Türk Şurasına sədrlik Azərbaycana keçir

 Türk Şurasına sədrlik Azərbaycana keçir
  14 Oktyabr 2019    Oxunub:2179
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) sədrlik Qırğızıstandan Azərbaycana keçəcək.
Azvision.az xəbər verir ki, bunu Qırğızıstanın Xarici İşlər naziri Çingiz Aydarbekov deyib. Nazir XİN rəhbərlərinin Bakıda keçirilən iclasında ölkəsinin Şuraya sədrliyi çərçivəsində görülən işlərlə bağlı hesabat xarakterli çıxış edib.

O, qeyd edib ki, ötən müddət ərzində təşkilat daxilində əsasən iqtisadi, siyasi və humanitar əməkdaşlığın gücləndirilməsi istiqamətində işlər aparılıb.

Aydarbekov vurğulayıb ki, iclasda Macarıstan Respublikasına Türk Şurası Mədəni İrs Fonduna daha böyük statusun verilməsi ilə bağlı çıxış ediləcək.

XİN rəhbərinin sözlərinə görə, sammit Naxçıvan sazişinin imzalanmasının 10 illiyinə təsadüf edir: “Çox vacib haldır ki, bizim fəaliyyətimiz qarşılıqlı etimada əsaslanır. Azərbaycanın Türk Şurasının güclənməsi istiqamətində gördüyü işlər təqdirəlayiqdir”.

Aydarbekov əlavə edib ki, ötən müddət ərzində Türk Şurasının BMT-də müşahidəçi statusunun alınması istiqamətində işlər görülüb.

Xatırladaq ki, sabah Bakıda Türk Şurasının VII sammiti keçiriləcək.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası türkdilli ölkələr arasında dialoq və əməkdaşlığı təşviq etmək üçün yaradılan beynəlxalq platformadır. Şura 2009-cu il oktyabrın 3-də Naxçıvanda keçirilən sammitdə yaradılıb. Onun fəaliyyət prinsipləri 16 sentyabr 2010-cu il tarixli İstanbul Bəyannaməsində əksini tapıb. İlk mərhələdə Türk Şurasına Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan daxil olub. Bu il Özbəkistan da Türk Şurasına qoşulub.

Azvision.az


Teqlər: Azərbaycan   Türk-Şurası  





Xəbər lenti