4 nəfər başqasının yerinə sınaq imtahanı vermək istəyib
Fevralın 10-da keçirilən imtahan sınaq imtahanı olsa da, 4 nəfərin başqasının yerinə imtahana girmək cəhdi müəyyən olunub. Dövlət İmtahan Mərkəzi abituriyentlərin və onların valideynlərinin nəzərinə çatdırır ki, qeyd olunan proqram-texniki vasitə ilə belə hallar asanlıqla aşkara çıxarılır. İmtahana giriş zamanı proqram-texniki vasitə iştirakçının kamera vasitəsilə real vaxt rejimində götürülmüş şəklini onun bazadakı şəkli ilə müqayisə edir və şəkillərin eyni şəxsə aid olub-olmadığı barədə dərhal məlumat verir.
2018-ci il qəbul imtahanlarında da abituriyentin əvəzinə başqa şəxsin imtahan binasına daxil olmağa cəhd etməsi kimi hallara rast gəlinib və həmin məsələ ilə bağlı aşkar edilən faktlar hüquqi qiymət verilməsi üçün müvafiq orqanlara göndərilib. Bu faktlarla bağlı hüquq-mühafizə orqanları tərəfindən cinayət işi qaldırılıb.
İmtahan iştirakçıları və onların valideynləri belə məsələlərdə diqqətli olmalı, heç bir halda qanunun pozulmasına şərait yaratmamalı və müəyyən insanların şirnikləndirici təkliflərinə məhəl qoymamalıdırlar.
Xatırladaq ki, fevralın 17-də keçiriləcək ilk-peşə ixtisas təhsili müəssisələrinin buraxılış, dövlət qulluğuna və daha sonra magistraturaya qəbul imtahanlarında da bəzi binalarda yeni texnologiyanın imkanlarından istifadə olunacaq.
Azvision.az