Prezident: “Biz başqa ölkələrin əlində alət olmamışıq”
“Bu gün Azərbaycan dünya miqyasında məsuliyyətli və etibarlı ölkə kimi tanınır. Biz hazırda Birləşmiş Millətlər Təşkilatından sonra ikinci böyük beynəlxalq təsisata, Qoşulmama Hərəkatına sədrlik edirik. Biz 120 ölkənin dəstəyi ilə buna nail ola bilmişik. Azərbaycan bu gün Avropa ilə Asiya arasında həm siyasi, həm coğrafi, həm də enerji körpüsüdür. Yəni, bütün bu uğurları, o cümlədən müstəqil siyasət sayəsində əldə etmişik. Bu bəzi ölkələrin xoşuna gəlmirdi, bəzi ölkələr Azərbaycana yuxarıdan aşağı baxmağa çalışırdılar. Ancaq bizim qətiyyətli mövqeyimiz buna imkan vermədi. Ona görə bizə olan təzyiqlərin səbəblərinin biri də məhz budur ki, müstəqil siyasət aparırıq, öz yolumuzla gedirik, heç kimin sözü ilə oturub-durmuruq, heç kimin qarşısında baş əymirik”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Prezident sözünə davam edərək deyib: “Bu hadisələr baş verən kimi dərhal bizə qarşı müntəzəm olaraq qara təbliğat aparanlar, qeyri-hökumət təşkilatları və bəzi ölkələrin dairələri, media nümayəndələri hərəkətə keçdilər ki, Azərbaycanın imici ləkələnsin, bizə böhtan atılsın, bizim haqqımızda olmayan yalanlar uydurulsun və beləliklə, informasiya məkanında bu münaqişə ilə bağlı yanlış bir rəy, yanlış bir fikir yaradılsın”.
Azvision.az
Teqlər: Prezident İlham-Əliyev