İlham Əliyev Davosda görüşlər keçirdi - FOTOLAR (Yenilənib)

  22 Yanvar 2019    Oxunub : 3157
İlham Əliyev Davosda görüşlər keçirdi - FOTOLAR (Yenilənib)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda “Visa” şirkətinin prezidenti Rayan MakInerni ilə görüşüb.

Azvision.az xəbər verir ki, görüşdə Rayan Maklnerni bu il Davosa səfərlərinin əsas məqsədinin Prezident İlham Əliyev ilə görüşmək olduğunu vurğuladı.
O, son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda rəqəmsal ödənişlərin inkişafında mühüm irəliləyişlərin baş verdiyini və bu sahədə müxtəlif layihələrin reallaşdırılmasında “Visa” şirkətinin ölkənin müvafiq qurumları ilə sıx əməkdaşlıq etdiyini bildirdi. Rayan Maklnerni nağdsız ödənişlərin inkişafı üçün Azərbaycanda tətbiq edilən vergi güzəştlərinin və digər təşəbbüslərin çox faydalı olacağını qeyd etdi, bunun başqa ölkələr üçün də nümunə olduğunu dedi. Hazırda Azərbaycanda elektron ödənişlərin aparılmasında “Visa” brendli kartlardan geniş istifadə edildiyini deyən Rayan Maklnerni şirkətin ölkədə fəaliyyətinin genişləndirilməsində maraqlı olduğunu, bir çox sahələrdə, o cümlədən ictimai nəqliyyatda da nağdsız ödənişlərin geniş tətbiqinə dəstək göstərməyə hazır olduqlarını vurğuladı.



Prezident İlham Əliyev elektron ödənişlərin inkişafının ölkə üçün əhəmiyyətli məsələlərdən biri olduğunu və bu məqsədlə geniş islahatların aparıldığını, bu islahatların artıq nəticələr verdiyini, o cümlədən bunun beynəlxalq reytinqlərdə, məsələn, “Doing Business 2019” hesabatında əks olunduğunu, Azərbaycanın bu hesabatda 32 pillə irəliləyərək 57-ci yerdən 25-ci yerə yüksəldiyini bildirdi. Dövlətimizin başçısı əməkdaşlıq səylərinin daha da gücləndirilməsinin önəmini ifadə etdi.



Eyni zamanda Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BP qrupunun baş icraçı direktoru Robert Dadli ilə də görüşü olub. Görüşdə Azərbaycan ilə BP şirkəti arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə olundu, “Azəri-Çıraq-Günəşli”, “Şəfəq”, “Asiman”, “Abşeron” və digər yataqlar üzrə əməkdaşlıq məsələləri müzakirə edildi.



Bundan başqa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda “CISCO” şirkətinin vitse-prezidenti və satış rəhbəri xanım Gerri Elliott ilə görüşüb. Görüşdə Gerri Elliott Azərbaycanın müxtəlif dövlət qurumları ilə əməkdaşlıqdan məmnunluğunu bildirdi. Qeyd etdi ki, Azərbaycan regionda şirkətin əməkdaşlıqda maraqlı olduğu ən mühüm dövlətlərdən biridir. Gerri Elliott “CISCO” şirkətinin layihələrinə göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. O, hər bir dövlətin inkişafı üçün lazım olan üç əsas istiqaməti Azərbaycanda müşahidə etdiklərini vurğuladı. Bu baxımdan Azərbaycanda islahatların aparılması üçün bacarıqlı liderin olmasını, konkret inkişaf planlarının mövcudluğunu, bu planların reallaşdırılmasını və dövlətin inkişafını təmin edəcək əsas amillərdən biri kimi inkişaf planlarında göstərilən hədəflərə çatmaq üçün məsul qurumların müəyyənləşdirilməsinin Azərbaycanın inkişafında əsas amillər olduğunu qeyd etdi.



