Turizm şirkətləri ilə bağlı əsas tələblər açıqlandı

 Turizm şirkətləri ilə bağlı əsas tələblər açıqlandı
  04 İyun 2019    Oxunub:1923
Hazırda Azərbaycanda 2000-dən çox turizm şirkəti fəaliyyət göstərir. 2015-ci ildə turizm fəaliyyəti üzrə lisenziya ləğv edildiyindən onların fəaliyyətinə nəzarət etmək bizim üçün bir qədər çətindir.
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib. O bildirib ki, turizm şirkətlərinə nəzarət mexanizmləri olmalıdır.

"Biz başa düşürük ki, nöqsanlar var. Bu səbəbdən mövcud qanunvericiliyə dəyişikliklər edilməsi üçün təkliflər hazırlamışıq. Qanun bu işi tənzimləyəcək".

Təkliflərin mahiyyətini açıqlayan F. Nağıyev bildirib ki, turizm şirkətlərinin ilk növbədə sığorta mexanizmləri olmalıdır. "Çünki şirkətin fəaliyyəti müəyyən kriteriyalara cavab verməlidir. Beynəlxalq təcrübə onu göstərir ki, bu kriteriyalardan biri sığorta mexanizminin yaradılmasıdır. Sığorta şirkətinin müəyyən qədər vəsaiti olmalıdır ki, sabah riskləri qarşılaya bilsin. Çünki sabah hər hansı risk hadisəsi baş verdikdə, dövlət onu öz üzərinə götürməsin. Bu, çox vacib məsələdir. Çin şirkətləri üçün məsuliyyət sığortası tələbini qoymuşuq. Çin bazarı ilə işləyən turizm şirkətləri üçün mülki sığorta tələbi qoyulub və bu tələbi ödəyən şirkətlərə Çin bazarına daxil olmağa icazə verilir. Çin hökuməti özü də bu tələbi qoyur".

Aytən Zəhra
Azvision.az


Teqlər: Agentlik   Turizm  





Xəbər lenti