“Korrupsiya halları yolverilməzdir” - Ədliyyə naziri

 “Korrupsiya halları yolverilməzdir” -   Ədliyyə naziri
  12 Mart 2019    Oxunub:2459
Ölkəmizdə təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilir, gənclərin mütəşəkkil qüvvə kimi formalaşmasına, onların mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial problemlərinin həllinə və faydalı məşğulluğunun təmin olunmasına daim xüsusi diqqət yetirilir.
Ədliyyə Nazirliyi Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, ədliyyə orqanlarının da yeni nəsil gənc kadrlarla, o cümlədən bilik və bacarıqları ilə seçilən, fəaliyyətlərində mənəvi və etik dəyərləri yüksək tutan işçilərlə möhkəmləndirilməsi məqsədilə qulluğa qəbul üzrə davamlı açıq müsabiqə və müsahibələr keçirilir. Son 5 ildə şəffaf seçimlər əsasında 2000-dən çox gənc qulluğa qəbul olunub. Hazırda ədliyyə sistemində çalışan işçilərin təxminən 40 faizini gənclər təşkil edir. Qulluğa qəbulla bağlı növbəti müsabiqədə uğur qazanaraq peşə fəaliyyətinə buraxılmış əksəriyyəti gənclər olan daha 80-ə yaxın hüquqşünasla yeni təyinatla əlaqədar ədliyyə naziri Fikrət Məmmədovun görüşü keçirilib.

Gənclər əvvəlcə Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, əziz xatirəsini ehtiramla yad ediblər. Sonra Şəhidlər xiyabanında xalqımızın azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının əziz xatirəsi anılıb, məzarları önünə tər çiçəklər qoyulub. Onlar həmçinin, ulu öndər Heydər Əliyevin nazirliyin binasında büstü önünə gül dəstələri düzüblər.

Nazirlikdə keçirilmiş tədbirdə ədliyyə naziri çıxış edərək ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızın davamlı tərəqqisini vurğulayıb, əhalinin bütün təbəqələrinin rifahının yüksəldilməsinə yönələn tədbirlərdən, dövlətimizin gənclərin hərtərəfli inkişafına qayğısından bəhs edib. Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında dövlət başçısının gənc nəslin peşəkar olması, milli və vətənpərvərlik ruhunda tərbiyə alması, xalqa və dövlətə bağlılığı, müstəqilliyimizin möhkəmləndirilməsi ilə bağlı tövsiyələrini bir daha gənclərin diqqətinə çatdırıb.

Məhkəmə-hüquq islahatlarından ətraflı söhbət açan nazir ədliyyə idarəçiliyində gənclərin yaxından iştirakına hər cür şərait yaradıldığını bildirib, gənclərimizdə bu sahədə işləməyə həvəsin artması, onların məşğulluğunun təmin olunması məqsədilə könüllülük institutunun geniş təşviq olunaraq son bir ildə 1200-ə yaxın könüllünün fəaliyyətə cəlb edildiyini qeyd edib, hazırda qulluğa qəbul edilən bir qrup gənclərin də əvvəllər könüllü kimi nazirliyin müxtəlif qurumlarında fəaliyyət göstərdiklərini vurğulayıb. Bildirilib ki, könüllülərlə işin dövlət başçısının tapşırığına uyğun daha mütəşəkkil qaydada həyata keçirilməsi üçün hazırda onlara bilavasitə nazirliyə müraciət etmək imkanı yaradılıb, ədliyyə orqanları və könüllülər arasında münasibətləri tənzimləyən nümunəvi müqavilə forması hazırlanıb və son bir ayda 630-dan çox könüllü ilə müqavilə bağlanılaraq onlar ədliyyə fəaliyyətinə cəlb olunublar.

Sonda nazir dövlət başçısının vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, insanlara layiqli xidmət göstərilməsi ilə bağlı tələblərini diqqətə çatdırıb, korrupsiya hallarının yolverilməzliyini, etik davranış qaydalarına dönmədən əməl olunmasının vacibliyini vurğulayıb, dövlətçiliyə hər zaman sadiq olmaları, bilik və bacarıqlarını daim inkişaf etdirərək vəzifələrini layiqincə yerinə yetirmələri barədə tapşırıqlar verib, uğurlu fəaliyyət arzulayıb. Görüşdə bildirilib ki, ötən ilin sonunda nazirlik tərəfindən elan olunmuş yeni müsabiqədə iştirak etmək üçün müraciət etmiş 350-dək hüquqşünasla yaxın zamanda test imtahanı keçiriləcək.

Çıxış edən gənclər ölkə başçısının ətrafında sıx birləşərək müstəqil Azərbaycanımızın hərtərəfli tərəqqisinə və qüdrətlənməsinə sədaqətlə xidmət edəcəklərini vurğulayıb, onlara göstərilən yüksək etimadı doğruldacaqlarına, vəzifələrini vicdanla yerinə yetirəcəklərinə, ədliyyə işçisi adını şərəflə daşıyacaqlarına və daim uca tutacaqlarına söz veriblər. Daha sonra təyinat almış yeni əməkdaşlar Azərbaycan Respublikasının Dövlət Bayrağı önündə təntənəli qaydada and içiblər, onlara xidməti vəsiqələr verilib.

Azvision.az


Teqlər: Ədliyyə   Fikrət-Məmmədov  





Xəbər lenti