“Xətai” stansiyasında yeni eskalatorlar quraşdırılır

“Xətai” stansiyasında yeni eskalatorlar quraşdırılır
  12 Fevral 2019    Oxunub:2008
Ötən ilin sentyabrın 27-də istismar müddətini başa vurmuş eskalatorların yenisi ilə əvəz edilməsi məqsədi ilə sərnişinlərin giriş-çıxışına bağlanmış “Xətai” stansiyasında əsaslı təmir və yenidənqurma işlərinin daha bir mərhələsi başlanıb.
Bakı Metropoliteni QSC-dən Azvision.az -a verilən məlumata görə, dekabr ayının ikinci ongünlüyündə sökülməsi başa çatmış “LT-2” tipli 3 eskalator əvəzinə yenilərinin quraşdırılması prosesinə başlanılıb. Qeyd edək ki, əvvəlcədən tərtib edilmiş plana əsasən, bu işlərə fevral ayında başlanmalı idi. Təmir-yenidənqurma prosesinin ikinci mərhələsi çərçivəsində köhnə eskalatorların mühərriklərinin beton özülü dağıdılaraq stansiyadan daşınmışdı.

Stansiyada 50 illik istismar müddətini başa vurduqdan sonra sökülmüş 3 köhnə eskalatorun əvəzinə Almaniyanın “Thyssen Krupp” şirkətinin istehsalı olan “Victoria Tube” tipli 4 yeni eskalator quraşdırılır. Bu isə stansiyaya enib-qalxan sərnişinlərin təhlükəsizliyinin daha etibarlı, xidmət səviyyəsinin daha yüksək olması deməkdir.

Hər birinin çəkisi 4-8 tona bərabər olan bir neçə hissədən ibarət yeni eskalatorların quraşdırılmasına başlamazdan əvvəl maşın zalında aparılan söküntü işləri müddətində oradan verilən əlavə dayaqlar vestibül döşəməsinin möhkəmliyini artırır. Həmçinin bu müddətdə eskalator hissələrinin maili gedişə düzülməsi məqsədilə qaldırıcı konstruksiya da quraşdırılıb. Maili gediş boyunca tunelin metal geyiminin korroziyadan təmizlənərək, axıntıların qarşısının alınması məqsədilə tədbirlər görülüb, korroziya əleyhinə uzun ömürlü, keyfiyyətli boya ilə rənglənmə işləri aparılıb. Eskalatorların quraşdırılması başa çatdıqdan sonra, maili gediş boyunca çətir örtüyün vurulmasına başlanılacaq.

Hazırda markşeydərlərin ciddi nəzarəti altında 1-ci və 4-cü eskalatorların hissələri stansiyaya gətirilərək, yerinə qoyulur və quraşdırma işləri aparılır. Onu da əlavə edək ki, Bakı metropoliteninin ən dərin stansiyası olan "Xətai"də eskalatorların uzunluğu 100 metrə yaxın olacaq.

Yeni eskalatorlar haqqında onu da xüsusi qeyd edək ki, "LT-2" tipli köhnə analoqlarından fərqli olaraq, yeni maşınların mühafizə bloklarının sayı 2 dəfə çoxdur və bu da sərnişin təhlükəsizliyinin daha da yüksəldilməsinə xidmət edir.

Birçıxışlı olduğundan sərnişinlərin giriş-çıxışına bağlanmış stansiyada digər infrastrukturun da yenilənməsi prosesi plana uyğun qaydada aparılır. Artıq vestibülün esklatorlara giriş meydançasında divar örtüyünün vurulmasına başlanılıb. Bu məqsədlə, əvvəlcə metal tor konstruksiya yığılır, daha sonra divarın mərmər örtüyü vurulur. Binanın fasad hissəsində də möhkəmləndirmə işlərinin 30 faizini yekunlaşmış hesab etmək olar. Uzunmüddətli istismar dövründə stansiyanın ikimərtəbəli binasında divarların gücləndirilməsi məqsədilə metal konstruksiya yığılıraq, betonlanır. Stansiya damının izolyasiyası bu işlərə paralel olaraq, aparılır. Stansiyanın ön hissəsindəki metal şəbəkələr planlı surətdə sökülərək bərpa olunur.

Vestibül və maşın zalı hissəsində yerləşən xidməti otaqlarda planlaşdırılmış təmir işləri aparılır, eləcə də stansiya avadanlıqlarının yenilənməsi, müasir yanğından mühafizə sistemləri və videomüşahidə şəbəkəsinin qurulması istiqamətində də tədbirlər başlayıb.

Azvision.az


Teqlər: Metro  





Xəbər lenti