Fransadan Qarabağ bəyanatı - Deputat şərh edir

  Fransadan Qarabağ bəyanatı -    Deputat şərh edir
  12 Mart 2019    Oxunub:2133
“Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Fransaya səfəri və bu səfər çərçivəsində Baş nazir Eduard Filip ilə görüşməsi iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi baxımından əhəmiyyətlidir”
Bunu Azvision.az -a Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. Deputat bildirib ki, Fransa ilə Azərbaycan arasında iqtisadi, mədəni, humanitar sahələrdə çox yaxşı əlaqələr mövcuddur:

“Ancaq bununla belə əməkdaşlıq üçün böyük potensial və daha fərqli sahələr də mövcuddur. Nəzərə almaq lazımdır ki, Fransa Avropa siyasətini müəyyənləşdirən böyük beşlik adlandırılan qrupa daxil olan ölkələrdən biri və üstəlik də ATƏT-in Minsk qrupunun həm üzvü, həm də həmsədrlərindən biridir. Ona görə də belə mühüm ölkə ilə münasibətlərin yüksək səviyyədə olması daima Azərbaycanın diqqət mərkəzindədir. Elə Fransa üçün də Azərbaycan ciddi və etibarlı tərəfdaşdır”.

H.Babaoğlu qeyd edib ki, Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində 59 Fransa şirkəti fəaliyyət göstərir və onların fəaliyyəti bu ölkənin milli maraqlarını ifadə edəcək qədər irihəcmlidir: “Fransanın baş naziri ilə görüşdə dəmiryolu, kommunikasiyalar və bank sektoru ilə bağlı imzalanan sənədlər də ondan xəbər verir ki, hər iki dövlətin maraqları əməkdaşlığın dərinləşməsini tələb edir və tərəflər buna hazırdır. Heç şübhəsiz ki, Fransa qeyd etdiyimiz kimi Dağlıq Qarabağ probleminin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi ciddi bir öhdəçilik üzərinə götürüb və biz digər həmsədr ölkələrlə bərabər bu Avropa ölkəsindən də real addımlar atmasını gözləyirik".

Deputat, həmçinin Fransanın Qarabağ münaqişəsi barədə mövqeyinə münasibət bildirib: "Məhz bu gözləntiləri ifadə edən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva bildirdi ki, hazırkı status-kvo qəbuledilməzdir. Münaqişənin tənzimlənməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var və münaqişə bu qətnamələr əsasında, beynəlxalq hüququn normaları, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun müqabilində Baş nazir Eduard Filip Fransanın sülh danışıqlarına sadiq qaldığını və münaqişənin beynəlxalq hüquq çərçivəsində həllinə tərəfdar olduğunu bildirdi. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həllində çox da sadə olmayan bir mərhələdə Fransa baş nazirinin belə mövqe bildirməsi əslində ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatında səsləndirilən Helsinki Yekun aktında göstərilən milli müqəddaratı təyinetmə dövlətlərin ərazi bütövlüyü çərçivəsində baş tutmalıdır prinsipini dəstəkləmək kimi başa düşülür. Ona görə ki, bu bəyanatı qəbul edən ölkələrdən bir həmsədr ölkə kimi elə Fransadır. Bütün bunları ümumiləşdirsək görəcəyik ki, səfərin iqtisadi, mədəni, humanitar tərəfləri ilə bərabər həm də onun mühüm siyasi tərəfləri də var və bizm üçün olduqca əhəmiyyətlidir”, -deyə H.Babaoğlu vurğulayıb.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Hikmət-Babaoğlu  





Xəbər lenti