Qazaxda partlamamış hərbi sursatlar tapılıb

Qazaxda partlamamış hərbi sursatlar tapılıb
  06 Mart 2019    Oxunub:1549
Dövlət Sərhəd Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Qazax rayonun Ağköynək, Cəfərli və Aslanbəyli kəndləri ərazisində xeyli sayda döyüş sursatının tapılması barədə məlumat daxil olub.
ANAMA-dan Azvision.az -a verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin Qazax sərhəd dəstəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Qazax sərhəd dəstəsinin əməkdaşları birgə Qazax rayonun Ağköynək kəndinin ərazisində otlaq sahəsinə baxış keçiriblər. Təhlükəsizliyin təmin edilməsi məqsədilə ərazi Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 171 ədəd müxtəlif növ partlamamış hərbi sursat (PHS) və 1 ədəd tank əleyhinə minanın partladıcısı (MVZ-57) aşkarlanıb, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş partlamamış hərbi sursatların (PHS) və partladıcının ətrafında 1,200 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Havanın qaranlıq olması nəzərə alınaraq, təhlükəsizliyin təmin edilməsi məqsədilə məlumatda qeyd olunmuş Cəfərli və Aslanbəyli kəndləri ərazisində əməliyyat-axtarış tədbirlərinin növbəti gün davam etdirilməsi məqsədəuyğun planlaşdırılıb.

Azvision.az



Teqlər: ANAMA   Qazax  





Xəbər lenti