“Mirqafar Seyidov haqlıdır, mitinqə icazə verilməməlidir” - Hüquqşünas

  22 Yanvar 2019    Oxunub : 4461
 “Mirqafar Seyidov haqlıdır, mitinqə icazə verilməməlidir” - Hüquqşünas
Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov Milli Şuraya mitinq təşkilatçısının kütləni idarə edə biləcəkləri vaxtadək hər hansı toplantı keçirməyə icazə verilməməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyəti qarşısında vəsadət qaldıracağını bəyan edib.
“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, hüquqşünas Əliməmməd Nuriyev AzVision.az -a bildirib ki, Mirqafar Seyidovun mövqeyi haqlıdır, hazırda belə mitinqlərin keçirilməsinə icazə verilməməlidir.

Onun sözlərinə görə, Bakı Şəhər Baş Polis İdarəsi öz işini kifayət qədər peşəkar bilən şəxslərdən ibarətdir: “O cümlədən, Mirqafar müəllimin özü də çox peşəkardır. Onun bu yanaşması təbiidir. Birincisi, istənilən kütləvi tədbirin idarə edilməsi çox vacib məsələdir. İdarəedilmə elə olmaldıır ki, insan hüquq və azadlıqlarının təmin edilməsi pozulmasın. Bu baxımdan Bakı Şəhər Baş Polis İdarəsi rəisinin açıqlaması insan hüquq və azadlıqlarının daha etibarlı şəkildə qorunmasına yönələn çağırışdır. Bunu çox yüksək qiymətləndirmək lazımdır. Gələcəkdə mitinq, piket, aksiya keçirmək niyətində olan şəxslər bu barədə düşünməlidirlər ki, kütləvi tədbirlərin idarə edilməsi, hər hansı bir hüquq və azadlıqları, başqalarının səlahiyyətlərinə birbaşa müdaxilə etmək imkanları olmasın. Çünki mitinq dinc xarakter daşımalıdır. Öz məqsədi olmalı, bu zaman hər hansı bir şəxsi, eyni zamanda dövlət idarələrinin belə fəaliyətinə maneə olmamalıdır”.



Ə.Nuriyev bildirib ki, təhlükəsizlik məsələlərinə görə təkcə polis məsuliyyət daşımır: “Mitinq təşkilatçıları da təhlükəsizliyə məsuliyyət daşıyırlar. Çünki orada təxribatlar ola bilər. Azərbaycan mürəkkəb coğrafi ərazidə yerləşir və bir sıra dövlətlərin xüsusi xidmətlərinin maraq dairəsindədir. Ona görə də bu baxımdan təxribat ola bilər. Qonşularımızda baş verən hadisələr bunu göstərir. Heç kim zəmanət verə bilməz ki, terror aktı olmayacaq. Belə kütləvi aksiyalarda terror aktları ola bilər. Bundan əvvəl, məsələn Gəncədə belə cəhdlər olmuşdu. Bu gün daxili işlər orqanları yüksək dərəcədə Azərbaycan xalqının təhlükəsizliyini təmin edib. Sabitlik bizim ən böyük sərvətlərimizdəndir. Sabitliyə xələl gətirəcək hərəkətlərə yol vermək olmaz. Bunu qarşısı qanunda nəzərdə tutulmuş bütün vasitələrlə alınmalıdır”.

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: Əliməmməd-Nuriyev