Banklara verilən vaxt niyə uzadıldı - TƏHLİL

Banklara verilən vaxt niyə uzadıldı - TƏHLİL
  13 Dekabr 2013    Oxunub:1461
Azərbaycan Mərkəzi Bankının (AMB) ölkədə fəaliyyət göstərən banklara nizamnamə kapitallarının həcmini 50 milyon manata çatdırmaq üçün 2014-cü ilə qədər verdiyi vaxtı keçən ay uzatması qabaqcadan gözlənilən idi.

O səbəbdən ki, adı çəkilən qurumun İdarə Heyətinin 2012-ci il 25 iyul tarixdə verdiyi qərara əsasən, ölkədə bankların məcmu kapitallarının həcmini, o cümlədən yeni yaradılacaq bankların nizamnamə kapitallarının da minimum məbləğinin göstərilən müddətə kimi 50 milyona çatdırılacağı real görünmürdü.

Hərçənd, sözügedən qərardan sonra AMB rəhbərliyi vurğulamışdı ki, 2014-cü ilin yanvarın 1-inə qədər olan vaxt yetərlidir. “Biz, bu qərarı qəbul etməmişdən öncə, mövcud vəziyyəti təhlil edərək əlavə kapital üçün banklara verilən vaxtın kifayət olduğu qənaətinə gəlmişik” – deyə, AMB-in baş direktoru Rəşad Orucov o zaman bildirmişdi.

Doğrudur, keçən ilin yayında düşünmək olardı ki, göstərilən tarixədək 10 milyon manatın 5 dəfə artırılaraq 50 milyona çatdırılması çətin deyil. AMB rəhbərliyi də qeyd etmişdi ki, bu sahədə artıq 2,5 milyon manatın 4 dəfə artırılaraq 10 milyona çatdırılması baxımından, təcrübə var.
Bundan əlavə, sistem üçün əhəmiyyətli sayılan iri bankların hələ 2012-ci ilin yayında artıq 50 milyon manata sahib olduqları deyilirdi. Odur ki, yerdə qalan bankların da buna çatmaqda çətinlik çəkməyəcəkləri güman edilirdi.

Ancaq AMB-in İdarə Heyətinin 2012-ci ilin 25 iyul tarixli qərarı bank sektorunda maliyyə sabitliyi və dayanıqlıq potensialını gücləndirmək, habelə banklar tərəfindən maliyyə vasitəçiliyini artırmaq və xüsusilə də qeyri-neft sektorunu daha yaxşı şəkildə dəstəkləmək üçün verildiyindən məsələyə bəsit yanaşmaq olmazdı.

Yeri gəlmişkən, qlobal maliyyə böhranından sonra beynəlxalq maliyyə qurumları da ölkəmizdə bank və maliyyə institutlarının maliyyə sabitliyi ilə dayanıqlığını gücləndirmək məqsədilə kapitala olan tələbi artırmağı tövsiyə etmişdilər. Kapital isə bankların maliyyə dayanıqlığının mühüm göstəricisi olmaqla yanaşı, maliyyə vasitəçiliyi potensialının da formalaşmasında mühüm rol oynayır. Odur ki, təkcə qərar verməklə iş bitmir.

Söhbət əgər, bankları “ələkdən keçirməkdən” gedərdisə şübhəsiz ki, verilən vaxt yetərli idi. Ancaq biz yazmışdıq ki, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafında bank sisteminin rolu real sektor ilə nə dərəcədə əlaqəli olmasıyla ölçüldüyündən, nizamnamə kapitalının artırılması məsələnin birinci şərtidir.

İlkin kapital 50 milyon manata çatdırıldıqdan sonra banklarımızın iqtisadiyyatın real sektoruna sərbəst şəkildə sərmayə yatırmağına gəldikdə isə indiki şəraitdə bu, yenə real görünmür. O səbəbdən ki, dəfələrlə yazdığımız kimi bizdə, bu sahədə vəziyyət qənaətbəxş deyil.

Banklar iqtitsadiyyatın bütün sahələri - sənaye, kənd təsərrüfatı, hətta İKT ilə sıx əlaqədə fəaliyyət göstərməli olduqları halda bizdə yalnız əhali ilə, başqa sözlə desək, istehlak kreditləri ilə işləyirlər.

Sual yaranır ki, ölkəmizdə real olaraq hansı bank iqtisadiyyatın bu və ya digər sahəsinə sərmayə qoymaq istəyir?
Buna hazır olanı varmı? Təəssüf ki, yox...
Çünki risk sayıldığından heç bir bank buna getmək istəmir. Əhaliyə kredit verməkdə isə bütün banklar sərbəst hərəkət edir və bunda canfəşanlıq göstərirlər. Onların maliyyə vəziyyətini də bu amil müəyyən edir.

Halbuki banklar iqtisadiyyatın istənilən sahəsinə sərmayə qoymalı və bunda maraqlı olmalıdırlar. Heç bir bank yalnız istehlak kreditləri ilə güclü və sağlam maliyyə qurumuna çevrilə bilməz. Banklar öz aktivlərini real sektora investisiya nəticəsində artıra bilərlər ki, bu da onlara nizamnamə kapitallarının səviyyəsini yüksəltməyə kömək edər. Bunun üçün isə əsas etibarılə iri infrastruktur, sənaye, istehsal və xidmət layihələri maliyyələşdirilməli və aktivlər də ən çox məhz bunun sayəsində artmalıdır.

Doğrudur, AMB-in sözügedən qərarına əsasən, bankların kapitalizasiyasıyla bağlı strateji hədəfə nail olunduğu və onların kapitallarının həcmi ilə keyfiyyətinin xeyli yaxşılaşdığı deyilir. Həmçinin ötən müddət ərzində bankların məcmu kapitalının 48 % artaraq 3,2 milyard manata çatdığı bildirilir ki, əvvəl, buna nail olmaq üçün azı 4 il vaxt tələb olunurdu.

Ancaq bir cəhət var ki, AMB-in mərkəzi kreditlər üzrə uçot dərəcəsi kommersiya banklarının müştərilərə təklif etdikləri faiz dərəcələrinə təsir etrmir və borc vəsaitləri hansı şərtlərlə verilirsə, uçot dərəcəsi dəyişdirildikdən sonra da eyni qalır. Buna əsas səbəblərdən biri kimi isə ölkədə fəaliyyət göstərən bankların ümumi kredit portfelində AMB-dən alınan vəsaitlərin xüsusi çəkisinin az olması göstərilir.

Bankların nizamnamə kapitalları artdıqdan sonra əslində ölkədə kreditlər üzrə təklif olunan faiz dərəcələri də aşağı düşməli və AMB-in uçot dərəcəsi buna təsir etməlidir. Yeri gəlmışkən, hazırda ölkədə 43 bank fəaliyyət göstərir. AMB-in banklara kapitallarını 50 milyon manata çatdırmaq üçün verdiyi vaxtı 2015-ci ilə qədər uzatması onların sayını azaltmaq istəmədiyini göstərdi.

AMB sədri E.Rüstəmov da demişkən, dövlət bu yolla hər hansı bankı inzibati yolla bazardan çıxartmaq və qeyri-müəyyənliyə yol açmaq niyyətində deyil. Çünki ölkədə neçə bankın fəaliyyət göstərməli olduğu önəmli sayılmır. Məqsəd bank sisteminin iqtisadiyyatın maliyyələşdirilməsində rolunu artımaqdan ibarətdir.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:  





Xəbər lenti