Qəbələyə dəmir yolu çəkilir - İndiyədək görülən işlər açıqlandı

  Qəbələyə dəmir yolu çəkilir -    İndiyədək görülən işlər açıqlandı
  09 Mart 2019    Oxunub:9806
Növbəti sürətli sərnişin qatarı Bakıdan Qəbələ istiqamətində olacaq. Artıq Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisi başlayıb.

Bu barədə Azvision.az -ın sorğusuna cavab olaraq "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.
Bildirilib ki, yeni dəmir yolu xətti Ləki stansiyasından sağ tərəfə çıxmaqla, Ağdaşın yanından keçməklə Qəbələnin hava limanına qədər davam edəcək: "43 kilometrlik dəmir yolu xətti boyunca 103 suötürücü ,16 tunel və körpü, Ağdaş rayonunun Qarağan-Şıxlar ərazisində stansiya, Qəbələ hava limanı yaxınlığında vağzal tikiləcək. Artıq bir yoldəyişən qurğu qoyulub, 4 km dəmir yolu xətti çəkilib. Eyni zamanda 2 yeraltı keçidin tikintisi tamamlanıb. Ağdaş-Göyçay avtomobil yolu üzərindən keçəcək körpüdə son tamamlama işləri aparılır. Bundan əlavə, bir neçə keçid və körpüdə svayların vurulması həyata keçirilir".



Məlumata əsasən, bu günə kimi 58 suötürücü qurğunun tikintisi başa çatıb, digərlərində işlər davam edir: "Ləki stansiyasından Qəbələyə qədər olan ərazinin relyefi bir az mürəkkəbdir, dağlıq yerləri var. Ləki-Qəbələ dəmir yolu xəttinin təxminən 20 kilometri Qəbələ rayonunun dağlıq ərazisinə düşür".

Qeyd edək ki, 11 dekabr 2018-ci ildə Prezident İlham Əliyev “Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb. Yeni dəmir yolu xəttinin tikintisi turizm infrastrukturunun yaxşılaşdırılmasına və turizm obyektlərinə rahat gediş-gəlişin təmin edilməsinə öz töhfəsini verəcək.

Aytən Zəhra
Azvision.az



Teqlər: Qəbələ   Dəmiryolu  





Xəbər lenti