Ədliyyə orqanlarında işləmək istəyənlərin nəzərinə!

Ədliyyə orqanlarında işləmək istəyənlərin nəzərinə!
  20 Noyabr 2019    Oxunub:1609
Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası bildirir ki, yerli icra və probasiya, həmçinin qeydiyyat qurumları üzrə (Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu istisna olmaqla) vakant ştat vahidlərinin hazırlıqlı hüquqşünaslarla komplektləşdirilməsi məqsədilə elan edilmiş növbəti müsabiqə üzrə oktyabrın 12-də ilk qrup hüquqşünaslarla keçirilmiş test imtahanında müvəffəqiyyət qazanmış və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanuna uyğun olaraq müsabiqənin ikinci mərhələsinə buraxılan namizədlərlə 2019-cu il noyabrın 25-dən etibarən söhbət keçirilməsinə başlanılacaq.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, müsahibə nazirliyin inzibati binasında (Bakı şəhəri, İnşaatçılar prospekti, 1 ünvanında) fərdi qaydada keçiriləcək və hər bir namizədə bu barədə elektron kabinetləri və digər informasiya vasitələri ilə əvvəlcədən məlumat veriləcək.

Xatırladırıq ki, qanunvericiliyə əsasən müsabiqənin nəticələrinə əsasən uğur qazanmış hüquqşünaslar peşə fəaliyyətinə buraxılması məqsədilə Ədliyyə Akademiyasında icbari təlimə cəlb ediləcək və təlimin yekunları üzrə imtahandan müvəffəqiyyətlə keçənlərin qulluğa qəbul məsələsi həll olunacaq.

Məlumat verildiyi kimi, hazırda nazirliyin bölgələrdəki yerli qurumlarında vakant ştat vahidlərinin komplektləşdirilməsi məqsədilə elan edilmiş müsabiqə üzrə ali hüquq təhsilli Azərbaycan Respublikası vətəndaşlarının ərizələrinin qəbulu davam edir. Arzu edənlər nazirliyin internet səhifəsindən (www.exidmet.justice.gov.az) və ya “Elektron hökumət” portalından (www.e-gov.az) “Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müsabiqədə iştirak üçün namizədin qeydə alınması” adlı elektron xidmət vasitəsilə ərizə formasını doldurmalı və təsdiq etməlidirlər. Ərizələr poçt vasitəsilə də göndərilə bilər.

Əlavə məlumatları (012) 538-01-62, (012) 538-08-85 nömrəli telefonlar vasitəsilə əldə etmək mümkündür.

Azvision.az


Teqlər: Ədliyyə-Nazirliyi   Namizəd  





Xəbər lenti