Azərbaycan almanları | Doqquz xalqın qəbiristanı və “Nemes parkı” – REPORTAJ+FOTOLAR

  16 Avqust 2017    Oxunub : 11213
Azərbaycan almanları | Doqquz xalqın qəbiristanı və “Nemes parkı” – REPORTAJ+FOTOLAR
Murad Köhnəqala
Şəlalə Göytürk

(Reportajın əvvəlini BURADAN oxuya bilərsiniz)

Göygöl rayonu ərazisində iki cür alman qəbiristanı var: mülki, bir də İkinci Dünya müharibəsində əsir düşmüşlərin uyuduğu qəbiristanlar. Vədələşdiyimiz kimi, Fikrət müəllim bizi bu dəfə əsirlərin qəbiristanına apardı. Şəhərin mərkəzindən, hardasa, iki kilometr uzaqlıqda yerləşən məzarlığa piyada getməyi qərara aldıq.
Qıraqlarında cərgə ilə çinarlar düzülmüş yolların genişliyi adamın daxilində qəribə bir rahatlıq yaradırdı. Buradakı küçələrin eni 18-25 metr arasındadır. Hələ nəzərə almaq lazımdı ki, bu yollar maşınlar olan zaman deyil, arabalar olan zaman çəkilib.



Nə vaxtsa üzüm bağlarını suvarmaq üçün inşa edilmiş çay hələ də şəhərin altı ilə axır. Bu nəhəng çay başlanğıcdan axıra kimi daş hörgü ilə mühafizə olunur.

- Bir vaxtlar çinarların dibi ilə küçələrin hər iki tərəfindən xırda artezian arxları axardı,- deyir Fikrət müəllim.- Həmin arxların suyu ilə hərə öz bağ-bağçasını suvarar, küçələri yuyub təmizləyərdi. Məsələn, mən evimin divarlarının çölündə əkdiyim qızılgüllərə özüm qulluq edirəm. Suvarır, budayıb təmizləyir, dibini belləyirəm. Bütün bunları gözəllik üçün edirəm. Ancaq, bir də görürsən tanımadığın birisi özbaşına gülləri yolub aparır. Bir dəfə gördüm, yanında məktəbli uşağı olan bir qadın gülləri dartışdırıb yolaraq iri dəstə bağlayıb. Deyirəm, ay xanım, adam belə şey eləməz, heç olmasa sahibindən icazə almaq lazımdır. Üzr istəmək əvəzinə durub üzümə tərs-tərs baxdı. Ancaq almanlar burda yaşayanda qonşunun çəpərindən yola düşən meyvəni götürüb, həmin qapının ağzına qoyardılar. Əlbəttə, mən o gülləri gözəllik üçün əkib, insanlar üçün becərirəm. Lakin gözəlliklə ədəbsiz davrananda qəlbim ağrıyır ki, niyə bizim insanlarımız ən adi şeyləri anlaya bilmir.

...Biz söhbətləşə-söhbətləşə gəlib əsir qəbiristanına çatdıq. Fikrət müəllim həmişəki kimi cibindən bir dəstə açar çıxarıb qapını açdı. Bu an mənə elə gəldi ki, bu şəhərdəki bütün qıfılların açarları Fikrət müəllimdədir.

Geniş ərazisi olan bu yaşıllıqda səliqə ilə üç-üç qara dəmir xaçlar basdırılmışdı. Bu qəbiristanda ikinci dünya müharibəsi zamanı əsir düşmüş və burada əsirlik həyatı yaşamış doqquz millətin nümayəndəsi: alman, polyak, isveçli, italyan, fransız, macar, çex, slovak, avstriyalı dəfn olunub. Bu məzarlıq da doqquz millətin qardaşlıq qəbristanı adlanır.



- Qəbiristanın ərazisi nə qədərdir?
- Təxminən bir hektara yaxındı. Buranı 1996-cı ildə Memuarlar Cəmiyyətindən gələn bir nəfərin maddi vəsaiti hesabına hasara aldıq. Həmin adam nə ad–soyadını, nə də hər hansı sənəd təqdim eləməmişdi. Sadəcə, itib–batmaqda olan bu məzarlığın bərpa olunması üçün mənimlə görüşüb, şəxsən özümə o vaxtın pulu ilə “70 şirvan” verdi. Mən də həmin vəsaitlə bu qəbiristanı əkin yeri kimi istifadə edən camaatın əlindən alıb, hasarlatdırdım. Məzarlara başdaşı simvolu kimi xaçlar basdırdıq. Müxtəlif yaşıllıq və meyvə ağacları əkib güllük saldım. Suvarmada problemlər yaşanmasın deyə qəbristanın ən yüksək yerinə 30 kubmetr tutumu olan 6 metrlik su çəni basdırdım, yəni burada istədiyin vaxt su var. Qəbirlərin arasına cərgə ilə səksən ədəd qızılgül ağacı əkdirdim.

