Fransadakı səfirliyimiz erməni təxribatları barədə açıqlama yaydı

Fransadakı səfirliyimiz erməni təxribatları barədə açıqlama yaydı
  11 Oktyabr 2020    Oxunub:4429
Rusiya Federasiyasının vasitəçiliyi ilə Azərbaycanın və Ermənistanın Xarici İşlər nazirləri arasında Moskvada keçirilən görüşdə oktyabrın 10-u saat 12:00-dan etibarən humanitar atəşkəslə bağlı razılığının əldə olunmasına baxmayaraq, Ermənistan silahlı qüvvələri bu razılığı kobud şəkildə pozmağa davam edir.
Azvision.az xəbər verir ki, bu fikirlər Azərbaycanın Fransadakı səfirliyinin yaydığı mətbuata açıqlamada əksini tapıb.

Bildirilib ki, humanitar atəşkəsin müəyyən olunduğu vaxtdan dərhal sonra Ermənistan silahlı qüvvələri Azərbaycanın mülki əhalisini və mülki infrastrukturunu artilleriya atəşinə tutub. Ermənistan silahlı qüvvələri Tərtər, Ağdam istiqamətində ərazilərimizi atəşə tutub, cəbhənin Hadrut və Cəbrayıl rayonları istiqamətində hücuma cəhd göstərib.

Suqovuşan ərazisində erməni əsgərlərinin cəsədlərini yığan və üzərinə aydın şəkildə ağ bayraq sancılan sanitar maşının Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində tibb işçisi ağır yaralanıb.

Oktyabrın 11-i gecə saatlarında Azərbaycanın ikinci böyük şəhəri olan və cəbhə bölgəsindən xeyli kənarda yerləşən Gəncə Ermənistan silahlı qüvvələri tərəfindən raket hücumuna məruz qalıb. Nəticədə aralarında azyaşlı uşaqlar da olmaqla, 9 mülki şəxs həlak olub, 34 nəfər isə yaralanıb.

Diqqətə çatdırılıb ki, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti çərçivəsində dinc insanları, evləri, mülki obyektləri, tibb işçilərini məqsədli şəkildə atəşə tutması təcavüzkar ölkənin beynəlxalq hüququn fundamental normalarına, o cümlədən beynəlxalq humanitar hüquq və Cenevrə konvensiyalarına məhəl qoymadığını, öz öhdəliklərini aşkarcasına pozduğunu, adi humanizm prinsiplərindən çox uzaq olduğunu növbəti dəfə nümayiş etdirir.

Açıqlamaya Avropa İnsan Hüquqları Konvensiyasının, eləcə də 1949-cu il Cenevrə konvensiyalarının müvafiq müddəaları daxil edilib.

Bildirilib ki, Azərbaycan Ermənistanın təcavüzkar əməllərini qətiyyətlə pisləyir, beynəlxalq ictimaiyyəti işğalçı Ermənistanı beynəlxalq hüquqa və beynəlxalq öhdəliklərinə riayət etməyə məcbur etmək üçün qətiyyətli addımlar atmağa çağırır.

Bölgədə yaranmış vəziyyətin tam məsuliyyəti Ermənistan siyasi-hərbi rəhbərliyinin üzərinə düşür.

Azvision.az


Teqlər: Azərbaycan   Səfirlik  





Xəbər lenti