Ermənistanın Astana sammitində uğursuzluğu

Ermənistanın Astana sammitində uğursuzluğu
  09 Noyabr 2018    Oxunub:3031
Məlum olduğu kimi, Ermənistanda 2008-ci ilin mart hadisələrində ittiham olunan Yuri Xaçaturov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi vəzifəsindən vaxtından əvvəl azad edilib. Onun tutduğu postdan kənarlaşdırılması rəsmi İrəvanın təşəbbüsü ilə baş tutub.
Ermənistanda küçə təfəkkürünü siyasətə gətirən Nikol Paşinyanın Xaçaturov və ölkənin keçmiş rəhbərliyində təmsil olunan şəxslərə qarşı başlatdığı "repressiya" İrəvan üçün o qədər də uğurlu olmadı. Belə ki, KTMT-nin prosedur və rotasiya qaydalarına və əlifba sırası ardıcıllığına uyğun olaraq, 2020-ci ilə qədər baş katib vəzifəsini Ermənistan nümayəndəsi daşımalı idi. Lakin Yuri Xaçaturovun vaxtından əvvəl vəzifədən azad edilməsindən sonra Paşinyan 2020-ci ilə qədər baş katib statusutunu Ermənistanda saxlamağa çalışırdı. Məqsəd Xaçaturovun yerinə öz adamını qoymad idi. Gözlənildiyi kimi, İrəvanın bu istəyi tamamilə uğursuzluqla üzləşdi. Ermənistanın yeni namizədinin təşkilatın baş katibi olmasına icazə verilmədi.

KTMT-nin Astanada keçirilən Kollektiv Təhlükəsizlik Şurasının geniş tərkibli iclasından sonra mətbuata açıqlama verən Qazaxıstan prezidenti Nursultan Nazarbayev bildirdi ki, yeni baş katibi Belarus nümayəndəsi olacaq. Bunun da KTMT liderləri Paşinyanın hazırladığı ssenarinin üstündən birdəfəlik xətt çəkdilər.

“Ermənistan nümayəndəsi olan Xaçaturovun baş katib postundan geri çağırılması ilə əlaqədar bizim (təşkilat üzvlərinin) mövqelərimizdə kolliziya yaranmışdı. Mən səbəbləri deməyəcəyəm, bu, Ermənistan tərəfinin işidir. Nizamnaməyə uyğun olaraq əlifba sırası ilə Ermənistandan sonra Belarus gəlir. Əlbəttə ki, Ermənistan öz nümayəndəliyinin uzadılmasını istəyir, amma bütün dövlət başçıları eyni mövqedən çıxış edərək bildirdilər ki, cəmi 1 il qalır və Ermənistan bunu çatdırmayacaq. Ona görə də, təşkilata Belarus tərəfinin normal fəaliyyət göstərən baş katibi lazımdır”, - deyə Nazarbayev vurğulayıb.

Göründüyü kimi, siyasi fəaliyyəti şübhə doğuran Paşinyanın qeyri-ciddi mövqeyi KTMT-də də birmənalı qarşılanmır. Astana toplantısında təklifi rədd edilən Ermənistan rəhbərliyi İrəvan küçələri ilə dövlət başçıları səviyyəsində keçirilən zirvə toplantılarını qarışıq saldığını və qeyri-peşəkarlığını növbəti dəfə nümayiş etdirmiş oldu. Sammitin video yazılarında da Ermənistan nümayəndə heyətinin küskün şəkildə olması özünü aydın şəkildə göstərir.

Ümumiyyətlə isə, təsis olunmasından etibarən Ermənistan qədər KTMT-yə zərbə vuran ikinci bir dövlət olmayıb. Təkcə bir faktı qeyd edək ki, KTMT-nin baş katibinə qarşı digər üzv dövlətlərlə məsləhətləşmədən cinayət işinin açılması təşkilatın nizamnaməsinə ən böyük hörmətsizlikdir. Həmçinin, Ermənistan qonşu dövlətlərə münasibətdə yürütdüyü siyasətinə görə KTMT üçün əlavə yük və problemdən başqa bir şey deyil.

Azərbaycan isə üzv olmasa da, təşkilatda Ermənistandan qat-qat artıq nüfuza və çəkiyə sahibdir. Çünki Ermənistanın ciddi etirazlarına baxmayaraq, KTMT dövlət başçıları tərəfindən qəbul edilmiş sənədlər sırasında “KTMT yanında müşahidəçi və tərəfdaş dövlətlərin statuslarının hüquqi təsdiqi” haqqında qərar var. Bu sənəd məhz Azərbaycan üçün hazırlanıb. Çünki Azərbaycanın təşkilatın üzv dövlətləri yanında nüfuzu və əhəmiyyəti o qədər böyükdür ki, KTMT nizamnaməsində dəyişiklik edilərək müşahidəçi dövlət statusu təsis edilib.

Kənan Məmmədov
Azvision.az


Teqlər:





Xəbər lenti