Ermənilərə kişilik dərsi keçən Milli Qəhrəman - FOTOLAR

Ermənilərə kişilik dərsi keçən Milli Qəhrəman - FOTOLAR
  05 Yanvar 2017    Oxunub:30077
Bu gün Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant, Qarabağ müharibəsi şəhidi Şirin Mirzəyevin doğum gündür.
AzVision.az xəbər verir ki, əslən Şuşanın Mirzələr kəndindən olan Şirin Mirzəyev 1947-ci il yanvar ayının 5-də Xankəndində dünyaya göz açıb.

Nizami adına beynəlmiləl orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yola düşüb. Bir müddət Bakıda yerləşən Daxili Qoşunlar alayında xidmət etdikdən sonra 1967-ci ildə Leninqrad (indiki Sankt-Peterburq) şəhərindəki Ali Siyasi Hərbi məktəbə qəbul olunub və 1971-ci ildə hərbi təhsilini müvəffəqiyyətlə başa vurub təyinatla İrəvana göndərilib.



Şirin Mirzəyev 5 il orada xidmət etdikdən sonra Bakıya qayıdıb. 1988-ci ildə Hərbi Siyasi Aakdemiyada təhsil alaraq, Daxili Qoşunlar alayında 15 illik xidmət yolu keçib. 1991-ci ildə qəlbində alovlanan Vətən məhəbbəti, vətənə xidmət arzusu onu Ağdama çəkib aparıb. Özü də elə bir vaxtda ki, onun kimi peşəkar hərbçilərə vətənin böyük ehtiyacı var idi.



1991-ci ilin oktyabr ayında bütün maneələrə və təqiblərə baxmayaraq, polkovnik-leytenant Şirin Mirzəyev respublikamızda ilk nizami özünümüdafiə batalyonunu min bir əziyyətlə yaradıb. Bu, o dövr üçün çox zəruri bir addım idi. Artıq 1992-ci ilin may ayında üç tabordan ibarət alay yaradılıb. Ş.Mirzəyev Ağdam rayonunun həm hərbi komissarı və həm də alay komandiri kimi məsul vəzifələri çox bacarıqla yerinə yetirib.



1992-ci il mart ayının 28-də Şirin Mirzəyevin və onun tərəfdarlarının səyi nəticəsində respublikada 1-ci olan tabor yaradılıb və ürəyi vətən sevgisilə çırpınan polkovnik-leytenant Şirin Vəli oğlu Mirzəyev Ağdam rayon ərazi özünümüdafiə taborunun komandiri seçilib. Ş.Mirzəyevin döyüş yolu respublikada örnək ola biləcək bir yoldur.

Onun sərkərdəlik qabiliyyəti nəticəsində Fərrux, Pircamal, Qazançı, Ballıqaya, Qaraşlar, Bəşirli, Sirxavənd, Ağbulaq, Dəhraz, Naxçıvanik kəndləri erməni quldurlarından azad edilib.



Əzabkeş sərkərdə Ş.Mirzəyev həmişə ön xəttə olub. Onun bu keyfiyyəti alayın bütün üzvlərini cəsarətləndirib. Ş.Mirzəyevin özünün şəxsi nümunəsi, hərbi qanunlara ciddi riayət etməsi, hər bir əsgərə fərdi qayğısı və tələbkarlığı sayəsində bütün nöqsanlar aradan qaldırılıb. O, 18 iyun 1992-ci ildə Sırxavənd istiqamətində aparılan döyüş əməliyyatı zamanı minaya düşərək həlak olub.

Ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı ilə təltif edilib. Və 1993-cü il fevral ayının 5-də Şirin Mirzəyevin şəxsi təşəbbüsü ilə yaradılmış tədris taboru ləğv edilib.



Qeyd edək ki, millət vəkili Flora Qasımova Şirin Mirzəyevin həyat yoldaşıdır. Onun adına Bakı şəhərində küçə var. Xidmət etdiyi 836-cı hərbi hissənin həyətində abidəsi qoyulub.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti