“İran münaqişənin sülh yolu ilə həllinə tərəfdardır” - Əli Laricani

 “İran münaqişənin sülh yolu ilə həllinə tərəfdardır” -    Əli Laricani
  09 Mart 2019    Oxunub:2639
İrana rəsmi səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov İran İslam Respublikasının İslam Şurası Məclisinin sədri Əli Laricani ilə görüşüb.
XİN-dən Azvision.az -a verilən məlumata görə, nazir Elmar Məmmədyarov Azərbaycan Respubikasının Milli Məclisinin sədri Oqtay Əsədovun səmimi salamlarını İslam Şurası Məclisinin sədri Əli Laricaniyə çatdırdı. Öz növbəsində Əli Laricani təşəkkürünü bildirərək, onun salamlarının Azərbaycanlı həmkarına çatdırılmasını xahiş etdi.

Görüşdə tərəflər iki ölkə arasında əlaqələrin, o cümlədən siyasi, iqtisadi, mədəni və digər sahələrdə ikitərəfli münasibətlərin inkişafından danışdı.

Nazir Elmar Məmmədyarov hazırda həyata keçirilən ikitərəfil iqtisadi layihələr barədə qarşı tərəfə məlumat verdi. İki ölkə arasındakı Dövlətlərarası Müştərək Komissiyanın fəaliyyətini qiymətləndirdi. Nazir, Parlamentlərarası Dostluq Qrupunun ölkələrimiz arasında əlaqələrə töhfə verdiyini qeyd etdi.

İslam Şurası Məclisinin sədri Əli Laricani İran Parlamentinin Azərbaycan ilə əlaqələrin inkişafına tam dəstək verdiyini bildirdi. İki ölkə arasında hazırda icra mərhələsində olan layihələrin icrasının sürətləndirilməsini vurğuladı.



Nazir Elmar Məmmədyarov qarşı tərəfə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinin cari vəziyyəti barədə məlumat verdi. Azərbaycanın bölgədə sülhün və sabitiyin tərəfdarı olduğunu bildirdi.

Əli Laricani Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə həllinə tərəfdar olduqlarını qeyd etdi. İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqirinin Azərbaycana səfəri zamanı səsləndirdiyi fikirlərin İranın rəsmi mövqeyi olduğu bildirildi. Iran Islam Şurası Məclisinin sədri münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olduğunu vurğuladı.

Azvision.az


Teqlər: XİN   İran  





Xəbər lenti