Müsavatçıların gizli planı - Arif Hacılı yola salınır
Partiyadakı mənbələrin bildirdiyinə görə, qurultay öncəsi Müsavatda maraqlı hadisələr baş verməkdədir. Güman edilir ki, hazırkı başqan Arif Hacılı növbəti qurultayda postu ilə vidalaşacaq.
Xatırlayırsınızsa, bir müddət əvvəl Müsavat başqanı Arif Hacılı ard-arda müavinləri Elman Fəttah, Tofiq Yaqublu və Yadigar Sadıqovu tutduqları postdan uzaqlaşdırdı. Səbəb kimi isə hər üç şəxsin partiyadakı fikir ayrılığına görə istefa verdiyi göstərildi. Amma bu istefalar da Müsavatı, daha doğrusu Arif Hacılını düşdüyü ağır durumda xilas edə bilmədi. Hazırda partiya daxilində fikir ayrılıqları daha da şiddətlənib və Arif Hacılı partiyaya nəzarəti itirməkdədir. O, növbəti qurultaydan sonra postu ilə birdəfəlik vidalaşa bilər.
Digər bir maraqlı məqam isə ondan ibarətdir ki, hazırda Müsavatda ikitirəlik yaranıb. Belə ki, sabiq müavinlər Elman Fəttah, Yadigar Sadıqov və Divan üzvü Alya Yaqublu, Məclis üzvü Vasif Sadıqbəyli növbəti qurultayda Tofiq Yaqublunun başqan seçilməsi üçün fəaliyyətə başlayıblar. Onun növbəti qurultayda nüfuzunu itirmiş Arif Hacılı qarşısına daha güclü çıxması üçün əllərindən gələni edirlər. Mənbənin sözlərinə görə, hazırda partiyada Arif Hacılını qardaşı Mustafa Hacıbəyli və Gülağa Aslanlıdan başqa heç kim müdafiə etmir.
Görünür, tarix yenidən təkrarlanacaq. Növbəti qurultaydan sonra Müsavat ya yenidən parçalanacaq, ya da yeni başqanla yoluna davam edəcək.
Elvin Abdulqədirov
AzVision.az
Teqlər: Müsavat Arif-Hacılı