Xanım Gerri Elliott Azərbaycan Hökuməti, xüsusilə Ədliyyə Nazirliyi ilə məhkəmələrin, cəzaçəkmə müəssisələrinin inteqrasiyası, bu sahədə elektron xidmətlərin səviyyəsinin daha da artırılması istiqamətlərində sıx əməkdaşlıq etdiklərini vurğuladı. O, “CISCO”nun Azərbaycanın iqtisadi inkişafın müxtəlif istiqamətləri üzrə həyata keçirdiyi siyasətə dəstək verməyə hazır olduğunu ifadə etdi və Azərbaycan hökuməti ilə sıx əməkdaşlığa görə minnətdarlığını bildirdi. Prezident İlham Əliyev “CISCO” şirkəti ilə əməkdaşlıqdan məmnunluğunu vurğuladı. Dövlətimizin başçısı şirkətin Azərbaycanın aidiyyəti qurumları ilə məhsuldar əməkdaşlığından razılığını bildirdi. Prezident İlham Əliyev bu əməkdaşlığın Azərbaycanın müəyyən etdiyi proqram və planların həyata keçirilməsində, şəffaflığın artırılmasında və digər elektron xidmətlərin inkişafında əhəmiyyətini qeyd etdi.



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmçinin Davosda “SAP SE” şirkətinin baş icraçı direktoru Bill Makdermot ilə görüşüb. Görüşdə Bill Makdermot müəllifi olduğu kitabı dövlətimizin başçısına təqdim etdi. Söhbət zamanı Bill Makdermot Azərbaycan ilə əməkdaşlıqdan məmnunluğunu vurğuladı və son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların və ölkəmizin inkişaf proqramlarının onlarda böyük maraq oyatdığını bildirdi. Şirkətin artıq Bakıda ofis açdığını deyən Bill Makdermot Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasətin reallaşdırılmasında və rəqəmsal iqtisadiyyatın formalaşmasında “SAP SE” şirkətinin dəstək verməyə hazır olduğunu ifadə etdi. Qeyd etdi ki, şirkət həm dövlət sektorunda, həm də özəl sektorda rəqəmsal iqtisadiyyatın, ümumiyyətlə, rəqəmsallaşmanın inkişafına töhfə verə bilər. Azərbaycan dövlətinin başçısının həyata keçirdiyi iqtisadi siyasət onlarda bu inamı yaradır.



Bill Makdermot vurğuladı ki, Azərbaycan iqtisadiyyatındakı mövcud sabitlik və ölkənin maliyyə dayanıqlılığının güclənməsi rəqəmsal iqtisadiyyatın inkişafı üçün geniş zəmin yaradır. Eyni zamanda, rəqəmsal iqtisadiyyat böyük sürətlə iş yerlərinin artmasına imkan verir. Şirkətin baş icraçı direktoru xüsusi vurğuladı ki, rəqəmsal iqtisadiyyatın inkişafı gender bərabərliyinin təmin olunmasına da töhfə verə bilər. Prezident İlham Əliyev “SAP SE” şirkəti ilə əməkdaşlıqdan məmnunluğunu bildirdi. Dövlətimizin başçısı qeyd etdi ki, şirkətin Azərbaycanın müvafiq qurumları ilə əməkdaşlığı ölkəmizdə iqtisadiyyatın inkişafına, şəffaflığın artmasına, yeni iş yerlərinin yaradılmasına töhfə verib. Prezident İlham Əliyev bu istiqamətdə əməkdaşlığın davam etdirilməsinin önəmini vurğuladı.



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda Dünya Bankının baş icraçı direktoru xanım Kristalina Georgiyeva ilə görüşüb. Görüşdə xanım Kristalina Georgiyeva Prezident İlham Əliyevi ölkədə aparılan uğurlu islahatlar və Azərbaycanın Dünya Bankının “Doing Business 2019” hesabatında 25-ci yerə yüksəlməsi münasibətilə təbrik etdi. Bildirdi ki, bu, Dünya Bankının “Doing Business” reytinqinin tarixində ən uğurlu və böyük nailiyyətlərdən biridir. O, bu uğurlu islahatların bundan sonra da davam etdirilməsinin önəmini vurğuladı.

Azərbaycan ilə əməkdaşlıqdan məmnunluğunu bildirən xanım Kirstalina Georgiyeva qeyd etdi ki, Prezident İlham Əliyevin həyata keçirdiyi struktur islahatlarının və iqtisadi islahatların əhəmiyyəti son illər dünyada iqtisadi artım sürətinin azalması fonunda daha da artmaqdadır. Bildirdi ki, Dünya Bankı Azərbaycanda reallaşdırılan iqtisadi siyasəti və islahatları dəstəkləyir. Bu islahatlar Azərbaycanda iqtisadiyyatın davamlı inkişafına, yeni iş yerlərinin yaranmasına mühüm dəstək verəcək.

