumatlandırmaqdır. Eyni zamanda qarşıdan qış fəsli gəlir və bu fəsilə hazırlığın hansı səviyyədə aparıldığını da media nümayəndələrinə real şəkildə göstəririk. Bu, bizim üçün xoşdur. Şamaxı və İsmayıllı rayonlarında görülən işlər nəticəsində 30 minə yaxın istehlakçını tam fasiləsiz enerji təchizatı ilə təmin edir”.

"Azərişıq" ASC-nin Şimal-Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsi (REYSİ) rəisinin satış üzrə müavini Nəsrəddin Məmmədov isə deyib ki, Azərbaycanın şimal-qərb regionunda "ASAN xidmət" mərkəzlərinin fəaliyyətə başlaması nəticəsində elektrik enerjisi haqlarının yığımında nəzərəçarpan irəliləyişə nail olunub.


Onun sözlərinə görə, şəbəkələrdə aparılan yenidənqurma işləri və yarımelektron elektrik sayğaclarının daha müasir elektrik sayğacları ilə əvəzlənməsi nəticəsində regionda elektrik enerjisinin verilişində itkilər getdikcə azalır:

"Ötən il Qəbələdə yeni "ASAN xidmət" Mərkəzi fəaliyyətə başlayıb. Bu isə yığımlarda artıma şərait yaradır. Növbəti il Şəkidə belə bir mərkəzin yaradılması planlaşdırılır. Ötən ilin yanvar-sentyabr aylarına nisbətən elektrik enerjisinin yığımları dəfələrlə artıb".

N.Məmmədov qeyd edib ki, regiondakı abonentlərin 89 faizi əhali qrupu abonentlərdir: "Şimal-Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsinə (REYSİ) aid 8 rayon elektrik şəbəkəsi var. Bunlar Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən elektrik şəbəkələridir. Ümumi abonentlərimizin sayı 200 800-ü ötüb. Onların da 178 900-ü (89,1 faiz) əhali qrupuna, 21 900-u (10,9%) isə qeyri-əhali qrupuna daxildir".

Jurnalistlər İsmayıllı rayonu, Lahıc qəsəbəsində də sayğaclaşma, naqillərin yenilənməsi işləri ilə tanış olublar. Olduğumuz rayonlarda söhbət etdiyimiz sakinlər də görülən işlərdən razılıqlarını bildiriblər. Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarında da görülən işlər və yeniliklər barədə geniş məlumat verilib.

Ümumilikdə qeyd olunub ki, görülən işlər adıçəkilən rayonlarda kənd təsərrüfatı sahəsinə də müsbət təsir edəcək.


Anar Kəlbiyev
AzVision.az


Teqlər: Azərişıq   Mediatur  





Xəbər lenti