Prezident: “Bu gün “kim güclüdür, o da haqlıdır” prinsipi hökm sürür”

  Prezident:  “Bu gün “kim güclüdür, o da haqlıdır” prinsipi hökm sürür”
  13 Fevral 2019    Oxunub:2870
“Bu gün dünyada “kim güclüdür, o da haqlıdır” prinsipi hökm sürür“
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev REAL televiziyasının rəhbəri Mirşahin Ağayevə müsahibəsində deyib.

Ölkə başçısı bildirib: "Bildiyiniz kimi, Ermənistanın yeni hökuməti birinci mərhələdə çox ziddiyyətli bəyanatlar verirdi ki, Azərbaycan Ermənistanla yox, qondarma “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparmalıdır. Biz əlbəttə ki, bu ziddiyyətli və anlaşılmaz bəyanatları dərhal rədd etdik. O cümlədən vasitəçilər də əlbəttə ki, belə bir mövqe ilə razılaşa bilməzdilər. Öz prinsipial mövqeyimizdə qalaraq biz danışıqlar prosesinə sadiqik".

Prezident diqqətə çatdırıb ki, bu gün danışıqlar Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında aparılır. Artıq bir neçə raund danışıqlar aparılıb: "Biz ümid edirik ki, bu danışıqların nəticəsi olacaqdır. Ona görə danışıqların aparılması əlbəttə ki, müsbət hal kimi qiymətləndirilə bilər. Bu, bir daha onu göstərir ki, Ermənistanın yeni rəhbərliyinin ilk mərhələdə bəyan etdiyi prinsiplər tamamilə qəbuledilməzdir.

Digər tərəfdən, mən həmişə demişəm ki, bu gün dünyada güc amili ön plana çıxır. Baxın, dünyanın müxtəlif yerlərində beynəlxalq hüquq kobudcasına pozulur. Əgər əvvəlki dövrlərdə bunu müəyyən formada gizlətmək istəyirdilərsə, bu gün heç buna ehtiyac da görmürlər. Bu gün dünyada “kim güclüdür, o da haqlıdır” prinsipi hökm sürür. Bu, yeni reallıqdır. Biz bu reallığa hazır olmalıyıq. Dünya dəyişir və biz bu dəyişikliyə hazır olmalıyıq. Xoşbəxtlikdən biz öz iqtisadi və hərbi gücümüzü uzun illərdir ki, artırırıq. Sanki özümüzü bugünkü vəziyyətə hazırlayırdıq və bu gün biz hazırıq".

Prezident əlavə edib ki, ona görə güc amili həmişə gündəlikdə olub və olacaq: "Biz bunu nəinki bizim münaqişə, bir çox başqa münaqişələrlə bağlı da görürük. Ona görə biz müxtəlif imkanlardan istifadə edəcəyik və Azərbaycanın ərazi bütövlüyünün bərpası bizim əsas vəzifəmizdir. Azərbaycan vətəndaşları bunu bilməlidirlər ki, bu, hər bir vətəndaşın əsas vəzifəsidir, dövlətin əsas vəzifəsidir. Biz bu istiqamət üzrə öz siyasətimizi bundan sonra da aparacağıq".

Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev   Müsahibə   Qarabağ  





Xəbər lenti