- Bəs buranın qarovulçusu yoxdurmu?
- Bir yaşlı qadın var, məzarlığa həmişə o nəzarət eləyir, içəridə mal-heyvan otarmaq istəyənlərin qarşısını alır. Biz buranı çəpərə alana qədər sakinlər burada qəbiristan olduğunu unutmuş, daşları təmizləyib dirrik əkmişdilər.

- Burada uyuyanların doğmalarından ziyarətə gələn olurmu?
- Gəlirlər, əlbəttə. Almanların belə bir devizi var: “Heç bir alman unudulmur!” Bura gələnlər əsasən mənimlə görüşürlər. 2013-cü ildə bir alman öz atasının qəbrini burada tapdı. Qəbristanı gördükdən sonra hiss elədim ki, o, atasının acı taleyini, buradakı həyatını təsəvvür eləməyə çalışır. Sonra həmin alman qonaq bu məzarlıqda uyuyan atasının adını dəmir bir lövhəyə həkk elətdirdi və lövhəni qəbiristanın girəcəyində bərkitməyi məndən xahiş elədi. Mən də usta çağırıb onun bu xahişini yerinə yetirdim...



“Nemes parkı”

Xalq arasında “Nemes parkı” kimi tanınan bu ərazi, şəhərin mərkəzi küçəsi olan keçmiş “Kilsə”, indiki Səbuhi Hacıyev küçəsində yerləşir.

1883-cü ildə Avropada Xristianlığın lüteranlıq məzhəbinin yaradıcısı, böyük din xadimi Martin Lüterin 400 illik yubileyi təntənəli şəkildə qeyd olunurdu. Azərbaycanda yaşayan Vüttenberq Krallığından olan Şvab almanlarının da dini inancı lüterançılıq idi. Həmin dövrdə Helenendorflu almanlar onun xatirəsini əbədiləşdirmək qərarına gəlirlər. Beləliklə, 1883-cü ildə kilsənin qarşısındakı geniş ərazidə yaşıl park salınır.



Martin Lüter (1483-1546) Vüttenberq Universitetinin professoru, teoloq, keşiş və Almaniyada reformasiya hərəkatının ideoloqu olub. Lüter əhali qarşısında katolik kilsəsinin fırıldaqçılığı və zülmü əleyhinə ilk dəfə çıxış edib. Cənnət qəbzlərinin (indulgensiya) satışına etiraz edən keşiş Lüter, katolik kilsəsinin xristianlığa böyük zərbə vurduğu haqda nitqlər söyləyir. Əhalinin bütün təbəqələrindən Lüterə dəstək verənlər sürətlə çoxalır. Roma papası onun həbsi haqda göstəriş verir, lakin cəngavərlər Lüteri gizlədirlər. Lüterin məşhur çıxışı ilə başlayan mübarizə getdikcə qızışır və katolik kilsəsini sarsıdır. Bu hərəkat tarixdə Reformasiya inqilabı adlanır. İncildə yazılanlardan başqa hər hansı dini qayda-qanunu saxta adlandıran Lüter “Xristian Şəxsin Azadlığı Haqqında” əsərində insanla tanrı arasında hər hansı vasitəçinin ola biləcəyi ehtimalını tamamilə rədd edirdi. Lüterin dini islahatları xristianlıqda yeni bir məzhəbin - Lüteranlığın əsasını qoyur.

O zaman Çar Rusiyasının təsirində olan ölkələrdə rus dili hakim olduğundan Cənubi Qafqazda yerləşən almanlar da öz dillərində təhsil ala bilmirdilər. Lakin onlar yalnız dini dərsləri öz dillərində, yəni almanca keçə bilirdilər. Bu mənada dini dərslər həm də onlara öz dillərini yaşatmaq vasitəsinə çevrilmişdi. Buna görə almanlar kilsə tikilənə qədər dini tədbirlərini evlərdə keçirirdilər.

Kilsə tikildikdən sonra Helenendorf almanları hər həftənin müəyyən günlərində şəhər mərkəzindəki müqəddəs İohann kilsəsinə toplaşır, dini rituallar həyata keçirir, keşişin nitqinə, arqan musiqisinə qulaq asırdılar. Bu kilsə yad ölkədə onların birlik ocağına çevrilmişdi.



