Təhlükəli ziyarət

  20 Noyabr 2017    Oxunub : 9576
Təhlükəli ziyarət

Hər il Azərbaycandan “Ərbəin”ə - yəni İmam Hüseynin qırx mərasiminə getmək üçün Kərbəlaya yollanan insanların sayı sürətlə artır. Ötən il 15 min Azərbaycan vətəndaşı bu məqsədlə İraqa getmişdi, bu il həmin rəqəm 20 mindən çox olub, gələn il isə 30 minə çata bilər. Bu rəqəmlər narahatçılıq üçün ciddi əsas yaradır. Çünki ortaya cavablandırılması vacib olan bir neçə ciddi sual çıxır:

1) Bu qədər azərbaycanlı ora necə, hansı xəttlə gedir? Onların səfərini kimlər təşkil edir?
2) Kərbəlaya yollanan vətəndaşlarımızın təhlükəsizliyinə hansısa təminat varmı?
3) Ziyarət marşrutunun qaynar bölgələrdən keçdiyini nəzərə alsaq, vətəndaşlarımızın xaricdə radikal ideologiyaların daşıyıcıları tərəfindən ələ alınmaq riski nə qədərdir?

Əvvəla onu qeyd edək ki, Həcc ziyarətindən fərqli olaraq, “Ərbəin” islamın vacib ibadətlərindən deyil. Amma son vaxtlar aparılan radikal şiə təbliğatı onu möminliyin 5 əlamətindən biri elan edib. Məsələn, dini saytlarda və sosial şəbəkə səhifələrində çox geniş təbliğ edilən bir tezisə görə, şiələrin 12 imamından biri olan Kiçik Həsən (Həsən Asğər) buyurub: “Möminin əlaməti beş şeydir: 1) Namaz qılmaq, 2) “Ərbəin” ziyarəti, 3) Sağ ələ üzük taxmaq, 4) Alnını torpağa qoymaq, 5) “Bismilləhir- Rahmənir-Rahim”i yüksək səslə demək”.

Göründüyü kimi, burada “Ərbəin” ziyarəti və sağ ələ üzük taxmaq islamın namaz qılmaq kimi vacib əlaməti ilə eyni sıraya qoyulur. Əslində İslamın 5 şərti bunlardan xeyli fərqlənir.



Əlbəttə, dinin bütövlüyünü parçalayan istənilən ideologiya və rituallar bütövlükdə islam dünyası üçün də, ayrı-ayrı xalqlar, hətta dövlətlər üçün də ziyanlıdır. Çünki hər bir dövlət əksinə, cəmiyyəti birləşdiriən ideologiyaların olmasında maraqlıdır. Azərbaycanda isə dini parçalayan təbliğat getdikcə geniş yayılır ki, “Ərbəin” mərasiminə yollanan insanların sayının ildən-ilə artması həm də bununla bağlıdır. Bunda maraqlı olan qüvvələr var.

Amma bizi hazırda yuxarıda qoyduğumuz suallar daha çox maraqlandırır. Əvvəla, o ziyarətə yollanan insanların cəmlənməsi, səfərlərin təşkili yarlımqapalı kanallar vasitəsilə baş verir ki, bu, narahatlıq doğurmaya bilməz. Səfərləri təşkil edən şəxslər və şirkətlər şəffaf fəaliyyət göstərmirlər. Çox vaxt onlar sadəcə, insanları mənzil başına çatana qədər müşayiət edir, sonrası ilə maraqlanmırlar. Məsələn, bu il Təvəkkül Həsənov adlı karvanbaşı bir qrup zəvvarı aldadaraq, pullarını mənimsəyib. Onun dəstəsində gedənlər öz hesablarına ölkəyə qayıtmalı olublar. Başqa qruplarda otel haqqı ödənilmədiyinə görə küçədə gecələyənlər olub. Belə hallar ona görə yaranır ki, qrupların səfərlərini təşkil edənlər kimlərinsə tərəfindən seçilmiş şübhəli şəxslərdir, heç birinin bu cür fəaliyyət üçün lisenziyası yoxdur.



İnsanlar 15 gün ərzində qapalı sosial qrup şəklində yolda olurlar. Bu müddətdə kimlərsə onlarla ünsiyyət qura, ideoloji və psixoloji təsir göstərə, müxtəlif yarımqapalı, yaxid qapalı dini-idoloji birliklərə cəlb edə bilər. Belə olmaması üçün qrupların ideoloji cəhətdən təhlükəsizliyinə heç bir nəzarət yoxdur. Və böyük ehtimalla, elə belə də olur: Biz Kərbəlaya gedib-gələndən sonra dünyagörüşü kəskin şəkildə dəyişən gənclər tanıyırıq. Onlar dünyəvi fikirlərdən tamamilə imtina edərək, radikal islamçılığa tərəf meyilləniblər. Səbəb, güman ki, məhz səfər zamanı məruz qaldıqları psixoloji təsirlərlə bağlıdır.

Zəvvarların təhlükəsizlik məsələsi xüsusilə ciddi problemdir. Səfərə gedənlərin qeydiyyatı düzgün aparılmadığından, əgər kimsə orada qalsa, yerli hərbi-siyasi qruplaşmalara qoşulsa, biz bunu sadəcə, bilməyəcəyik. Bu il gedən zəvvarlardan 3 qadın geri dönməyib. Biri isə vəfat edib və cənazəsini gətirmək mümkün olmayıb. Zəvvarları aparan avtobuslardan biri Biləsuvarda qəzaya uğrayıb və təbii ki, ortada heç bir sığorta olmadığı üçün ayrı-ayrı şəxslərə dəyən ziyan kompensasiya edilməyib.



Digər tərəfdən, bu turların sırf dini məqsəd daşıdığı da şübhə doğurur, çünki nə qədər qəribə görünsə belə, Kərbalada siyasi tələblər də səsləndirlib. Məsələn, Azərbaycandan gedən zəvvarlar ziyarət zamanı Nardaran hadisələrinin təşkilində şübhəli bilinən Hacı Taleh Bağırzadə və onun tərəfdalarının plakatlarını qaldırmışdılar. Burada ora plakat aparmaq və siyasi şüarlar səsləndirmək nə deməkdir? Bu, kimin ağlına gələ bilər və doğrudanmı, dini məqsəd daşıyır?



Amma ziyarətin siyasi məqamları bununla bitmir. Kərbalaya gedən soydaşlarımız, xüsusilə gənclər bölgədəki siyasiləşmiş radikal şiə təşkilatları ilə birbaşa əlaqə yaradır, ölkəyə onların təhlükəli ideologiyasının daşıyıcısı kimi qayıdırlar. Hərçənd, qayıtmayanlar da olur...

Din – insanın və cəmiyyətin mənəvi dünyasını zənginləşdirmək üçündür. Əgər bu məqsədə xidmət edirsə yaxşı, qalan bütün hallarda isə pis və qorxuludur. Ola bilər ki, “Ərbəin” ziyarətinə getmək istəyənlərin çoxu buna həqiqətən də mənəvi ehtiyac hiss edirlər. Amma həmin mənəvi ehtiyac sonra fırıldaqçıların, siyasəti dinə qatan şarlatanların, ideologiya alverçilərinin, təbliğatçıların xeyrinə işləyəcəksə, bu, artıq din olmur. Yaxşı olar ki, dinə səmimi inanan vətəndaşlarımız din tacirlərinin əlində vasitəyə çevrilməsinlər.

Tariyel Həsənov
AzVision.az

Teqlər: #Ərbəin-yürüşü