Dünya Bankının baş icraçı direktoru Azərbaycanın Beynəlxalq Yenidənqurma və İnkişaf Bankında, həm də Beynəlxalq Maliyyə Korporasiyasında səhmdarı olduğu institutlarda öz səhmlərinin artırılması məsələsinin nəzərdən keçirilməsini təklif etdi. Bildirdi ki, bu, Azərbaycanın gələcək iqtisadi inkişafına Dünya Bankı tərəfindən əlavə dəstək göstərilməsinə kömək edə bilər.

Xanım Kristalina Georgiyeva Beynəlxalq İnkişaf Assosiasiyası tərəfindən yoxsul ölkələrə dəstək proqramına Azərbaycanın donor ölkə kimi qoşulmasını təklif etdi. O, Azərbaycanın iqtisadi transformasiyasının dünyada Çin, Hindistan kimi ölkələrlə yanaşı, ən uğurlu təcrübələrdən biri olduğunu bildirdi. Qeyd etdi ki, Azərbaycan vaxtilə Dünya Bankından yardım alan ölkədən qısa müddətdə donor ölkəyə çevrilib. Bu da son iyirmi ildə Azərbaycanda bütün sahələrdə həyata keçirilən islahatların nəticəsində mümkün olub.

Prezident İlham Əliyev Dünya Bankı ilə əməkdaşlıqdan razılığını ifadə etdi və bankın daim Azərbaycana lazımi dəstək göstərdiyini vurğuladı. Dövlətimizin başçısı Dünya Bankı ilə əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini bildirdi. Prezident İlham Əliyev Azərbaycanın əldə etdiyi uğurların “Doing Business 2019” hesabatında əks olunmasından məmnunluğunu vurğuladı. Dövlətimizin başçısı bu göstəricilərin daha da yaxşılaşdırılması ilə bağlı xüsusi komissiyanın yaradıldığını dedi. Qeyd etdi ki, “Doing Business 2019” hesabatında Azərbaycanın 32 pillə irəliləyərək 25-ci yerdə qərarlaşması həyata keçirilən çox vacib islahatlar nəticəsində mümkün olub. Dövlətimizin başçısı bunu böyük uğur kimi dəyərləndirdi. Prezident İlham Əliyev Azərbaycanın iqtisadi sahədə əldə etdiyi uğurlara verilən yüksək qiymətə görə təşəkkürünü bildirdi.

Söhbət zamanı Dünya Bankı tərəfindən Azərbaycanda yeni proqramların həyata keçirilməsi məsələsi müzakirə olundu.

Dövlətimizin başçısı, xüsusilə məhkəmə sahəsində Dünya Bankı ilə birgə həyata keçirilən islahatları yüksək dəyərləndirdi, məhkəmə sistemində innovativ yeniliklərin tətbiqində və bu sistemin avtomatlaşdırılmasında bankın iştirakını və Ədliyyə Nazirliyi tərəfindən bu layihənin reallaşdırılmasındakı uğurları məmnunluqla qeyd etdi. Prezident İlham Əliyev bu uğurlu əməkdaşlığın digər sahələrdə də həyata keçirilməsinin vacibliyini vurğuladı.

Dövlətimizin başçısı qeyd etdi ki, vergi, gömrük, icbari tibbi sığorta sahələrində Dünya Bankı ilə əməkdaşlıq layihələri hazırlanıb. Bu layihələrin uğurla həyata keçirilməsi üçün imkanlar var və hər iki tərəf bu imkanlardan yararlanmalıdır.

Görüşdə qeyd olundu ki, Dünya Bankının bu sahədəki fəaliyyəti Azərbaycandakı özünüməşğulluq layihələrinin genişlənməsində, xüsusilə məcburi köçkünlərin özünüməşğulluğunun artırılmasına dair proqramlarda faydalı ola bilər. Buna görə də hər iki tərəfin aidiyyəti qurumları bu sahədə yeni proqramlar hazırlayıb uğurla həyata keçirə bilər.

Dövlətimizin başçısı Azərbaycanın Dünya Bankı qrupuna daxil olan institutlarda səhmlərinin artırılması və Beynəlxalq İnkişaf Assosiasiyasının həyata keçirdiyi yoxsul ölkələrə yardım proqramlarında donor kimi çıxış etmək məsələləri barədə yekun qərarların qəbul olunması üçün müvafiq arayışların təqdim edilməsinə dair aidiyyəti qurumlara tapşırıqlar verdi.

Azvision.az

Teqlər: İlham-Əliyev   Davos