“Hər başına papaq qoyana molla deyirlər” - Şeyxin qardaşı

   “Hər başına papaq qoyana molla deyirlər” -    Şeyxin qardaşı
  15 Fevral 2019    Oxunub:5402
"Çoxları molla sözünü ucuz sayır. Hər yoldan keçənə, hər başına papaq qoyana molla deyirlər"

Bu barədə Azvision.az -a Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, deputat Cavanşir Paşazadə deyib. O bildirib ki, rəsmi nikah sənədi olmadan kəbin kəsənləri molla kimi qələmə vermək olmaz.
“Molla sözünü çox ucuz tutmayaq. İnsanlar çox şey deyə bilərlər. Vətəndaş ruhani idarəsinə, aidiyyatı strukturlara və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatlarına, məscidlərə müraciət edibsə, orada kəbin kəsdiribsə, bu, artıq qanunidir. Əgər küçədə tanışlıqla kimdənsə kəbin alırlarsa, bu, qanuni deyil. Qanunla qəbul olunub ki, dini nikahan öncə rəsmi nikah olmalıdır. Əgər rəsmi qeydiyyat yoxdursa, dini kəbin kəsilmir”.

C.Paşazadə bəzi mollaların rəsmi nikah olmadan dini kəbin kəsməsi barədə fikirlərlə razılaşmayıb: “Mən də nəsə deyə bilərəm, günahkar çıxara bilərəm. amma deyilənləri araşdırmaq lazımdır. Əgər belə hal olursa, məhkəməyə müraciət edilməli, araşdırmalı və inzibati qaydada cəza verilməlidir”.

Qeyd edək ki, Ailə, Qadın və Uşaq Komitəsinin sədri Hicran Hüseynova nikahsız kəbin kəsən mollaların cəzalandırılmasını tələb edib. Onun sözlərinə görə, İnzibati Xətalar Məcəlləsində rəsmi nikah sənədi olmadan kəbin kəsən mollalar üçün məsuliyyətin müəyyən edilməsi zərurəti var.

Xatırladaq ki, deputat Cavanşir Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülisman Hacı Allahşükür Paşazadənin qardaşıdır.

Aytən Zəhra
Azvision.az



Teqlər: Cavanşir-Paşazadə  





Xəbər lenti