“Seçkilər daha çevik deputat korpusunun formalaşmasına hədəflənib” - PA rəsmisi

 “Seçkilər daha çevik deputat korpusunun formalaşmasına hədəflənib”  -    PA rəsmisi
  16 Yanvar 2020    Oxunub:5172
"Növbəti parlament seçkiləri daha çevik, daha peşəkar və daha effektiv deputat korpusunun formalaşmasına hədəflənib".
Azvision.az xəbər verir ki, bunu Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər: seçkiqabağı təşviqat prosesində KİV-lərin rolu və vəzifələri” mövzusunda seminar-müşavirədə deyib.

Onun sözlərinə görə, Azərbaycan müstəqillik dövründə demokratik standartlara cavab verən seçkilərin keçirilməsi istiqamətində böyük təcrübə qazanıb.

PA rəsmisi bildirib ki, qarşıdan gələn parlament seçkiləri də müasir standartlara uyğun şəraitdə keçiriləcək: "Parlament seçkiləri taleyüklü siyasi proses olduğu üçün istər-istəməz bütün siyasi qüvvələr, vətəndaş cəmiyyəti institutları fəallaşır. Təbii ki, mediada bu prosesin vacib aktorlarından biridir. 24/7 informasiya mühitində yaşadığımızı nəzərə alsaq, kommunikasiya kanalları, informasiya axını artdıqca, medianın üzərinə düşən iş yükü və məsuliyyəti də bir o qədər artmış olur.

Ölkəmizdə yüzlərlə media orqanı fəaliyyət göstərir. Jurnalistlər ölkəmizdə və dünyada baş verən prosesləri yaxından izləyir, onları təhlil edir, ictimai rəyin öyrənilməsi, ictimai rəyin formalaşdırılması və idarə olunmasında fəal iştirak edirlər. Məsələn, ödənişli təşviqata 40-a yaxın KİV (30 agentlik və xəbər portalı, 9 qəzet və 1 televiziya kanalı) qoşulub. Ona görə də, seçkilər dövründə media nümayəndələri prosesləri obyektiv işıqlandırmalı, təşviqat mərhələsində hər bir namizəd üçün bərabər imkanlar yaratmalıdır".

Səadət Yusifovanın sözlərinə görə, nəzərə almaq lazımdır ki, müasir rəqəmsal texnologiyalar dövrü həm də sosial şəbəkələr, sosial media və vətəndaş jurnalistikası dövrüdür. Bu da, istər istəməz vətəndaş aktivliyini daha da stimullaşdırır.

"Ölkə əhalisinin 80%-nin internetə çıxışı vardır. Sosial tədqiqatlar göstərir ki, onlardan 60,7% internetdən xəbər mənbəyi kimi istifadə edir. 82% internet istifadəçisi isə sosial şəbəkələrdən istifadə edir. Birinci 3-lükdə Youtube (74,4%), facebook (62,2%) və instagram (58,7%) dayanır.

Göründüyü kimi artıq sosial media ictimai rəyi formalaşdıran əsas alətlərdən birinə çevrilir. Bu isə, öz növbəsində yalnız klassik medianın deyil, həm də sosial medianın cəmiyyət qarşısında sosial məsuliyyəti məsələsini qaldırır. Fəal blogerlər, səhifə adminləri cəmiyyət qarşısında məsuliyyət daşıdıqlarını başa düşməli, öz fikir və mülahizələrində, təqdimatlarında bu faktoru, o cümlədən informasiya sahəsində qanunvericiliyin tələblərini nəzərə almalıdırlar".

PA rəsmisi diqqətə çatdırıb ki, seçkilərdə iştirak etmək arzusunda olan 1774 nəfər imza vərəqələrini və digər sənədləri Dairə Seçki Komissiyalarına təqdim edib. Onlardan 300-ə yaxını 19 siyasi partiya tərəfindən irəli sürülüb.

"Sənədlərini təqdim etmiş şəxslərdən 1534-i qeydə alınaraq, seçkidə özünü sınamaq hüququ əldə etmişdir. Bu isə 1 yerə təxminən 11 nəfərin düşməsi deməkdir, alternativliyin, rəqabətin, o cümlədən seçkilərə böyük marağın göstəricisidir. Bundan başqa, təşviqat üçün 125 seçki dairəsində 270 yer ayrılıb. Seçki prosesində informasiya ilə manipulyasiya, qara PR, qanunvericiliyin tələblərinin pozulması halları da istisna deyil. Bu baxımdan, informasiya-kommunikasiya prosesində iştirak edən bütün tərəflər gündəlik fəaliyyətlərində qanunvericiliyin tələblərini rəhbər tutmalıdırlar.

Əminik ki, fevralın 9-da keçiriləcək parlament seçkiləri Azərbaycanda seçki institutunun, seçki mədəniyyətinin inkişafında uğurları ilə yadda qalacaq. Ümid edirik ki, hörmətli media nümayəndələri də öz tərəflərindən ölkəmizdə demokratiya və sosial məsuliyyət ənənələrinin daha da möhkəmlənməsinə öz töhfələrini verəcəklər".

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: SəadətYusifova   PA  





Xəbər lenti