Trampın dövründə dollar qalxacaqmı? – TƏHLİL

Trampın dövründə dollar qalxacaqmı? – TƏHLİL
  11 Noyabr 2016    Oxunub:23438
Son günlərin əsas mövzusu Amerika Birləşmiş Ştatlarındakı prezident seçkisinin nəticəsidir. Belə ki, dünya ölkələrinə də nəzər salsaq, sanki bir çaşqınlıq, inkişaf etməkdə ölkələrdə isə müəyyən sevinc və ümid görərik. Əlbəttə, ABŞ-dakı prezident seçkisinin digər ölkələrdə maraq doğurması təbiidir. Çünki ortada ən azı dollar və neftin qiyməti söhbəti var.

Donald Trampın qalib gələcəyini heç kim gözləmirdi. Lakin, seçki gününə az qalmış, şübhələr yaranmışdı. Seçkiyə sayılı günlər qalarkən isə məhz Hillari Klintonun şəxsi poçtuna aid və o cümlədən, digər mənfi hallara dair faktların üzə çıxarılması əslində, çox şeydən xəbər verirdi. Lakin məsələnin məhz bu tərəfini araşdırmaq fikrində də deyiləm. Hazırda bizim üçün əsas suallardan biri odur ki, yaxın perespektivdə neftin qiyməti qalxa bilərmi? Və yaxud, ABŞ dollarının kursu necə olacaq? Çünki neftin qiyməti ilə ABŞ milli valyutasının dəyəri arasında çox sıx əlaqə olduğu yaxşı bəllidir.

Düz 8 il öncə, 2008-ci ilin oktyabrın 30-dan noyabrın 10-dək ABŞ-ın qanunvericilik hakimiyyəti – Konqresin yeganə mübadilə proqramı sayılan və bilavasitə onun tərəfindən maliyyələşdirilən Açıq Dünya Proqramının iştirakçısı olaraq, bu ölkədə səfərdə olmuşdum. Səfərimin yekunu haqda qələmə aldığım məqaləmdə hələ o vaxt yazmışdım ki, ABŞ-da bir çox nailiyyətlər iqtisadiyyatın güclü olması ilə əlaqədardır. Hərçənd, bir sıra sahələr orada olduğum vaxt tənəzzül içərisində idi. Ancaq o vaxt da, elə indi də ABŞ dünyada istehsal olunan ümumi daxili məhsul həcmində az qala 30% paya malikdir.

O zaman, dünya üzrə hasil edilən xam neftin istehlakında ABŞ təxminən 25 faiz paya sahib idi, onun öz ehtiyatlarını üzə çıxartmaq baxımdan isə dünyada neft istehsalındakı payı cəmi 3 faiz təşkil edirdi. Odur ki, tələbatın daha çox hissəsini idxal hesabına ödəyirdi. Bu baxımdan da adı çəkilən ölkədə 2008-ci il noyabrın 4-də keçirilən prezident seçkisindən qalib çıxan Barak Obamanın seçki kampaniyası dövründə çıxışlarının birində ABŞ-ın neftə dair dünya bazarlarında təklifə hər an təsir etmək imkanına malik olduğu haqda söylədiyi fikir diqqətimi cəlb etmişdi. Məsələ onda idi ki, həmin illərdə ABŞ resurslarından hələ istifadə etmir, buna sadəcə, başlamaq niyyətində olduğunu büruzə verirdi.

Belə ki, neftin qiyməti 2008-ci ilin yayında 1 barelə görə 147 dollar təşkil etdiyi zaman Vaşinqton yeni texnologiyaların və investisiyaların tətbiqi ilə daxildə hasilatı artırmaq haqda fikirlər səsləndirməyə başlamışdı ki, bununla da ABŞ-ın gələcəkdə qiymətləri “qaldırıb-endirmək” üçün əslində, daha yetərli vasitəyə sahib olacağı anons edilirdi.

