“Quş qripi” ilə bağlı növbəti monitorinq keçirilib

“Quş qripi” ilə bağlı növbəti monitorinq keçirilib
  16 Noyabr 2018    Oxunub:1821
Noyabrın 12-dən başlayaraq ölkə ərazisində Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX), Qida Təhlükəsizliyi Agentliyinin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə “quş qripi” xəstəliyinə görə növbəti monitorinq keçirilib.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Azvision.az-a verilən məlumata görə, monitorinqə köçəri quşların payız miqrasiyası nəzərə alınaraq start verilib. Tədbir köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Lənkəran və Ağcabədi rayonlarındakı milli park və qoruqlarda aparılıb.

Artıq Dövlət Baytarlıq Xidmətinin əməkdaşları seçmə üsulla ovlanmış 42 baş (Pirallahı adasındakı Abşeron Milli Parkından 4 baş, Şabran rayonundakı Ağzıbir ovçuluq təsərrüfatdan 8 baş, Salyan rayonundakı Şirvan Milli Parkından 5 baş, Lənkəran rayonundakı Qızılağac Dövlət Təbiət Qoruğundan 10 baş, Ağcabədi rayonundakı Ağ göl Milli Parkından 15 baş) köçəri quşdan patoloji material, həmçinin Abşeron, Neftçala, Oğuz, Şabran, Salyan, Tərtər, Lənkəran və Ağcabədi rayonlarındakı şəxsi və quşçuluq təsərrüfatlarında saxlanılan 328 baş ev quşundan qan nümunələri götürüblər.

Köçəri quşlar üzrə monitorinq aparılan ərazilərdə xəstə və xəstəlikdən tələf olan quşlara rast gəlinməyib, eləcə də təsərrüfatlarda saxlanılan quşlar arasında hər hansı iti yoluxucu infeksion xəstəlik qeydə alınmayıb.

Götürülmüş patoloji materiallar və qan nümunələri Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Milli İstinad Laboratoriyasında müayinə olunacaq və nəticələr ictimaiyyətə açıqlanacaq.

Dövlət Baytarlıq Xidməti əhaliyə və quşçuluq təsərrüfatı rəhbərlərinə tövsiyə edir ki, köçəri quşların miqrasiyası ilə əlaqədar ev və sənaye quşları qapalı şəraitdə, baytarlıq-sanitariya qaydalarına uyğun saxlanılsın. Həmçinin heyvanlarda (mal-qara, quşlar, balıqlar, arılar və s.) özbaşına müalicə, peyvəndləmə və digər baytarlıq tədbirləri aparılmasın, heyvanlar baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə saxlanılsın.

Hazırda “quş qripi” və digər iti yoluxucu xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir. Bu sabitliyi qoruyub saxlamaq üçün Dövlət Baytarlıq Xidməti aidiyyəti qurumlarla birgə lazımi tədbirlər həyata keçirir.

Azvision.az


Teqlər: Quş-qripi  





Xəbər lenti