Ərdoğan 2029-cu ilədək prezident ola bilər - ŞƏRH

Ərdoğan 2029-cu ilədək prezident ola bilər - ŞƏRH
  17 Aprel 2017    Oxunub:3676
Türkiyə xalqı ötən gün keçirilən referendumda tarixi qərar verdi. Nəticələr göstərir ki, 51 faizdən çox seçici hakim Ədalət və İnkişaf Partiyasının irəli sürdüyü konstitusiyaya 18 düzəlişə dəstək verir. Bu, o deməkdir ki, Türkiyə parlament respublikasından prezident respublikasına çevriləcək. 2019-cu ildə Türkiyədə ilk dəfə eyni vaxtda həm prezident, həm də parlament seçkiləri keçiriləcək.
Yeni idarəetmə forması Türkiyə üçün nə vəd edir?

Millət vəkili Elman Nəsirov hesab edir ki, referendum Türkiyə üçün tarixi hadisədir: “Referendumun əsas nəticələrindən biri odur ki, Türkiyə prezident respublikasına çevrilir. Deputatların sayı 550-dən 600-ə artırılır. Əvvəllər 25 yaşda deputat seçilmək mümkün idisə, bu yaş 18 olacaq. Bütövlükdə Türkiyə üçün ən böyük hadisə məhz tarixində ilk dəfə prezident idarə üsuluna keçiddir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bunu tarixi hadisə kimi qiymətləndirir və cümhuriyyət dövründə atılmış ən mühüm addımlardan biri hesab edir.

Bildiyimiz kimi seçkidə qələbə qazanması ilə bağlı Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib. Qeyd edib ki, bu hadisə Türkiyə xalqının hakim partiyaya, prezident Ərdoğana olan inam və etimadının birbaşa təsdiqi kimi dəyərləndirilə bilər”.

Millət vəkili hesab edir ki, artıq Türkiyə tarixində yeni mərhələ başlayır: “Bu ilk növbədə vertikal hakimiyyətin gücləndirilməsində öz əksini tapır. Heç şübhəsiz ki, mərkəzi hakimiyyətin gücləndirilməsi, prezident üsul idarəsinin tətbiqi Türkiyəyə qarşı müxtəlif təzyiqlər, təhdidlər, terror, bütün neqativ proseslərə qarşı ölkənin imunitetini gücləndirəcək”.

E.Nəsirovun fikrincə, Ərdoğan 2029-cu ilə qədər prezident ola bilər: “Türkiyədə 2019-cu ildə eyni vaxtda həm prezident, həm də parlament seçkiləri keçiriləcək. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana xalqın böyük etimadı və inamı var. Bu nöqteyi-nəzərdən Ərdoğanın 2029-cu ilə qədər prezident ola biləcəyini indidən söyləmək mümkündür”.

Politoloq Fikrət Sadıqov isə qeyd edib ki, Türkiyədə konstitusiya dəyişikliyi ictimai tələblərdən irəli gələn qərar idi: “Bu qərar ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın mövqeyini möhkəmləndirir, səlahiyyətlərini genişləndirir. Beləliklə, Türkiyənin daxili və xarici siyasətində mərkəzləşdirilmiş istiqamətdə qərarlar qəbul olunacaq. Ola bilsin ki, bu hal kiminsə xoşuna gəlmir və ona qarşı çıxış edir. Hesab edirəm ki, bu düşünülmüş bir qərardır. İndiki geosiyasi, xüsusilə regionda yaranmış mürəkkəb vəziyyət fonunda atılan addım olduqca önəmlidir. 16 aprel referendumu tam demokratik keçirilib. Türkiyə xalqı referendumda “hə” deməklə möhkəm hakimiyyətin olmasını dəstəklədi”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Türkiyə   Referendum   Ərdoğan  





Xəbər lenti