12,5 kq narkotik müsadirə edilib
Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər narkotikə görə məhkum olunmuş Fariz Məmmədov 5 qram tiryəki satarkən cinayət başında yaxalanıb. Şəxsi axtarış zamanı ondan 25 qram tiryək, yaşadığı evdən isə 6 kiloqram 400 qram tiryək və 1 ədəd içərisində narkotik vasitənin qalıqları olan şüşə flakon aşkar edilərək götürülüb.
Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan Sarıcalı kənd sakini Elsevər Rzayevdən marixuana aşkar edilib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 18 ədəd çətənə kolu, evindən isə əlavə olaraq 3 kiloqram 700 qram marixuana aşkar edilərək götürülüb.
Masallı Rayon Polis Şöbəsinin əməkdaşları Öncəqala kənd sakini Elmir Məlikovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 10 ədəd çətənə kolu, yaşadığı evdən 460 qram marixuana, Ucar Rayon Polis Şöbəsinin əməkdaşları şəhər sakini, əvvəllər məhkum olunmuş Əlipaşa Nuruyevin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 13 ədəd çətənə kolu, evindən isə 465 qram marixuana aşkar edərək götürüblər. Faktlarla bağlı cinayət işləri başlanılıb. Bu istiqamətdə tədbirlər davam etdirilir.
AzVision.az