Azərbaycanın uğurlu neft strategiyası

Azərbaycanın uğurlu neft strategiyası
  19 Noyabr 2016    Oxunub:10106
Azərbaycanın zəngin təbii sərvətləri içərisində neft əsas yer tutur. XIX əsrdən başlayaraq Bakı və ətraf ərazilərdə çıxan qara qızıl elə ilk vaxtlardan bir çox Qərb ölkələrinin diqqətini çəkib. Məhz bunun nəticəsidir ki, həmin vaxtdan bir çox qərb şirkətləri Azərbaycana gəldi. 90-ci illərin əvvəlində Sovet imperiyasının dağılması, respublikaların müstəqillik əldə etməsi, eyni zamanda SSRİ-nin keçmiş respublikaları ilə Azərbaycan arasında iqtisadi əlaqələrin qırılması, respublika ərazisində qeyri-sabitliyin mövcud olması, maliyyə və texniki təchizatın sıfra enməsi neft və qaz sənayesinin ağır böhran vəziyyətinə saldı. Bütün bu çətinliklər maliyyə, texniki və digər problemlər aşkar edilmiş "Azəri", "Çıraq", "Günəşli" kimi yataqların işlənməsinə imkan vermirdi. Neft sənayesində yaranmış çətin vəziyyətdən çıxmaq və ölkəmizin karbohidrogen ehtiyatlarının mənimsənilməsi üçün ya 15-20 il ölkəmizin maliyyə-iqtisadi vəziyyətinin əlverişli olmasını gözləmək, ya da xarici neft şirkətlərini dəvət etmək lazım idi.

1993-cü ilin yayında Azərbaycanın çətin günlərində xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev ölkənin iqtisadi yüksəlişinə nail olmaq üçün neft amilini önə çəkdi. Azərbaycanın o zamankı məhdud maliyyə imkanları ilə neft-qaz yataqlarının mənimsənilməsinin, bu əvəzsiz təbii sərvətin dünya bazarlarına çıxarılmasının çətinliyini nəzərə alan Heydər Əliyev məsələnin həll yolunu Qərb şirkətləri ilə milli maraqlara söykənən əməkdaşlığın qurulmasında gördü və bütün geostrateji çətinliklərə baxmayaraq, qısa bir müddətdə bu möhtəşəm konsepsiyanı gerçəkləşdirməyə nail oldu. Azərbaycan xalqının ümummilli lideri xarici iri neft şirkətlərini Azərbaycana dəvət etmək qərarına gəldi və "Yeni neft strategiyası" tez bir vaxtda işlənib hazırlandı. 1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı "Azəri", "Çıraq", "Günəşli" yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında "məhsulun pay bölgüsü" tipli müqavilə imzalandı. Böyük inkişafın başlanğıcı sayılan bu müqavilə tarixə “Əsrin müqaviləsi”kimi düşdü. Bu saziş ümummilli lider Heydər Əliyevin qalibiyyətli enerji strategiyasının əzəmətli təntənəsinin başlanğıcı oldu.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev müsahibələrinin birində vurğulayıb ki, “Əsrin müqaviləsi” XX əsrin ən möhtəşəm qlobal enerji layihələrindən birini rəsmiləşdirməklə, Azərbaycanın zəngin neft salnaməsinin ən parlaq və əlamətdar səhifəsini, ölkəmizin uzunmüddətli enerji strategiyasının ana xəttini təşkil edən epoxal bir sənəd idi. “Bu, ilk növbədə, siyasi xarakteristikası etibarilə müstəqil Azərbaycanın qurtuluş və davamlı inkişaf doktrinası idi. İkinci bir tərəfdən, Azərbaycan keçmiş Sovet məkanında Qərb şirkətləri ilə iri neft müqaviləsi imzalayan ilk dövlət olmaqla, Xəzər dənizi regionunda beynəlxalq əməkdaşlığın bünövrəsini qoymuş oldu. Bu mənada “Əsrin müqaviləsi” təkcə Azərbaycan üçün deyil, Qərb dövlətləri, habelə Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üçün strateji əhəmiyyət daşıyırdı. Ümumdünya neft sənayesi tarixində yeni bir mərhələ başlanırdı”.

"Əsrin müqaviləsi"nin həyata keçirilməsinə başlanan vaxtdan Azərbaycan iqtisadiyyatında dönüş yarandı və böyük işlərə başlandı. Azərbaycan neftinin dünya bazarına sərbəst və sürətli çıxışını təmin etmək üçün ixrac boru kəmərləri sisteminin yaradılması, Rusiyanın Qara dəniz sahilindəki Novorossiysk, Gürcüstanın Supsa, Türkiyənin Ceyhan limanlarına neft kəmərlərinin çəkilməsi, neft layihəsinin həyata keçirilməsi və onun dünya bazarına ixracı Azərbaycanın karbohidrogen resurslarının işlənməsinin intensivləşməsinə və yeni investisiyaların cəlb edilməsi üçün şərait yaratdı. Bakı-Tbilisi-Ceyhan neft ixracı kəməri Azərbaycan neftinin dünya bazarlarına çıxarılmasına imkan verməklə yanaşı, "İpək yolu"nun və türkdilli ölkələrin də əsas magistral kəməri hesab edilir. Eyni zamanda Azərbaycan həm də dünya qaz bazarında aparıcı rollardan birinə yiyələnmək istiqamətində addımlar atmağa başladı, Bakı-Tiflis-Ərzurum Qaz Boru Kəməri layihəsi reallaşdırıldı. Hazırda Azərbaycan qazının Avropa ölkələrinə nəqli ilə bağlı TAP, TANAP və digər layihələri həyata keçirilir, bütün bunlar da sonda Azərbaycanın dünya qaz bazarında aparıcı rola yiyələnməsini şərtləndirəcək. Bir sözlə, “Əsrin müqaviləsi” Azərbaycan iqtisadiyyatının lokomotivi rolunu oynayıb, ona yeni nəfəs verib.

Neft hasilatından qazanılan gəlirlərin şəffaflığının qorunması və məqsədyönlü xərclənməsi üçün 1999-cu il dekabr ayının 29-da ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) yaradıldı. Bu mənada, ARDNF ümummilli lider tərəfindən əsası qoyulmuş uğurlu neft strategiyasının ayrılmaz hissəsidir. Qurumun yaradılması fəlsəfəsinin əsas qayəsini neft sərvətlərinin nəsillər arasında ədalətli bölünməsinin təmin edilməsi təşkil edir. Məhz bu prinsipin yüksək səviyyədə qorunmasının nəticəsidir ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində bir-birindən əhəmiyyətli addımlar atılır.
Dövlət Neft Fondundan verilən məlumata görə, neft ilə zəngin olan ölkələrdə neft fondlarının, suveren sərvət fondlarının və yaxud digər bu kimi qurumların təsis edilməsi bu dövlətlərdə neft sərvətlərinin nəsillər arasında bərabər bölgüsünə, onların səmərəli və məqsədyönlü şəkildə idarə edilməsinə şərait yaradır. Hazırda Neft Fondu institusional cəhətdən çox yüksək səviyyədə formalaşmaqla bərabər, ölkə daxilində və eləcə də beynəlxalq səviyyədə tanınmış və vəsaitlərin idarə edilməsi, şəffaflığın təmin edilməsi baxımından digər dövlətlərlə öz təcrübəsini bölüşdürməyə qadir olan bir quruma çevrilib. Bir sıra dünya dövlətlərində Neft Fondu ilə oxşar cəhətləri olan analoji fondlar fəaliyyət göstərməkdədir. Neft Fondu yaradılarkən bu fondların təcrübəsinə istinad edilməklə yanaşı, yerli xüsusiyyətlər və mövcud ehtiyaclar nəzərə alınmış və neft gəlirlərinin gələcək nəsillər üçün toplanması ilə bərabər, bugünkü nəsillərin problemlərinin həlli üçün də istifadə edilməsini nəzərdə tutan bir model seçilib. Yaradıldığı gündən şəffaflıq Neft Fondunun fəaliyyətinin əsas prinsiplərindən biridir. Neft Fondu institusional cəhətdən və şəffaflığın təmin edilməsi baxımından çox yüksək səviyyədə inkişaf edib, müasir standartlara cavab verən, beynəlxalq səviyyəli maliyyə təşkilatına çevrilib və Azərbaycanın beynəlxalq arenada nüfuzunun artmasına xidmət edən bir çox nailiyyətlər əldə edib.

Azərbaycanın milli sərvəti olan neftdən gələn gəlirlərin gələcək nəsillər üçün toplanaraq artırılması, bu gəlirlərdən ölkəmizin cari sosial ehtiyaclarını, iqtisadi tərəqqi və inkişaf tələblərini nəzərə almaqla, bugünkü nəsillər üçün istifadə edilməsi məqsədilə yaradılan Neft Fondunun eyni zamanda ölkə əhəmiyyətli bir çox layihələrin həyata keçirilməsində əvəzsiz rolu olub.

ARDNF-dən verilən məlumatda qeyd edilir ki, 2016-cı ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin büdcə gəlirləri 6 618,6 milyon manat, büdcə xərcləri isə 3 823,1 milyon manat təşkil edib. 2016-cı ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 5 883,8 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 5 867,0 milyon manat, bonus ödənişləri 0,1 milyon manat, tranzit gəlirləri 13,4 milyon manat və akrhesabı ödənişlər 3,3 milyon manat təşkil edib.Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 734,8 milyon manata bərabər olub. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar gəliri 2 612,3 milyon manat təşkil edib. Hesabat dövrü ərzində ARDNF-nin 2016-cı il büdcəsinin icrası çərçivəsində 3 260,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 73,8 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 39,1 milyon manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 48,6 milyon manat vəsait ayrılmışdır. 20,8 milyon manat vəsait "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə yönəldilmişdir. “Cənub Qaz Dəhlizi” layihəsi üzrə 241,9 milyon manat, “STAR” neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsinə isə 127,0 milyon manat vəsait ayrılıb. 2016-cı il ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 11,9 milyon manat təşkil edib.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramovun sözlərinə görə, Dövlət Neft Fondunun yaradılması buradan transferlərin ayrıca görünməsinə, büdcədə neft pullarının payının müəyyənləşdirilməsinə imkan verirdi. “Neft satışından əldə edilən vəsait birbaşa büdcəyə daxil olursa, bu zaman həmin vəsaitlərin neft pulu kimi izlənilməsi, onun şəffaf və qeyri-şəffaf xərclənməsini müəyyənləşdirmək mümkün deyildi. Lakin neft pulları bir Fonda yığılırsa və həmin Fond vasitəsi ilə istifadə olunursa, bu, vəsaitlərin hərəkətinin izlənilməsinə imkan verir Bütövlükdə Dövlət Neft Fondunun yaradılması və vəsaitlərin bir Fonda yığılması, xərcləmələrin bir Fonddan həyata keçirilməsi müsbət haldır. Güman edirəm ki, Dövlət Neft Fondu da postneft dövründə qeyd edilən istiqamətlər üzrə fəaliyyətini genişləndirib, praktik olaraq Norveç modelində olduğu kimi həm indiki, həm də gələcək nəsillər üçün vəsaitin xərclənməsi və saxlanılmasını həyata keçirə bilər”.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib ki, Neft Fondunun yaradılmasının başlıca rolu hasilatın pay bölgüsü sazişləri çərçivəsində əldə edilən mənfəətin toplanması, onun idarə olunması və gələcək nəsillər üçün xəzinə rolunu ifadə etməsidir. “Bir çoxları Neft Fondunun fəlsəfəsini bilmirlər və deyirdilər ki, ayrıca qurumun yaradılmasına nə ehtiyac var, neftdən əldə edilən gəlirlər bir bank hesabında toplanılsın və lazım gələndə oradan götürülsün. Amma onun ayrıca institusional qurum şəkildə formalaşması neft vəsaitlərin təhlükəsiz şəkildə bu günə kimi gəlib çatmasında, qorunmasında mühüm rol oynayıb və bundan sonra iqtisadiyyatın inkişafında öz rolunu, töhfəsini verəcək. Neft Fondundan ayrılmalara bu gün qanunla nəzarətetmə mexanizmi yoxdur, amma bu olsaydı yaxşı olardı. Hesab edirəm ki, bu, vəsaitlərin effektli və rasional xərclənməsi baxımdan əhəmiyyətlidir. Ümumiyyətlə, neftin qiyməti 100 dollardan aşağı düşdükdən sonra bir çoxlarının dediyi kimi Neft Fondu sürətlə əriməyə doğru getmədi. Nef Fondu neftin qiymətinin aşağı olduğu dövrdə də mükəmməl idarəçiliyini həyata keçirir”.

İqtisadiyyatı sürətli templərlə inkişaf edən respublikamız dünyanın neft-qaz ixrac edən aparıcı dövlətlərindən birinə çevrilmək istiqamətində iti addımlarla irəliləyir. Ölkəmizin geosiyasi əhəmiyyəti və nüfuzu yüksəlib, Qərb dünyası ilə münasibətləri strateji müstəvi üzərinə keçib. Bu gün artıq Azərbaycan regionun lider dövləti kimi beynəlxalq birliyin əsas partnyorudur.

Aytən Bağırova

Qeyd: Yazı Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə Azərbaycan Mətbuat Şurasının “Azərbaycanın müstəqilliyinin iqtisadi bünövrəsində milli neft strategiyasının rolu: Azərbaycan Respublikası Dövlət Neft Fondu milli neft strategiyasının tərkib hissəsi kimi” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.



Teqlər:  





Xəbər lenti