"Ölkəmiz məsuliyyətli tərəfdaş olduğunu sübut edib" - Vitse-spiker

  22 Sentyabr 2017    Oxunub : 931
"Ölkəmiz məsuliyyətli tərəfdaş olduğunu sübut edib" - Vitse-spiker

"Azərbaycan beynəlxalq tərəfdaşlığa önəm verir. Ölkəmiz çox məsuliyyətli tərəfdaş olduğunu bütün sahələrdə sübut edib. İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin əməkdaşlığı dünyada sülh şəraitinin yaradılması, iqtisadi əlaqələrin genişləndirilməsi, təhlükələrə qarşı vahid mövqenin formalaşdırılması, lazmı qərarların əldə edilməsində mühüm əhəmiyyətə malikdir"

AzVision.az xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Bahar Muradova Bakıda “Avronest” PA tərəfindən "Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə Şərq Tərəfdaşlığı Ölkələri Parlamentlərinin cəlb edilməsi” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Vitse-spiker qeyd edib ki, bu sahədə niyyətlər, siyasətlər önəm kəsb etdiyi kimi burada təcrübənin də əhəmiyyəti az deyil: “Təcrübələrin bölüşdürülməsi və bunun daha yüksək səviyyədə olmasına mane olan problemlərin araşdırılması və həlli yollarının tapılması üçün konfrans xüsusi əhəmiyyətə malik olacaq. Gender bərabərliyi mühüm amillərdən biridir. Hesab edirəm ki, Şərq tərəfaşlığı üzrə həyata keçirilən layihələr kimi, bu sahədə də əməkdaşlıq öz töhfəsini verəcək. Azərbaycanda bu istiqamətdə layihələr həyata keçirilir”.

Azərbaycanda əsas resursun insan amili olduğunu deyən Bahar Muradova bildirib ki, məhz bunu nəzərə alaraq bu sahədə bir sıra proqramlar həyata keçirilib və konkret nəticələr əldə olunub.

“Azərbaycanda dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsinə dair dövlət başçısı tərəfindən mühüm addımlar atılıb. Qadın sahibkarlığı, gender bərabərliyi məsələsi ilə bağlı bir sıra tədbirlər həyata keçirilib. Bununla bağlı mühüm qanunvericilik bazamız var və onun nəticələri də görünməkdədir. Bu baxımdan biz təcrübələrimizi bölüşə bilər və problemləri həll edə bilərik”.

Aytən Zəhra
AzVision.az

Teqlər: Milli-Məclis   Bahar-Muradova