Tural Gəncəliyev kanadalı deputatın “təbrik məktubu”na etiraz etdi
T.Gəncəliyev Harderə xatırladıb ki, Ermənistan beynəlxalq hüququn əsas prinsiplərinə, BMT və digər beynəlxalq təşkilatların qərarlarına zidd olaraq Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik ərazilərin qanunsuz işğalına davam edərkən, azərbaycanlı əhali 28 ildən çoxdur ki, etnik təmizləmə yolu ilə zorla evlərindən qovulmuş və təməl insan haqlarından məhrum edilib:
"Bu müstəvidə, 31 mart və 14 aprel 2020-ci il tarixlərində Azərbaycanın işğal edilmiş ərazilərindəki "seçki şousu"nu “legitimləşdirməyə” cəhd etmək təməl insan hüquqlarına və qanunun aliliyi prinsipinə hörmətsizlikdir. Beynəlxalq ictimaiyyət, o cümlədən Kanada, yekdilliklə qanun və ədalətin tərəfini tutaraq “seçki şousu”nu qəti şəkildə rədd etmiş, Azərbaycanla həmrəy olduğunu ifadə etmişdir.
Çox təəssüf ki, Kanada kimi insan hüquq və azadlıqlarına yüksək hörmət nümayiş etdirən bir ölkənin parlamentarisi Ermənistan tərəfindən azərbaycanlılara qarşı törədilən etnik təmizləmə siyasətinə dəstəyini ifadə etmiş, bununla da Kanadanın xarici siyasət maraqlarına və əsaslandığı dəyərlərə kölgə salmışdır.
Bir daha bəyan edirəm ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması münaqişənin dinc yolla həllinin - Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin hər iki icmasının sülh şəraitində birgə yaşaması və inkişafı yolunda səylərini əsirgəmir, bu məqsəd üçün yorulmadan çalışır. Beynəlxalq ictimaiyyət, o cümlədən Kanadada bizim haqlı mübarizəmizi dəstəkləyənlərə minnətdarlığımızı bildirir və ədalətin əleyhinə olanları isə bu yanlış yoldan çəkinməyə və Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmalarının Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü çərçivəsində birgə sülh şəraitində yaşamasına dəstək verməyə çağırırıq".
Azvision.az
Teqlər: TuralGəncəliyev