Füzuli istiqamətində ələ keçirilən kvadrokopter nədir? - ARAYIŞ

Füzuli istiqamətində ələ keçirilən kvadrokopter nədir? - ARAYIŞ
  22 Fevral 2018    Oxunub:15170
Ötən gün Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter cəbhənin Füzuli istiqamətində Azərbaycan ordusunun mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərib. Azərbaycan ordusunun bölmələrinin sayıqlığı nəticəsində kvadrokopter vaxtında aşkar olunaraq ələ keçirilib.
Kvadrokopter nədir, hansı funksiyalara malikdir?

AzVision.az-ın araşdırmasına əsasən, kvadrokopterlərin müxtəlif çeşidləri mövcuddur. Kvadrokopterlər yerdən təxminən 50 metr yüksəklikdə çəkiliş aparmaq funksiyasına malikdir. Bu texnika son vaxtlar əlçatan olduğundan və az maliyyə tələb etdiyindən geniş istifadə olunur. Görünür, erməni tərəfi qiyməti digər PUA-larla müqayisədə xeyli ucuz olduğundan kvadrokopterlərdən istifadə etməyə başlayıb. Hansı ki, bu kimi texnikalar sırf döyüş şəraiti üçün nəzərdə tutulmayıb. Kvadrokopterlərdən xarici ölkələrdə daha çox toy və nişan mərasimlərində, digər çəkilişlərdə istifadə edilir.



Təyyarə və delta qanad tipli PUA-lardan fərqli olaraq havada bir nöqtədə asılı qalaraq ərazinin müşahidəsini apara bilən kvadrokopterlər özünün kiçik qabariti, ucuz qiyməti və sadə iş prinsipi ilə seçilir. Bu aparatların ölçülərinin kiçik olması və aşağı hündürlükdən uçuşu onların radarlarla təsbitini çətinləşdirir. Qeyd olunan imkanlarına görə, adıçəkilən aparatlar sərhəd ərazilərdə daha geniş istifadə olunur.

Təbii ki, erməni ordusunda maliyyə sıxıntılarının olması heç kimə sir deyil. Ermənistanda orduya ayrılan vəsaitin həcmi Azərbaycanla müqayisə olunmayacaq qədər azdır. Bu səbəbdən işğalçı orduda kvadrokopter kimi keşfiyyəti aşağı olan ucuz texnikalar istifadəyə cəlb olunur. Kvadrokopterlərin bazar qiyməti 40-500 dollar arası dəyişir.



Kvadrokopterlərdən gündəlik həyatda və biznes mühitində də istifadə olunur. Uçan aparatlar vasitəsi ilə əsasən klip, şəhər görüntüləri, filmlər və digər çəkilişlər həyata keçirilir. Mülki pilotsuz uçuş aparatları ilə müqayisədə döyüş şəraitində düşməni izləmək üçün istifadə edilən PUA-lar adətən böyük həcmə və çəkiyə malik olur. Aparatlar verilən tapşırıqdan asılı olaraq havada 24 saat və daha uzun müddət qala bilir.



Ermənistandan fərqli olaraq Azərbaycanda kəşfiyyat üçün nəzərdə tutulan pilotsuz uçuş aparatlarından əlavə, yeni nəsil pilotsuz uçuş aparatları istehsal edilir. Müdafiə Sənayesi Nazirliyinin istehsalı olan bu aparatlar düşmənin həm hərbi texnikasını, həm də canlı qüvvəsini məhv etmək qabiliyyətinə malikdir. Artıq ölkəmizdə kumulyativ başlıqlı pilotsuz hava aparatlarının istehsalına başlanılıb. Aparatlar həm kəşfiyyat aparmağa, həm də düşmənin sığınacaqlarını, texnikasını, canlı qüvvəsini istənilən anda məhv etmə imkanına malikdir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Kvadrokopter   Cəbhə  





Xəbər lenti