“Kooperativlərin yaradılmasını ilk gündən dəstəkləmişik” - Nazir

“Kooperativlərin yaradılmasını ilk gündən dəstəkləmişik” -    Nazir
  04 Mart 2019    Oxunub:1979
Sabirabad rayonunun Axısxa kəndində yaradılmış “Axısxalılar Toxum İstehsal Kooperativi”nin təqdimat mərasimi keçirilib. Mərasimdə kənd təsərrüfatı naziri İnam Kərimov, Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov, kooperativin üzvləri iştirak ediblər.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, iştirakçıları salamlayan Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı ildə başlayan torpaq islahatının uğurla başa çatdığını deyən Nazim İsmayılov, bu islahatlarla ölkədə aqrar inkişafın əsasının qoyulduğunu bildirib. O, Sabirabadda başlamış kooperativləşmə prosesinin digər rayonlarda davam edəcəyinə ümidvar olduğunu bildirib.

Kənd təsərrüfatı naziri İnam Kərimov çıxışında bildirib ki, ölkədə kiçik pay torpaqlarının birləşdirilməsi nəticəsində kooperativlərin yaradılması zərurətə çevrilib: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi islahatlar nəticəsində aqrar sahə öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Kənd təsərrüfatında fəaliyyət effektivliyi yüksəldilir, məşğulluq artır. Qarşımızda duran əsas məsələlərdən biri məhsuldarlığın artırılmasıdır. Bu hədəfə çatmaq üçün mövcud su və torpaq resurslarından səmərəli istifadə etmək lazımdır. Kənd təsərrüfatı kooperativlərinin yaradılması torpaqlardan daha səmərəli istifadəyə imkan verir, fermerlərin gəlirləri daha da artmış olur. Bu üsul həmçinin rəqabət qabiliyyətli məhsul istehsalına imkan verir, xarici bazarlara çıxışı asanlaşdırır. Kooperativləşmə aqrar sahədə bir çox məsələləri daha asanlıqla həll etməyə imkan verir. Siz kooperativə iri investisiya layihələri cəlb edə, daha uyğun şərtlərlə yeni, müasir texnika ala biləcəksiniz”.

Nazir bildirib ki, kooperativ yaratmaq könüllü işdir: “Biz belə təşəbbüsləri daim dəstəkləmişik. Nazirlikdə Fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsi fəaliyyət göstərir. Bu, Sabirabad rayonunda yaradılmış sayca ikinci, lakin ölkədə ilk ixtisaslaşmış kooperativdir. Məndə olan məlumata görə, kooperativin sərəncamında 730 hektar ərazi var. Yeni birlik öz sıralarında 231 ailədən 746 nəfəri birləşdirir. Məni də bu kooperativin 747-ci üzvü saya bilərsiniz”.

Tədbirdə çıxış edən “Axısxalılar Toxum İstehsal Kooperativi”nin sədri Araz Kindiyev, Axısxa kənd ağsaqqalı Hətəmşah Məcidov, rayonun qabaqcıl fermerlərindən İxtiyar Mehdiyev kooperativin yaradılma məqsədi, görüləcək işlər barədə danışıblar.

Daha sonra Kənd Təsərrüfatı Nazirliyinin Fermerlər, Assosiasiyalar və Kooperativlərlə iş şöbəsinin müdiri “Axısxalılar Toxum İstehsal Kooperativi haqqında təqdimat keçirib. O bildirib ki, 1996-cı ildə aparılmış torpaq islahatı nəticəsində Axısxa kənd sakinlərinə 1084 ha pay torpağı verilib. Kəndin 231 ailəsi öz pay torpaqlarını birləşdirərək 730 hektar sahədə “Axısxalılar Toxum İstehsal Kooperativi”ni təsis ediblər. Təqdimat mərasimindən sonra kooperativ üzvləri ilə ictimai müzakirələr aparılıb, görüləcək işlər barədə fikir mübadiləsi aparılıb.

Azvision.az


Teqlər: KTN  





Xəbər lenti