Divarları metal şəbəkə ilə əhatə olunmuş bağın içərisində müxtəlif növ ağaclar, əsasən çinar, küknar və şabalıd ağacları əkilir. Bələdçimiz Fikrət müəllim dediyinə görə ərazisinin genişliyi və ağacların sıxlığı bu bağı meşəyə bənzədirmiş. 1941-ci il sürgünlərindən sonra Helenendorfda demək olar ki, çox az sayda alman qalmışdı. Əvvəlki yazımızda xatırlatdığımız kimi, repressiyadan müxtəlif vasitələrlə canlarını qurtaran bəzi alman sakinlər öz milliyyətlərini və sənədlərini dəyişərək gizlənə bilmişdilər. Həmçinin, valideynlərindən biri qeyri-alman olan sakinlərə də toxunulmurdu (Göygölün sonuncu almanı Viktor Kleyn də bu sıradan idi).

Kilsənin qarşısındakı bu yaşıl bağ, almanlar buradan köçürüldükdən sonra bir neçə dəfə dəyişikliyə uğrayır. Təxminən 1960-cı illərdə parkın dəmir hasarları sökülür, ağacları kəsilir və ərazisi bir neçə dəfə kiçildilir. Bağın içərisində çayxana, restoran, klub və bəzi ticarət obyektləri fəaliyyət göstərir.

Fikrət müəllimin söylədiyinə görə, almanların vaxtında həmin parkın iki girişi olub. Hasarları söküldükdən sonra bu günə qədər açıq park kimi insanlara xidmət göstərir. Parkın içərisində vaxtilə, dörd fontan inşa edilib. Sağ tərəfdəki fontanlardan birinin yoxluğu isə bu simmetriyanı pozur. Lakin xalis ağ mərmərdən hazırlanmış üç fontan, hazırda işlək vəziyyətdə olmasa da, öz əzəmətini itirməyib. Parkın geniş küçəyə açılan digər girəcəyində isə ümumilli lider Heydər Əliyevin büstü ucaldılıb.

Parkın bu hissəsində, (büstün arxa tərəfində) almanlar tərəfindən vaxtilə, nəhəng fontan kompleksi qurulubmuş. Fontanın su bazası almanların şəhərə çəkdiyi ümumi su kəmərinə qoşulmaqla təmin olunurmuş. Almanlar şəhərin içməli suyunu isə 1903-cü ildə, Hacıkənd yaxınlığındakı Köşkçü kəndinin meşəliyindən çəkmişdilər.



...Axşamüstüdür. “Nemes parkı”nda gəzişirik. Voleybol oynayan bir neçə uşaq və skamyada oturub susan iki qocadan başqa kimsə gözə dəymir. Biz Fikrət müəllimin təkidi ilə “Nemes parkı”nın ayağından yolu o biri tərəf keçirik və pilləkənlərlə almanların saldığı başqa bir bağa enirik. Bələdçimizin dediyinə görə istirahət günləri axşamlar bağın girəcəyi tərəfdə Azərbaycan musiqiçiləri, baş tərəfində isə alman orkestri musiqi səsləndirərmiş.

Sonra biz yavaş-yavaş gəlib bağın Gəncə çayı axan tərəfinə yetişdik. Fikrət müəllim əlini çayın yatağı tərəfə uzadıb söhbətinə davam elədi:
- Aşağıda isə Forer qardaşlarının inşa etdiyi dəyirman vardı. Dəyirman üç növ un və müxtəlif un məmulatları istehsal edirdi. Dəyirmanın istehsal etdiyi mallar əsasən Gəncə ərazisində satılırdı. Çayın yuxarı, tağlı körpüyə yaxın hissəsində isə 1911-ci ildə Maks Frikin rəhbərliyi ilə Azərbaycanda ikinci su elektrik stansiyası quraşdırılmışdı. Frikin özünü 30-cu illər repressiyasında güllələdilər. Bu SES 1960-cı ilədək, Mingəçevir SES-in açılışına qədər fəaliyyət göstərmişdi. Şəhərimiz buradan elektrikləşirdi. Çayın biz duran sahilində pilləkən kimi iki enli yol salınmışdı. Parka gələn sakinlər bu yollarda gəzişər, dağların saf havasını udar, Gəncə çayının zümzüməsini eşidərdi. Yol boyu çinarlar əkilmiş, skamyalar düzülmüşdü. Burada gəzintiyə çıxan adamlar üçün bağda pulsuz tibb məntəqəsi fəaliyyət göstərirdi. İstirahətə gələnlər istəsəydilər gəzintidən əvvəl və sonra öz sağlamlıq durumlarını müayinə elətdirirdilər. Hazırda isə, gördüyünüz kimi, nə dəyirmandan, nə də SES-dən əsər-əlamət qalıb. Çayqırağı o yolların yerində isə bu qanqallar bitib.

(Ardı burada)
AzVision.az

Teqlər: #Azərbaycan-almanları   #Göy-Göl   #Helenendrof