“Ermənistanda çörək Qarabağdan qat-qat şirindir” - Günün reallığı

“Ermənistanda çörək Qarabağdan qat-qat şirindir” - Günün reallığı
  11 Yanvar 2018    Oxunub:5481
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bəyan edib ki, bu gün beynəlxalq reytinqlərə görə, Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır və ordumuz üçün nə lazımdırsa, o da edilir.
Ali Baş Komandan bildirib ki, Ordumuzun maddi-texniki bazası möhkəmlənir. Hərbi bazalar, şəhərciklər, hərbi hissələr yenidən qurulur, əsaslı təmir edilir: "Bizim hərbi şəhərciklərimizin, bazalarımızın, hissələrimizin 80 faizi artıq beynəlxalq standartlara cavab verir. Təmirə ehtiyacı olan qalan hərbi hissələrin təmir işləri növbəti illərdə yekunlaşmalıdır. Nə qədər lazımdırsa vəsait ayrılır və ayrılacaq. O cümlədən yeni müasir silahların alınması üçün lazım olan vəsait ayrılır".

Dövlət başçısı, həmçinin qeyd edib ki, yoxsul Ermənistandan fərqli olaraq, biz öz hesabımıza yaşayırıq, o cümlədən hərbi gücümüzü öz hesabımıza artırırıq. Ermənistandan fərqli olaraq heç kimdən dilənmirik, heç kimə yalvarmırıq, kredit üçün müraciət etmirik. Ona görə Azərbaycan ictimaiyyəti və düşmən bilməlidir ki, Azərbaycan Ordusu bundan sonra da güclənəcək və istənilən tapşırığı yerinə yetirməyə hazırdır. Yaxın tarix bunu göstərib.



Prezidentin çıxışını AzVision.az-a şərh edən millət vəkili Zahid Oruc bildirib ki, Ermənistan ötən dövr ərzində yürütdüyü siyasətin girovuna çevrilib:

“Ölkə başçısının daim diqqət göstərdiyi məsələlərdən biri regional kontekstdə dövlətlərin imkanlarına, onların yürütdüyü siyasətə qiymət verməkdir. Bu da çox önəmlidir. Çünki, insanlar müqayisələrdə gerçəklikləri dərk edirlər. Digər tərəfdən 90-cı ilin ortalarında son dərəcə ağır bir vəziyətə düçar olan, ərazi işğalına məruz qalan və buna görə də böyük köçkün kütləsinin humanitar fəlakətini yaşayan ölkənin haradan hara gəldiyini təhlil edə və buradan çox mühüm nəticələrin çıxarılaması mümkündür. Reallıq ondan ibarətdir ki, Ermənistan ötən dövr ərzində yürütdüyü siyasətin girovuna çevrildi. İndi onlar iki erməni dövləti qurmaq istəyirlər.

Əvəzində birindən də məhrum oldular. Nə üçün belə oldu? Bunun səbəblərini geopolitika üzrə mütəxəssis olmadan da göstərmək mümkündür. Əvvəla, Ermənistan sadə ermənilərin özü üçün cazibədar deyil. Yəni, orada yaşamaq, təsərrüfat fəaliyyəti qurmaq, həyat formalaşdırmaq perspektivini müəyənləşdirmək qeyri-mümkündür. Hətta, tam müxalif deyil, orta yönümlü şəxslərin Ermənistanın informasiya məkanına çıxardıqları mövqeyi izləyəndə dediyimizə şahid oluruq. Çox ağır qanunların höküm sürdüyü yerdə sahibkarlıq fəaliyyətini inkişaf etdirə, özün üçün iqtisadi planlar və proqramlar qura bilmirsən”



“İki dövlət yaratmaq istəyən ermənilər digərindən də məhrum oldular”

Z.Orucun fikrincə, ermənilər türk dünyasına qarşı aqressiv münasibətləri üzündən özlərini tam təcrid olunmuş vəziyyətə salıblar: “Bu da özünü onların büdcəsində, həyatında, yaşamında göstərməkdədir. Türkiyənin işğalçı ölkə isə münasibəti yoxdur. Bu, o deməkdir ki, sərhəd bağlı vəziyyətdə nə dəmiryolunu işlədə bilirlər, nə də digər nəqliyyat vasitələrindən istifadə edə bilirlər. Əvəzində sərhəd bölgəsi üzrə insanların qura biləcəyi fəaliyyətin hər birinin üzərindən xətt çəkilmiş olurlar”.

