"Paşinyan autizm-simulyasiya xəstəliyinə düçar olub" - Deputat
Onun sözlərinə görə, ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatını da elə bu kontekstdə qiymətləndirmək lazımdır: “Məsələ ondadır ki, işğalçı Ermənistanın baş naziri Nikol Paşinyan hələ də regiondakı geostrateji reallığa öz siyasi illuziyası ilə yanaşır və hesab edir ki, heç bir əsası olmayan arqumentlər irəli sürməklə mövcud reallığı və beynəlxalq hüququ manipuliyasiya edə biləcək. Onun baş nazir seçkilərində yalnız Ermənistan vətəndaşlarının iştirak etdiyi və ona görə də Dağlıq Qarabağ adından danışıqlar aparmaq səlahiyyətinin olmadığı ilə bağlı arqumenti o qədər qeyri-ciddidir ki, belə arqumentlə Ermənistanı işğal məsuliyyətindən kənarda tuta biləcəyinə heç Ermənistanın özündə inanmırlar”.
Millət vəkili bildirib ki, bu gün Ermənistanın bütün növ qoşun birləşmələri Azərbaycanın işğal olunan ərazisindədir və hər erməni təxribatı zamanı Azərbaycan əsgərinin şücaəti sayəsində məhv edilən hərbçilər Ermənistan vətəndaşıdırlar: “Paşinyan diplomatiyada autizm-simulyasiya deyilən xəstəliyinə düçar olub və onun iddialarına özündən başqa heç kəs reaksiya vermir. Azərbaycan Ermənistanın status-kvonu legitimləşdirmək cəhdlərinə yol verməyəcək. Bunun üçün hər şeydən əvvəl öz ordusunun, öz iqtisadiyyatının gücünə və beynəlxalq nüfuzuna arxalanır. Həmsədrlərin son bəyanatı da onların regionda Azərbaycanın nəyə qadir olması və problemin həlli ilə bağlı götürdükləri öhdəçilikdən irəli gəlir. BMT Təhlükəsizlik Şurası həmsədrlərə vasitəçi kimi xüsusi mandatı ona görə verib ki, problemi həll etsinlər. Yoxsa bunu Azərbaycan vasitəçilərə ehtiyac qalmadan özü edəcək”.
H.Babaoğlu təssüflə qeyd edib ki, həmsədrlər heç də hər zaman işğalçı Ermənistana lazımı təzyiq göstərmir və nəticədə münaqişənin həlli uzanır: “ATƏT-in fəaliyyətdə olan sədri və Avropa İttifaqı rəsmiləri ilə son görüşlərdə Azərbaycan Prezidenti İlham Əliyev bu məsələ ilə bağlı ciddi narahatlığını bildirdi və dərhal sonra biz həmsədrlərin bəyanatının şahidi olduq. Bəyanatda bir daha bildirilir ki, danışıqların formatı dəyişdirilə bilməz və danışıqlar Helsinki Yekun aktında nəzərdə tutulan prinsiplərə söykənir. Bu prinsiplər isə ondan ibarətdir ki, xalqların öz müqəddəratını təyinetmə hüququ dövlətlərin ərazi bütövlüyünü təhdid edə bilməz. Bu bəyanat və onun məzmununda ifadə olunan fikirlər Paşinyanın populist siyasətinin iflasıdır və bundan sonra substantiv danışıqlar baş tutmazsa, Azərbaycan tərəfininin daha radikal addımları ilə üzləşə bilər. Belə addımlar isə işğalçı ölkəyə yaxşı bələddir. Çünki 2016-cı və 2018 –ci il hadisələrini unutmaq mümkün deyil”.
Elvin Abdulqədirov
Azvision.az
Teqlər: Qarabağ Həmsədrlər