20 yaşlı Aytən namus üstündə öldürülüb? - “Qeyri-rəsmi nikahda yaşayırdı”

  25 Noyabr 2019    Oxunub : 8926
20 yaşlı Aytən namus üstündə öldürülüb? - “Qeyri-rəsmi nikahda yaşayırdı”
“Aytən əxlaqsız qadın olmayıb. Onun üzərinə belə adlar qoymasınlar. Gücü çatdığı qədər uşağına baxırdı. Həyatda qalmağa çalışırdı”.

Bunu Azvision.az -a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə qardaşı tərəfindən qətlə yetirilən 1999-cu il təvəllüdlü Aytən Fərzalıyeva ilə açıqlamasında deyib.
Onun sözlərinə görə, Aytənin anası və bacısı ailə münaqişəsi zəminində 2014-cü ildə intihar ediblər: “Atası onları ölüm həddinə çatdırmışdı. Ana və qızı özlərini 9-cu mərtəbədən ataraq intihar etmişdilər. Hadisə ilə əlaqədar həmin kişi həbs olunmuşdu. Aytənin təhlükəsizliyi nəzərə alınaraq, Yasamal Rayon Prokurorluğu onu bizim sığınacağa yerləşdirmişdi. Qız bir müddət sığınacaqda qaldı, 2 ildən sonra getmək qərarına gəldi. Bir nəfərlə qeyri-rəsmi nikahda yaşayırdı. Bir övladı dünyaya gəlmişdi. Aytən heç vaxt əxlaqsız qadın olmayıb. Biz ona gücümüz çatdığı qədər kömək etmişik. Bu işə xeyriyyəçiləri cəlb etmişdim. Onun kirayəsinə kömək edirdilər. Bundan əlavə, qida ilə təmin edirdik, uşağına qayğı göstərirdik. Düşünürəm ki, qardaşı onu aldadaraq məzarlığa aparıb və orada öldürüb”.

K. Ağazadə qeyd edib ki, əvvəllər Aytənin qardaşı ilə münasibəti olmayıb: “Bir neçə ay olardı ki, münasibətləri yaranmışdı. Aytən sevinirdi ki, qardaşı ilə arası normal olacaq. İndi bunu namus məsələsinə fırlatmaları çox pis bir şeydir. Yalan danışamasınlar. İndiyə kimi o qardaş harada idi? Bu vaxta qədər niyə bacısını qısqanmırdı. Əsgərliyə getdi-gəldi, kefini çəkdi. Sonra bacısı yadına düşdü? Aytən evlə bağlı mənə müraciətində bildirmişdi ki, ata evində onun da haqqı var. Yəqin, qardaşına da bu barədə deyib. Düşünürəm ki, qətl bundan qaynaqlanır.

Atası bir il olardı ki, həbsdən çıxmışdı. Qız onun haqqında danışmaq belə istəmirdi. Ancaq qardaşına inanırdı. Düşündü ki, qardaşı ona sahib çıxacaq. Aytən qayınanasıgilin həyətində kirayə qalırdı. İndi övladı onlardadır. Uşağın sənədlərini düzəldəcəyik. Aytənin qayınanası və baldızı söz veriblər ki, uşağın sənədlərinin düzəldilməsi üçün onu gətirəcəklər. Əlbəttə ki, onlar uşağa baxmaq, özlərində saxlamaq istəyirlər. Amma buna dövlət qərar verəcək”.

Qeyd edək ki, noyabrın 24-də 1999-cu il təvəllüdlü Aytən Fərzalıyeva qətlə yetirilib. İlkin istintaqla hadisənin onun qardaşı Babək Fərzalıyev tərəfindən Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində yerləşən məzarlıqda törədilməsi müəyyən edilib.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Qətl