“233 min nəfərin pensiyasında artım olacaq” - Sahil Babayev (Yenilənib)

 “233 min nəfərin pensiyasında artım olacaq” -    Sahil Babayev (Yenilənib)
  14 Fevral 2019    Oxunub:10423
"Əmək pensiyasının minimum məbləği 116 manatdan 160 manata çatdırılacaq, nəticədə 233 min nəfərin pensiyasında artım olacaq"

Azvision.az xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Nazirin sözlərinə görə, Prezident İlham Əliyevin təşəbbüsü ilə əmək pensiyasının minimum məbləğinin əhəmiyyətli şəkildə artırılmasına dair qanunvericilik layihəsi hazırlanaraq Milli Məclisə təqdim olunub.

"Minimum pensiya məbləğinin artırılması ümumilikdə 233 min pensiyaçını (o cümlədən, 140 min nəfər əlilliyə görə pensiya alan şəxsi) əhatə edəcək. Onlardan 9 min nəfərin pensiyasında 93 faiz (75 manat), 26 min nəfərin pensiyasında 30 faiz (37 manat), 74 min nəfərin pensiyasında 16 faiz (27 manat) və s. artım özünü göstərəcək. Artımın edilməsi üçün nazirlik yanında Dövlət Sosial Müdafiə Fondundan cari ilin 10 ayı (mart-dekabr) üzrə 41 mln. manat, illik isə 49 mln manat əlavə vəsait yönəldiləcək", - deyə nazir vurğulayıb.

S.Babayev qeyd edib ki, 160 manatdan çox pensiya alan şəxslərin ödənişlərində 3 faiz artım olacaq. Onun sözlərinə görə, pensiyaların indeksasiyası ilə bağlı bu il 90 milyon manat vəsait sərf ediləcək: "Yanvar və fevral aylarının artımı hesablanır, yaxın günlərdə artımla birlikdə pensiyaçılar vəsaiti alacaqlar".

Aytən Zəhra
Azvision.az




Teqlər: ƏƏSMN   Pensiya  





Xəbər lenti