Elə həmin vaxt dünya bazarlarında neftin qiymətinin 147 dollaradək yüksəlməsi də ABŞ-ın “işi” idi. Başqa sözlə desəm, bu ölkənin mərkəzi bankı – FES tərəfindən mərkəzi kreditləşdirmə üzrə uçot dərəcəsinin az qala sıfıradək endirilməsi siyasəti bunda mühüm rol oynayırdı. Yəni, bu qiymət maya dəyəri ifadə etmirdi və edə də bilməzdi. Çünki sözügedən qiymət sırf tələb ilə təklifin nisbətinə əsasən deyil, bilavasitə siyasi amillərə görə belə təşəkkül tapmışdı.

Bunda isə səbəb və məqsəd aydın idi. Belə ki, Barak Obamadan əvvəl Ağ Evə səkkiz il rəhbərlik etmiş Corc Buş bir-birinin ardınca Əfqanıstanda və İraqda iki çox ağır müharibə aparmışdı ki, “tərslikdən” özü də məhz neft istehsalı, emalı və satışına dair oliqarxlar qrupunun himayəçiliyi sayəsində seçkidə qalib gəlmiş sayılırdı...

Fikrimi bir az sadə dillə çatdırmaq istəyirəm: ABŞ 5 qrup oliqarxlar tərəfindən idarə edilir:
1) silah istehsalı və ixracına dair;
2) sənaye və texnologiya sahələrinə dair;
3) neft hasilatı və satışına dair;
4) tikinti və maliyyə sektoruna dair;
5) biznes və ticarət sferasına dair oliqarx qrupları...

Və Ağ Evdə də hər 4 ildən bir məhz bunların birinə aid şəxs oturur.

Məsələ bundadır ki, neftin dünya bazar qiymətlərinin 2014-cü ilin iyun ayından bəri enməsində də iqtisadi faktorlarla yanaşı, siyasi faktorlar mühüm rol oynadığı yaxşı bəllidir. Bir çox halda sonuncu bəlkə də daha çox rol oynayıb və oynayır. Bu isə ABŞ-da neft sənayesini artıq, əməlli-başlı diz üstə çökdürüb. Qiymətlərin 50 dollardan aşağı düşməsi xüsusən, şist hasilatını “öldürüb” ki, bu amil dünyada və o cümlədən Amerikada məşğulluq göstəricisi üçün də neqativ təsir bağışlayıb.

Odur ki, Donald Trampın qalib gəlməsində neft istehsalı, emalı və satışına dair oliqarxlar qrupunun dəstəyi mühüm rol oynadı. Ümumiyyətlə, D.Tramp tam olaraq, həm 3-cü və həm də 4-cü qrup oliqarxların himayəçiliyi sayəsində seçkidə qalib gəldi desək, heç də yanılmarıq...

Yeri gəlmişkən, respublikaçıların özəlliklərindən biri də həmişə ondan ibarət olub ki, onların ölkənin xarici siyasətinə həmişə daha çox “stavka” ediblər. Bu isə o deməkdir ki, onlar üçün ABŞ-ın müttəfiqlər ilə əlaqələr xüsusi önəm daşıyır. Müttəfiqlərinin sırasında isə neft ölkələri az deyil.

Odur ki, bu mənada hesab edirəm, neftin qiymətinin enməsində siyasi faktorlar və məqsədlər 2017-də xeyli dərəcədə aradan qalxmalıdır. Bu isə o deməkdir ki, dolların kursu çox da möhkəmləndirilməyəcək. Çünki təkrar edirəm, bunlar arasında çox sıx əlaqə mövcuddur. Bunun ilk əlaməti olaraq isə ümid etmək olar ki, FES dekabrda keçirəcəyi iclasda baza faiz dərəcəsini artırmaq haqda qəbul edəcəyi qərarından vaz keçəcək. Çünki buna çox ciddi əsaslar mövcuddur.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti