Netanyahunu 20 ildən sonra Bakıya gətirən səbəb - ŞƏRH

Netanyahunu 20 ildən sonra Bakıya gətirən səbəb - ŞƏRH
  14 Dekabr 2016    Oxunub:4730
İsrailin baş naziri Benyamin Netanyahu ötən gün Azərbaycanda işgüzar səfərdə olub. 20 ildən sonra baş tutan səfər zamanı baş nazir Azərbaycan prezidenti İlham Əliyevlə görüş keçirib. Görüşdə bir sıra məsələlər müzakirə olunub.

Netanyahunun Bakıya səfərini AzVision.az-a şərh edən millət vəkili Elman Nəsirov hesab edir ki, bu səfər ikitərəfli əlaqələrin inkişafı üçün önəmli hadisədir: “Azərbaycan-İsrail münasibətləri bir çox paramaetrlər üzrə, xüsusilə siyasi dialoq, ticari-iqtisadi, enerji, hərbi-texniki əlaqələr üzrə inkişaf edib. Bu səfər çərçivəsində formalaşmış əlaqələrin bundan sonrakı inkişafı üçün əlavə situmullar yarandı. Xüsusilə də hüquqi-normativ bazanın möhkəmləndirilməsi istiqamətində növbəti addımlar atıldı. Bunlar hər iki dövlətin milli maraqlarına xidmət edən məsələlərdir. Netanyahu Azərbaycan prezidenti ilə görüşündə, mətbuata bəyanatında bir daha qeyd etdi ki, ölkəmiz çox sürətlə inkişaf etməkdədir. Azərbaycanın belə sürətli inkişafı İsrail dövlətinin baş nazirini xeyli təəccübləndirib.

İki ölkə arasında qeyri-neft sektorunda əlaqələrin inkişafı üçün yaxşı imkanlar var. Bu, səfər çərçivəsində müzakirə olunan məsələlərdən biri oldu. Azərbaycanın İsrailə ixracatında neft həlledici amildir. Amma, digər sektorların inkişafı üçün gündəlikdə dayanan məsələlər kimi turizm, kənd təsərrüfatı qeyd olundu”.



Azərbaycan-İsrail münasibətlərinin inkişafı üçüncü dövlətin əleyhinə yönəlməyib

E.Nəsirov vurğulayıb ki, hərbi-texniki əməkdaşlıq məsələlərində əlaqələrimiz xeyli inkişaf edib: “Hazırda Azərbaycan İsraildən ən müasir silah-surat alır. Bu konteksdə hesab edirəm ki, Azərbaycan-İsrail münasibətlərinin inkişafı heç bir halda üçüncü dövlətin əleyhinə yönəlməyib. Bu səfər ərəfəsində İran mətbuatı Netanyahunun Azərbaycana səfərini qısqanclıqla qarşıladı. Amma, İran tərəfi yaxşı xatırlasın ki, Azərbaycan dövləti, prezident İlham Əliyev hər zaman İranla mehriban qonşuluq münasibətlərinə sadiq olub, bu ölkənin mövqelərini beynəlxalq təşkilatlarda müdafiə edib, ona qarşı beynəlxalq sanksiyaların heç birinə qoşulmayıb. Həmçinin İrana qarşı güc tətbiqi məsələləri gündəmə gələndə dəfələrlə Azərbaycan ərazisindən istifadə haqqında söz-söhbət gəzib. Amma, Azərbaycan prezidenti birmənalı şəkildə mövqe bildirib ki, heç bir zaman ərazimizdən İrana qarşı bu və ya digər addımların atılmasına imkan verilməyəcək. Ona görə də İran bunu yaxşı xatırlamalıdır”.

Millət vəkili əlavə edib ki, Azərbaycan ərazilərinin bir hissəsi işğal altında olduğundan İsraillə hərbi və təhlükəsizlik sahəsində əməkdaşlığa xüsusi önəm verir: “Bu məqamda qeyd olunmalıdır ki, Azərbaycan İsraildən aldığı ən müasir silah-sursatı İrandan da almaq istəyərdi. Ancaq, İsrail həmin silahı bizə satır, İran isə imtina edir”.

E.Nəsirovin fikrincə, Azərbaycanın həm İsrail, həm də Fələstinlə münasibətlərinin yüksək səviyyədə olması 60 ildən çox davam edən münaqişənin həllinə yeni imkanlar aça bilər: “Azərbaycan bu münaqişənin həlli üçün vasitəçilik missiyasını təklif edə bilər. Bunun üçün tərəflərin istəyinin ortaya qoyulması və Azərbaycanın vasitəçiliyi müsbət nəticələr verər. Nəzərə alsaq ki, kifayət qədər korlanmış Rusiya-Türkiyə münasibətlərinin bərpasında Azərbaycan prezidenti İlham Əliyevin müstəsna xidmətləri olub. Bunu hər iki tərəf etiraf edib. Hesab edirəm ki, Azərbaycanın bu potensialından Fələstin və İsrail dövlətləri yararlanacaq”.

“Dünya Netanyahunun Bakı səfərinin səbəblərini anlamağa çalışır”



Millət vəkili Asim Mollazadə hesab edir ki, Netanyahunun səfəri ölkələrimiz arasında münasibətləri daha da möhkəmləndirəcək: “Azərbaycan-İsrail əməkdaşlığı çoxşaxəlidir. Bura enerji, təhlükəsizlik, hərbi sənaye, humanitar, terrora qarşı birgə mübarizə daxildir. Bu səfər bizim çoxşaxəli əməkdaşlığımızı daha da gücləndirəcək, xalqlarımızın dostluğunu möhkəmləndirəcək. Səfər beynəlxalq əhəmiyyət daşıyır. Netanyahunun Azərbaycana səfəri dünyada izlənilir. Bu səfərin səbəblərini anlamağa çalışırlar”.

A.Mollazadə hesab edir ki, Netanyahunun Azərbaycana səfərindən narahat olan qüvvələr var: “Azərbaycan və İsrail arasında hərbi-sənaye sahəsində olan əməkdaşlıq Azərbaycan Silahlı Qüvvələrini daha da güclü edir. İranda bu səfərlə bağlı ifadə olunan narahatçılıq ən yaxın dostu Ermənistanla bağlıdır. İran Ermənistana böyük dəstək verir, onu qidalandırır. Təbii olaraq Azərbaycanın güclənməyi onların narahatçılığının əsas səbəbidir”.



“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib ki, Benyamin Netanyahunun 20 ildən sonra Azərbaycana ikinci səfəri uğurlu olub: “Netanyahun Azərbaycanla Qazaxıstanı müsəlman dünyasının iki böyük və vacib ölkəsi adlandırdı. Səfər zamanı iki ölkə arasındakı əməkdaşlığa dair bir neçə sənəd imzalandı. Netanyahunun Azərbaycana səfəri iki mühüm amillə yadda qaldı. Birinci amil odur ki, Azərbaycan prezidenti İlham Əliyev dedi ki, Azərbaycan bugünə qədər İsraildən 4 milyard 850 milyon dollar civarında hərbi texnika alıb. İmzalanmış müqavilələrin ümumi dəyəri isə 5 milyard dollardır. İlham Əliyev ilk dəfəydi iki dövlət arasındakı hərbi əməkdaşlığın miqyasını göstərən rəqəmi açıqladı. Əslində bu açıqlama həm Ermənistana, həm də Rusiyaya mesaj idi. İlham Əliyev bu açıqlama ilə göstərdi ki, Rusiyanın Ermənistana yerləşdirdiyi “İsgəndər” raketləri əleyhinə Azərbaycanın da İsraildən eyni tipli və qoruyucu raketlər almaq imkanı var.
İkinci amilə gəlincə, Benyamin Netanyahu dedi ki, İsrail öz qazını Azərbaycanla Türkiyə arasında inşa edilən boru xətləri ilə Avropaya nəql etmək istəyir. İsrailin bu istəyi haqqında əvvəllər müxtəlif versiyalar səslənirdi. Ancaq ilk dəfə idi ki, İsrail baş nazir səviyyəsində öz qazını Azərbaycanın inşa etdiyi boru xətti ilə Avropaya nəql etməkdə maraqlı olduğunu açıqladı. Bu açıqlama iki ölkə arasındakı enerji əməkdaşlığını daha üst səviyyəyə qaldıracaq. Digər tərəfdən bu enerji əməkdaşlığı sayəsində Türkiyə-Azərbaycan-İsrail üçbucağı güclənəcək.

İsrail-Azərbaycan əməkdaşlığının daha bir əhəmiyyəti var. Dünyanın müxtəlif ölkələrində kök salmış erməni lobbisi Türkiyə ilə yanaşı Azərbaycan əleyhinə də kampaniya aparır, Dağlıq Qarabağ və ətraf rayonların işğalına haqq qazandırır. Buna görə də Azərbaycanın dünyanın müxtəlif ölkələrindəki yəhudi icmalarının dəstəyinə ehtiyacı var ki, erməni lobbisi ilə mübarizədə güclü müttəfiqə malik olsun. İsraildəki 70 min nəfərlik azərbaycanlı diaspor isə milliyətcə yəhudi olmasına baxmayaraq, iki ölkə arasındakı əməkdaşlığın genişlənməsində mühüm rol oynayır”.

Elvin Abdulqədirov
AzVision.az



Teqlər:  





Xəbər lenti