Qızı qətlə yetirilən, oğlu xərçəngdən ölən aktrisa - Xalq artistinin xatirələri

Qızı qətlə yetirilən, oğlu xərçəngdən ölən aktrisa -  Xalq artistinin xatirələri
  27 Dekabr 2019    Oxunub:24056
Ötən gün Azərbaycanın Xalq artisti Nuriyyə Əhmədovanın doğum günü idi. Aktrisa yaşasaydı, 69 yaşını qeyd edəcəkdi.

Sevilən aktrisa barədə xatirələrini Azvision.az -la bölüşən Xalq artisti Həmidə Ömərova bildirib ki, onlar tək sənət yoldaşı deyil, həm də yaxın rəfiqə olublar.
"C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında aktyorluq şöbəsi açılmışdı. Nuriyyə xanım həmin şöbənin üzvü idi. Mən Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq şöbəsini bitirib gəlmişdim. Leyla Bədirbəyli, Əminə Yusifqızı, Amalya Pənahova, Nəsibə Eldarova, Nəcibə Hüseynova, Pərviz Bağırov, Eldəniz Rəsulov və başqaları da orada idilər. Hamımız o şöbədə işləyirdik. Nuriyyə ilk baxışdan mənim diqqətimi çəkdi. İri, qara, ifadəli gözləri var idi. O, bir müddət ikinci dərəcəli rolları oynadı, xarakterik obrazlar yaratdı.

Rejissor, kino rəssamı Firəngiz Qurbanova ilk dəfə onu filmində əsas rolda çəkdi. Dedi ki, mən baş rolu Nuriyyəyə verəcəyəm. Daha sonra Nuriyyə rejissor Rasim Ocaqovun diqqətini çəkdi. Rasim müəllim onu filmlərinə dəvət etməyə başladı. Əvvəlcə ikinci dərəcəli, amma xarakter rollara çağırdı. Sonra baş rollarda çəkildi. Nuriyyə çox istedadlı aktrisa idi. Azərbaycan kinosu üçün nadir xüsusiyyətləri var idi. İstənilən xarakterdə obraz yaradırdı. İstər məzəli, istərsə də kədərli rollar oynayırdı. Onun gözləri də kədərli idi. Bu da onun taleyini həll etdi".



Aktrisanın sənət yoldaşı onunla birgə qastrol səfərlərindən söz açaraq, o illəri bir daha yada salıb: "Eldəniz Zeynalov "Gəlməli, görməli, gülməli” adlı bir tamaşa qurmuşdu. Biz də qastrol səfərlərinə gedib tamaşaçılar qarşısında bu səhnələri canlı göstərirdik. Nuriyyə səfərlərimizdə iştirak edirdi. Çox gözəl yol yoldaşlığı var idi. Deməli, anam məni rayonlara getməyə qoymurdu. Bizim isə Neftçalaya qastrol səfərimiz var idi. Aktyorlarla birgə avtobusla Neftçalaya çatanda gördük ki, anam bizi maşında gözləyir. Sən demə, bizdən qabaq Neftçalaya gedib. Nuriyyə anama təsəlli verib, onu sakitləşdirdi. Deyirdi, "mən sizi başa düşürəm, gözünüzün ağı-qarası bir qızınız var, niyə onu alnamırsınız? Siz onun incəsənətə gəlməyinə icazə vermisinizsə, işləməsi üçün də imkan verin. Bizə etibar edin". Anam ona çox etibar edirdi. O, rəhmətə gedəndə Nuriyyə hər cümə axşamı bizə gəlirdi.

Mənim Nuriyyənin qızı İlahəni itirəndə gördüyüm səhnə heç vaxt yadımdan çıxmaz. Onun gözlərinin yaşı qurumuşdu, ancaq əlləri hərəkət edirdi. Əlləri çölə tərəf açılmışdı və sanki baxışları ilə deyirdi, nə edim, bundan sonra necə yaşayım? Qızının ölümündən sonra özünə çox gec gəldi. Onu xilas edən sənəti oldu. Ömrünün son illərində ən çox efirlərdə olan aktrisa idi. Danışırdı, çıxış edirdi. Elə bil evdən, dərddən qaçırdı. İnsanlarla ünsiyyətdə olurdu ki, unutsun, şən olsun. Bir dəfə çəkilişlərdən birində Nuriyyənin halı pisləşdi. Verilişi dayandırdıq. O, özünə gəldi. Nuriyyəyə dedim ki, sən mütləq müalicə almalısan".



H.Ömərova deyir ki, sonuncu dəfə mərhum aktrisa ilə ölümündən bir həftə əvvəl telefon əlaqəsi saxlayıb: "Mənə zəng edib dedi ki, nəvəm Faiqi sənə tapşırıram. Aktyorluğa ciddi marağı var. Sən onu hazırlaşdırarsan, Mədəniyyət və İncəsənət Universitetinə daxil olsun. Bu işin arxasınca getsin. Dedim, elə danışırsan ki, sanki mənimlə xudahafizləşirsən. Faiq qəbul olunacaq, universiteti bitirəcək. Son danışığımız bu oldu. O, elə adam idi ki, ən kədərli, qəmli vaxtlarında bilmək olmurdu ki, qəlbindən nələr keçir. Gözləri ağlayırdı, amma zarafatlaşırdı. Kədərinə sevinc qatırdı. Uşaqlarının dərdi o qadını aramızdan tez apardı. Məndə öz qızı ilə birlikdə sevincli baxışları olan nadir fotosu var. Şəklini tapıb kənara qoymuşam".

Qeyd edək ki, Nuriyyə Əhmədova 1950–ci ilin 26 dekabr tarixində Bakıda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsində təhsil alıb (1970–1974). İlk əmək fəaliyyətinə 1968-ci ildə Musiqili Komediya Teatrında başlayıb. Kinoya ilk gəlişi 1982–ci ildə "Mozalan" süjetlərində çəkildikdən sonra olub.



2007-ci ildə Azərbaycanın Xalq artisti fəxri adına layiq görülüb. İki övladı olub. Qızı İlahə 20 yaşında (1976–1996) qətlə yetirilib, ikinci övladı olan oğlu Əli isə 37 yaşında (1977–2014) xərçəng xəstəliyindən vəfat edib. Qız övladından Faiq İbadzadə adlı nəvəsi var.

Nuriyyə Əhmədova 10 oktyabr 2015-ci ildə kəskin ürək tutmasından Bakıda vəfat edib. Vəsiyyətinə əsasən Şüvəlan qəbiristanlığında oğlunun və qızının məzarlarının yanında dəfn olunub.



Şahanə Rəhimli
Azvision.az


Teqlər: Nuriyyə-Əhmədova   Xalq-artisti  





Xəbər lenti