Komitə sədri tələbələrin suallarını cavablandırıb

Komitə sədri tələbələrin suallarını cavablandırıb
  26 May 2018    Oxunub:1297
Mayın 25-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ərazisi işğal altında olan rayonlardan “SABAH” qrupunun tələbələri üçün info-tur təşkil edib.
Komitədən AzVision.az-a verilən məlumata görə, info-turun məqsədi “SABAH” tələbələrinə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin fəaliyyət istiqamətləri barədə məlumat vermək və gələcəkdə onları Komitədə çalışmalarını təşviq etməkdir.

Tələbələrlə görüşən Dövlət Komitəsinin sədri Rövşən Rzayev Komitənin əsas fəaliyyət istiqamətləri barədə məlumat verib.

O, tələbələrə Azərbaycan dövlətinin məcburi köçkünlərin problemlərinin həlli istiqamətində gördüyü işlərdən danışıb. Qeyd edib ki, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu humanist siyasət hazırda dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən bu istiqamətdə irimiqyaslı layihələr həyata keçirilir.

Mayın 24-də Lökbatan qəsəbəsinin yaxınlığında məcburi köçkünlər üçün salınan “Qobu Park” yaşayış kompleksinin açılışından danışan Dövlət Komitəsinin sədri dünyanın heç bir yerində məcburi köçkünlərə belə şəraitin yaradılmadığını vurğulayıb. Bildirib ki, Azərbaycan dövlətinin bu sahədə əldə etdiyi nailiyyətlər, təcrübə artıq dünyada bir model kimi qəbul olunur və beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir.

Tədbirdə “SABAH” qrupunun fəaliyyətinə toxunulub, Azərbaycan gənclərinin fərdi və müasir tələblərə uyğun təhsil almaları istiqamətində bu layihənin əhəmiyyətindən danışılıb.

Layihə çərçivəsində ali təhsil müəssisələrində təhsil alan savadlı, bacarıqlı tələbələrin kadr hazırlığının təmin edilməsi məqsədi ilə müxtəlif dövlət qurumlarında təcrübə keçdiyi və gələcəkdə də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində onların peşəkar kadr kimi yetişməsi üçün hər bir şəraitin yaradılacağı diqqətə çatdırılıb.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

AzVision.az


Teqlər: Rövşən-Rzayev  





Xəbər lenti