Makedoniya NATO və Aİ-yə daxil ola bilməyəcək

Makedoniya NATO və Aİ-yə daxil ola bilməyəcək
  01 Oktyabr 2018    Oxunub:3165
Makedoniyanın Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Oliver Derkoski ölkənin adının dəyişdirilməsi və bununla da, Makedoniyanın NATO və Avropa İttifaqına daxil olmasına "yaşıl işıq" yandırılması barədə keçirilən referendumu baş tutmamış, nəticələri isə etibarsız olduğunu elan edib.
AzVision.az xəbər verir ki, Derkoski bu barədə seçki bülletenlərinin 100 faizinin tam şəkildə sayılmasından sonra verdiyi yekun bəyanatda deyib.

O, referendumda seçici fəallığının çox zəif olduğunu vurğulayaraq, qeydiyyatda olan seçicilərin yalnız 36,91 faizinin - cəmi 666 mindən bir qədər çox insanın səsvermədə iştirak etdiyini bildirib. Bu isə, referendum nəticələrinin keçərli, yəni qanuni hesab edilməsi üçün zəruri olan minimum 50, yaxud “50+1” faizlik aktivlikdən çox aşağıdır.

Bu səbəbdən də, referendumda iştirak edənlərin 91,46 faizi ölkənin adının dəyişdirilməsinin lehinə səs verməsinə baxmayaraq, MSK sədri seçici siyahısındakıların yarıdan çoxunun səsvermədə iştirak etmədiyindən referendumda hansısa qərarın qəbul oluna bilmədiyini bəyan edib.

Qeyd edək ki, 30 sentyabrdakı referendumda Makedoniya əhalisindən yalnız bir suala cavab istənilib: “Makedoniya ilə Yunanıstan arasındakı sazişi qəbul etməklə Avropa İttifaqı və NATO-ya üzvlüyü dəstəkləyirsinizmi?” Lakin məsləhət xarakterli olmasına rəğmən referendumun nəticəsi Makedoniyanın NATO və Aİ-na daxil ola bilməsi üçün lazımi hüquqi baza formalaşdıra bilməyib. Müvafiq referendum Afina ilə Skopye arasındakı 27 illik mübahisəyə son qoymaq və Makedoniyanın qərb strukturlarına inteqrasiyasını sürətləndirmək məqsədi daşıyıb.

Xartırladaq ki, Makedoniyanın NATO və Avropa ittifaqına qoşulmasına Yunanıstan əngəl yaradır. Çünki Yunanıstanın ikinci ən böyük əhali və əraziyə malik əyalətinin adı da Makedoniyadır. Afina iddia edir ki, qonşu Makedoniya dövləti Yunanıstanın bu ərazisinin də daxil olduğu "Böyük Makedoniya" qurmaq niyyətindədir. Bu səbəbdən də, Afina şimal qonşusundan ölkənin adını dəyişməyi tələb edir və Makedoniyanın adının dəyişdirilərək “Şimali Makedoniya Respublikası” adlandırılacağı təqdirdə Skopyenin həmin qurumlara üzvlüyünə “yaşıl işıq” yandıracağını deyib. Nəticədə iyunda iki ölkə arasındakı 27 illik mübahisədə razılıq əldə edilib və baş nazirlər səviyyəsində müqavilə imzalanıb. Lakin Makedoniya parlamenti sənədi ratifikasiya etsə də, ölkə prezidenti onu imzalamayıb.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: NATO   Yunanıstan     Makedoniya  





Xəbər lenti