İlham Əliyev: "Heç kim tənqidə görə təqib olunmur"
"Bildiyiniz kimi, bu il Azərbaycanda prezident seçkiləri keçirilib. Seçkilər ərəfəsində və seçkilərdən sonra müxalifət bir çox aksiya, mitinqlər keçirmişdir - azad, sərbəst şəkildə, heç bir maneəsiz. O başqa məsələdir ki, o aksiyalara min nəfərdən çox adam gəlməmişdir. Bu da yəqin ki, müxalifətin hansı hörmətə malik olduğunu göstərir, ancaq heç bir məhdudiyyət qoyulmur", - deyə dövlət başçısı əlavə edib.
Prezident bildirib ki, Azərbaycan demokratik dəyərlərə, insan haqlarına sadiqdir: "Avropa Şurası təkcə Azərbaycanı yox, bir çox ölkələri tənqid edir. Biz bu tənqidə normal yanaşırıq. Əgər tənqid əsaslıdırsa, biz, əlbəttə, nəticə çıxarırıq. Əgər biz hesab ediriksə, bu tənqid əsassızdır, qərəzlidir, ikili standartlara əsaslanır, əlbəttə ki, öz sözümüzü deyirik, açıq şəkildə bildiririk. Mən də giriş sözümdə qeyd etdim ki, xanım Kanslerlə insan haqları, demokratik inkişafla bağlı məsələlər açıq, konstruktiv şəkildə müzakirə edildi və bu məsələlər bundan sonra da müzakirə olunacaq.
Bizim gündəliyimiz çox genişdir və müzakirə olunan bütün məsələlər eyni əhəmiyyət daşıyır - energetika, nəqliyyat, ticarət, regional təhlükəsizlik, o cümlədən demokratik inkişaf. Avropa İttifaqı ilə Azərbaycan arasında bu gün müzakirə olunan yeni sazişdə də demokratik məsələlərə geniş yer ayrılır. Yəni, biz bu yola şüurlu şəkildə getmişik, heç kim bizi məcbur etməyib. Azərbaycan müasir, demokratik ölkə kimi bundan sonra da uğurla inkişaf edəcək, bizim siyasi və iqtisadi islahatlarımız bir-birini tamamlayaraq Azərbaycanı daha da yüksək səviyyəyə çıxaracaq".
AzVision.az
Teqlər: İlham-Əliyev Prezident