“Danışıqlar bizim istədiyimiz nəticəni verməlidir” - Ziyafət Əsgərov

 “Danışıqlar bizim istədiyimiz nəticəni verməlidir” -     Ziyafət Əsgərov
  12 Mart 2019    Oxunub:2318
“Ermənistan rəhbərliyinin qeyri-səmimi davranışı sülh danışıqlarının düzgün məcrada aparılmasına maneə yaradır”
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib. Onun sözlərinə görə, Ermənistan danışıqlardan qaçmaq, danışıqları pozmaq üçün hər zaman müxtəlif bəhanələr axtarır:

“Məsələn, deyirlər ki, danışıqların formatı dəyişdirilsin, separatçı rejim danışıqlarda iştirak etsin və s. Bəllidir ki bu format 1992-ci ildən ATƏT-in Minsk qrupu tərəfindən təsdiq edilib və danışıqlar bu istiqamətdə davam etməlidir. Bizim mövqeyimiz hamıya – beynəlxalq ictimaiyyətə, ATƏT-in Minsk qrupuna bəllidir. Azərbaycan formatın dəyişdirilməsinin qəti əleyhinədir. Çünki münaqişə Azərbaycan və Ermənistan arasındadır, Ermənistan torpaqlarımızı işğal edib. Amma Ermənistan hər vəchlə danışıqların bu formatda aparılmasına mane törətməyə çalışır. Ona görə də Minsk qrupu hesab edir ki, danışıqlar formatı dəyişilməz olaraq qalmalıdır”.

Z.Əsgərov vurğulayıb ki, bu istiqamətdə danışıqlar gedəcəksə, Azərbaycan bunun tərəfdarıdır: “”Amma Ermənistan imitasiya yaradır, danışıqların aparılmasını pozmaq istəyir. Biz həm beynəlxalq hüquqdan, həm ordumuzdan, həm beynəlxalq dəstəkdən istifadə edib, istənilən vasitə ilə torpaqlarımızı işğaldan azad etməyə hazırıq. Bütün hallarda biz istəyirik ki, münaqişə danışıqlar yolu ilə həllini tapsın. Əgər başqa variant olacaqsa, buna da hazırıq".

Vitse-spiker əlavə edib ki, Azərbaycan hər zaman danışıqlar prosesinə sadiq olub: “Ermənistan rəhbərliyi tərəfindən bu prosesi ləngitmək, qeyri-səmimilik göstərmək, təxribatlar etmək onların köhnə siyasətidir. Amma bu siyasətin axırı yoxdur. Hər halda bizim səbrimiz tükənməz deyil. Danışıqlar prosesi bizim istədiyimiz nəticəni verməlidir. Yəni beynəlxalq hüququn bərqərar olunması, torpaqların işğaldan azad olunması və regionda sülhün bərpa olunmasını istəyirik”.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Ziyafət-Əsgərov   Qarabağ  





Xəbər lenti