Siyavuş Novruzov: “Fazil Mustafa xalqdan üzr istəməlidir”

 Siyavuş Novruzov: “Fazil Mustafa xalqdan üzr istəməlidir”
  14 Fevral 2014    Oxunub:1879
“Fazil Mustafa bu yazısına görə təkzib verib, Azərbaycan xalqından üzrə istəməlidir”.
Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında həmkarı Fazil Mustafanı sərt tənqid edib.

AzVision.az-ın məlumatına görə, S.Novruzov Fazil Mustafanı Əkrəm Əylisli ilə müqayisə edib:

“Bir müddət əvvəl Milli Məclisin iclaslarında Əkrəm Əylislinin Azərbaycan xalqına qarşı çıxdığı amilləri özündə əks etdirən əsərini müzakirə etdik və tənqidi fikirlərimizi bildirdik. Bundan ibrət dərsi çıxartmaq əvəzinə, bəzən bizim həmkarlarımız da çaşıb Əkrəm Əylislinin yolunu tutub həmin istiqamətdə gedirlər.

Bu yaxınlarda Fazil Mustafanın “Adamyeyənlər” adlı yazısı mətbuatda dərc olundu. Görünür Fazil Mustafa da Əkrəm Əylisdən heç də geri qalmır”.

S.Novruzov bildirib ki, Fazil Mustafa vaxtı ilə Əkrəm Əylisli ilə bir yerdə oturub- durublar: “Lakin Azərbaycandakı inkişafın üzərinə bu dərəcədə qara ləkə yaxmaq, Afrikanın adam yeyənləri ilə azərbaycanlıları müqayisə etmək heç də təqdirəlayiq hal deyil”.

Millət vəkili həmçinin adıçəkilən yazıda yer alan idmançılarımızın uğursuzluqları məsələsinə də aydınlıq gətirib: “Bununla yanaşı, orada idmançılarımızla bağlı səsləndirilən fikirlərlə də razı deyiləm. Danılmaz faktdır ki, idmançılar dünyanın bir çox ölkələrində yüksək yerlərdə qərarlaşaraq, qızıl medallara sahib çıxıblar. Onun təriflədiyi Fransa komandasının futbol yığmasında 2 nəfər ağ adamdan başqa hamısı qara dərilidir. Bütün bunlardan sonra Azərbaycan oyunçularının potensialının olmamasından danışılır.

Digər bir məsələ isə yaşayış evlərinin önünə divarların çəkilməsidir. Bütün dünya ölkələrinə nəzər salsaq, bütün bu işlər insanların təhlükəsizliyi üçündür. Axı səni narahat edən nədir? Ölkəmizdəki inkişafı görməyib hansısa məktəbə girib orada duşun olmamasını qabartmaqla nəyə nail olmaq istəyirsən? Tənqidin də özünün də forması və mexanizmi var. İki bina sökülürsə, təbii ki, onun yerində yenisi inşa olunur. Bu o demək deyil ki, dövlətin vəsaiti mənimsənilir. Görünən odur ki, Fazil Mustafada afrikalılara qarşı o qədər çox həvəs yaranıb ki, yenidən Afrikaya səfər etməyə başlayıb. Düşünürəm ki. Fazil Mustafa bu yazısına görə təkzib verib, Azərbaycan xalqından üzrə istəməlidir”, - deyə Siyavuş Novruzov məsələ ilə fikirlərinə əlavə edib.



Teqlər:  





Xəbər lenti