“Ermənistanda çörək Qarabağdan qat-qat şirindir”

“Cəmiyyət nə qədər normal həyat və yaşam müstəvisindən çıxıb, ayrı bir ideolojinin yeminə çevrilər? Nə qədər? Neçə illər? Nə qədər gəlib səngərdə dayanmaq olacaq? 1 il, 3 il, 5 il, 20 il? Yəni, uzun illər səngərdə həyat qura bilməzsən. Cəbrayılda, Füzulidə, Ağdamda ömrünü çürüdən əsgər ora vətən deyə bilmir. Çünki, gerçək deyil. Digər tərəfdən, axı, uzun müddət müharibə vəziyyətində yaşamağın da perspektivi yoxdur. Azərbaycan resursları hesabına özünü 90-cı illərin ağır durumundan çıxara bildi. Kənardan baxanda elə bilirlər ki, Qarabağ müharibəsinin qalibi Azərbaycan, məğlub tərəf Ermənistandır. Reallıqda ərazi ələ keçirmək qələbəni müəyyənləşdirmir. Vətəndaşın boğazından kəsib, tanka, topa verib, onu Azərbaycanla təmas xəttinə yığmaqla insanlar yaxşı yaşamayacaqlar. SSRİ-nin çöküşü dövründə insanlar müxtəlif etiraz aksiyalarına çıxanda elə bilirdilər ki, böyük vətən amalları belədir.

Yəni, adamlar qışqıracaqlar, hayqıracaqlar, Qarabağı istəyəcəklər və bununla da yaşayacaqlar. Sonrakı dövrdə göründü ki, məsələ belə deyil. İndi Ermənistanda çörək, Qarabağdan qat-qat şirindir. Ona görə də cənab prezident haqlı olaraq söyləyir ki, silahı, tankı, topu da nisyə, borca alırlar. Sanki ölkəni bütövlükdə kirayəyə veriblər. Ermənistan erməni, yox rus dövlətdiir. Onu artıq forpost adlandırmaq da yerinə düşmür. Çünki sərhəddi qoruyan rus hərbi birləşmələridir. Bütün bunlar erməni qələm adamlarının fikirləridir. Belə olan təqdirdə “formalaşmamış dövlət” anlayışı Ermənistana tamamilə uyğundur”, - Z.Oruc bildirib.

"Aprel döyüşləri Ermənistanda antiRusiyaçıları gücləndirib"

Z.Oruc əlavə edib ki, Azərbaycan Ermənistandakı insan fiqurlarını məğlub etmək gücündədir: “Bütün bu mənzərədən belə bir fikir hasil ola bilər ki, nə üçün zəif Ermənistanı Azərbaycan məğlub etmir? Hərbi meydanda onları uduzdurub, torpaq bütünlüyünə nail ola bilmir? Bunun cavabı hamıya bəllidir. Bölgəni münaqişələr vasitəsilə idarə edən dövlətlər var və onlar hələki hazırkı arxitekturanı belə cızıblar. Onlar düşünürlər ki, Azərbaycan özünün torpaq bütünlüyünə nail olsa, idarəolunmaz vəziyyətdə olar, ona təsir etmək qeyri-mümkün vəziyyətə gələr. Ona görə də, hələki məsələni bu vəziyyətdə saxlayırlar. İndiki reallıqda Qarabağa kim sahib olsa, Rusiyanın köləsi vəziyyətinə düşəcək.Ermənistan 200 milyon dollar Rusiyadan kredit alıb. O pul Ermənistan büdcəsinə gəlmir. Sadəcə Rusiyadan sonra hanıssa silahların alınması üçün qaytarılır, özü də müəyyən bir faizlə. Ermənistanda antiRusiyaçılar aprel döyüşlərindən sonra daha da gücləniblər. Onlar deyirlər ki, vassalıqdan çıxmalıyıq. Ölkənin perspektivini satmaq olmaz. Real mənzərə budur.

Təxminən belə bir vəziyyət yaranıb. Sən şahmat taxtasında rəqibin bütün daşlarını əlindən almısan. Amma, qalib və məğlub elan olunmur. Təxminən belə bir durumdur. Azərbaycan hərbi, siyasi, iqtisadi, diplomatik imkanlarına görə qarşı tərəfdən güclüdür və onların insan fiqurlarını məğlub etmək gücündədir. Lakin bizim söylədiyimiz savaş baş vermir. Ona görə də bu gün Ermənistanı tərk edən insanların sayı rəsmi statistikaya əsasən 90 min nəfərdən çoxdur”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Zahid-Oruc   Ermənistan   Qarabağ  





Xəbər lenti